Bakı–Naxçıvan təyyarə marşrutunun səhər reysi ilə 1 saatdan da tez mənzilə yetişib qədimdən-qədim türk torpağı üzərində son 25 ildə tamamilə yenidən qurulub gəncləşmiş bir şəhərin sübh mənzərəsinə heyranlıqla tamaşa etdik. Axşamdan yağmış qarın nazik, bəyaz örpəyi isə ayazlı fevral səhərində Naxçıvan şəhərinə əlavə bir təravət, ilıq bir əhval gətirmişdi.
“Naxçıvan” və “blokada” ifadələri Qarabağ münaqişəsinin başladığı vaxtlardan qoşa işlənir, dərhal biri digərini yada salır. Sovet dövründə Leninqradın (Sankt-Peterburq) 900 gün mühasirədə yaşaması misilsiz bir dəyanət, tarixi nadirlik kimi yozulurdu. Bu baxımdan, Naxçıvanın 35 il müddətində nəinki sərt blokadaya davam gətirməsi, əksinə, Azərbaycanın digər bölgələrindən də artıq dərəcədə yeniləşməsi, müasirləşməsi, tərəqqiyə qovuşması fenomen bir tarixdir.
1988-ci ildə erməni millətçiləri separatçı hərəkata start verəndə Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirməyə ümidli olsalar da, Azərbaycanla birbaşa əlaqəsi kəsilmiş Naxçıvanı ələ keçirəcəklərinə ikiqat əmin idilər. 1990 –1993-cü illərdə taleyinin ağır dönəmini Naxçıvanın bəlalı, köməksiz durumu ilə ortaqlaşdırmış ümummilli lider Heydər Əliyevin muxtar respublikaya rəhbərliyi üzərinə götürməsi ermənilərin bu niyyətini gözlərində qoydu.
Ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdandan sonra Naxçıvanla bağlı gerçəkləşdirdiyi kompleks layihələr blokada şəraitində də inkişaf etməyin, tarixi nailiyyətlər qazanmağın örnəyini dünyaya sərgilədi. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişafın Naxçıvan modeli konsepsiyası isə son 20 ildə muxtar respublikanın hərtərəfli tərəqqisini təmin etdi. Bu gün Naxçıvan şəhəri öndə olmaqla, muxtar respublikanın bütün yaşayış məntəqələri məşğulluğun təmin edildiyi, əksər ehtiyacların normal ödənildiyi bir məkandır.
Bütün bunlar ulu öndərin Azərbaycandan ikiqat aralı düşmüş Naxçıvanı inkişafın yüksək səviyyəsində və ehtiyac-sız görmək arzusunu Prezident İlham Əliyevin davamlı olaraq reallığa çevirməsi deməkdir. Dövlət başçısının gündəlik qayğısı, bilavasitə rəhbərliyi, vaxtaşırı səfərləri ilə müşayiət olunan bu müstəsna dövlət siyasəti Naxçıvanı Azərbaycanda yeniləşmə və tərəqqi poliqonuna çevirmişdir. Muxtar respublikaya qədəm basan hər kəs təyyarə meydanından başlayaraq Ermənistan və İranla sərhədlərin son nöqtələrinədək bu tarixi nailiyyəti öz gözləri ilə görür və heyran qalır.
Biz də bir daha gördük, sevindik, məmnun qaldıq. Görüşdüyümüz hər kəs də bu əhval-ruhiyyənin canlı timsalı idi. Dövlət başçısı İlham Əliyevin muxtar respublikada prezident idarəçiliyini tətbiq etməsi ilə başlanan inkişafın yeni mərhələsini Naxçıvan əhalisi yüksək razılıq və minnətdarlıqla qarşılamışdır. Hamı inanır ki, az da olsa, təsadüf edilən çatışmazlıq və nöqsanlar Prezidentin muxtar respublikaya səlahiyyətli nümayəndə təyin etməsindən sonra tam aradan qaldırılacaq, inkişaf daha sürətlə davam edəcək.
Səfər zamanı redaksiyanın tapşırıqlarına uyğun olaraq, Naxçıvan şəhərində “Xalq qəzeti”nin müxbir məntəqəsinin bərpa edilməsi ilə bağlı muxtar respublika rəhbərliyinin media qurumları ilə iş üzrə məsul işçiləri və ilər uzunu sıx əməkdaşlıq etdiyimiz “Şərq qapısı” qəzetinin rəhbərliyi ilə görüşüb müvafiq söhbətlər apardıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi aparatının rəhbəri Ülvi Quliyevlə görüşdə isə muxtar respublikanın həyatını, rəhbər qurumların fəaliyyətini davamlı və əhatəli işıqlandırmaq və qəzetimizin oxucu auditoriyasını genişləndirməklə bağlı zəruri məsələləri müzakirə etdik. Ali Məclisin mətbuat xidmətinin informasiya dəstəyi ilə “Şərq qapısı” qəzeti redaksiyasında yaradılan məntəqəyə bu qəzetin şöbə müdiri, son vaxtlarda “Xalq qəzeti”nin fəal müəllifi olan Səbuhi Həsənovun rəhbərlik etməsi razılaşdırıldı.
Muxtar respublikanın elmi-yaradıcı ziyalılarını 2023-cü ildə redaksiyamızın fəaliyyətində prioritet təşkil edən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ilik yubileyi, Qərbi Azərbaycana qayıdış və Cənubi Azərbaycanda soydaşlarımızın milli haqlarının təmin edilməsi mövzularında fəal əməkdaşlığa cəlb etmək üçün Heydər Əliyev muzeyinin direktoru Ramil Orucəliyev, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə görüşüb əlaqələr yaratmaq barədə məmnunluqla razılıq əldə etdik.
Sonrakı görüşlərimizdə Naxçıvanın sosial-iqtisadi həyatının yeniliklərini, ümumi uğurlarını qəzetimizdə ardıcıl və peşəkarlıqla işıqlandırmaq üçün İqtisadiyyat Nazirliyi ilə məsləhətləşmə apardıq, Biznes Mərkəzinin işi ilə tanış olduq. Son illərdə muxtar respublikada yaradılmış müasir sənaye kompleksində də olduq, bu müəssisənin Naxçıvanın və ölkənin tikinti sektoruna töhfəsi barədə yazı üçün materiallar topladıq.
Keçirdiyimiz görüşlərdə, müxtəlif əhali qrupları ilə söhbətlərdə adamların ümumi əhval-ruhiyyəsi, Naxçıvanda son dövrdə yaradılmış Prezident idarəçiliyi qurumu barədə təəssüratı, arzu və istəkləri diqqət mərkəzində oldu. Umumi qənaətimiz budur ki, muxtar respublika əhalisi ulu öndər Heydər Əliyevin arzularına uyğun olaraq və Prezident İlham Əliyevin müstəsna qayğısı ilə gerçəkləşdirilən dövlət siyasəti nəticəsində son 20 ildə Naxçıvanda əldə edilən tarixi uğurları yüksək qiymətləndirir.
İctimaiyyət, eyni zamanda, yol verilmiş neqativ halların aradan qaldırılması, muxtar respublikada sosial-iqtisadi, mədəni-humanitar inkişaf sahələrində növbəti uğurlar qazanılması, idarəçiliyin daha da demokratikləşdirilməsi, güzəranın və ictimai məmnunluğun yüksəldilməsi ilə bağlı yeni rəhbərliyin qarşısında qoyulmuş hədəfləri fəal dəstəkləyir. İctimai-siyasi həyatda və quruculuq sahəsində hökm sürən ahəngdarlıq muxtar respublikanın ümumi inkişafında başlanmış yeni mərhələnin uğurla davam edəcəyinə əminlik yaradır.
Muxtar respublikada keçirdiyimiz görüşlər, topladığımız materiallar bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar Naxçıvanın inkişafında yeni mərhələnin başlanmasına mühüm zəmin yaradıb. Bu baxımdan, muxtar respublikada idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, iqtisadi resurslardan səmərəli istifadə, özəl bölmənin tərəqqisi kimi istiqamətlər prioritetliyi ilə önə çəkilib.
Hazırda bu məsələlərin gerçəkləşdirilməsi ilə bağlı Naxçıvanda dövlət qurumları və özəl bölmənin nümayəndələrinin birgə iştirakı ilə müzakirələr aparılır, çətinliklərin həlli yolları araşdırılır. Bir sözlə, bu istiqamətdə fəaliyyət və təşəbbüslərin dəstəklənməsi ilə muxtar respublika yeni inkişaf dövrünü yaşayır. Qədim diyarda özəl sektorun genişləndirilməsini şərtləndirən qətiyyətli addımlar atılır, bu sahədə nöqsanların aradan qaldırılması məqsədilə səmərəli layihələr reallaşdırılır.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı və bundan irəli gələn strateji layihələr həyata keçirilir. Həmin layihələr çərçivəsində yaranan yeni iş yerləri iqtisadi inkişaf zəncirinin tamamlanmasını şərtləndirir. İqtisadiyyatın dayanıqlılığı və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsi üçün muxtar respublikanın zəngin resursları, dağ-mədən sənayesi, turizm, ticarət, nəqliyyat-logistika, habelə insan potensialından səmərəli istifadə olunması, biznesin müasir tələblərə uyğun gücləndirilməsi, regionun ixrac potensialının artırılması təşəbbüslərinin diqqət mərkəzində saxlanılması da qədim diyarın yaxın gələcəkdə sürətli inkişaf dinamikası haqqında aydın təsəvvür yaradır. Eyni zamanda, bu sadalananlarla bərabər, Zəngəzur dəhlizinin açılmasının Naxçıvanın mühüm nəqliyyat qovşağına çeviriləcəyi, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunun daha da artacağı inamını gücləndirir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin ötən il dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təsis edilməsi haqqında fərman imzalaması bu qədim diyarda mühüm hadisəyə çevrildi. Bu tarixi əhəmiyyətli sənəd muxtar respublikada reallaşdırılan kadr islahatlarında, dövlət idarəçiliyinin təkmilləşdirilməsində yeni dövrün başlanmasından xəbər verdi. Başqa sözlə, dövlət başçısının 22 dekabr 2022-ci il tarixli fərmanı 30 illik düşmən əsarətindən xilas olunan Qarabağ regionundan sonra Naxçıvan Muxtar Respublikasında da dövlət idarəçiliyi sistemində yeni mərhələyə keçid idi. Adıçəkilən tarixi sənəd qədim diyarın insanları, ictimaiyyət nümayəndələri, ziyalıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Ölkə rəhbəri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Nəcəflini qəbul edərkən dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına göstərdiyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən, böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunub. Həmçinin muxtar respublikaya hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrıldığı vurğulanıb.
Prezident İlham Əliyev qəbulda Fuad Nəcəfliyə insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərməsi ilə bağlı mühüm tapşırıqlarını da verib.
Qısa zamanda aidiyyəti təşkilatların nümayəndələrinin insanlara qarşı sadə, səmimi rəftarı, vətəndaşları qəbul edərək onların problemləri ilə yaxından maraqlanması, həllinə baxılması sakinlər tərəfindən yüksək qiymətləndirilir. Prezident təmsilçisinin tez-tez insanlarla bir araya gəlməsi, vətəndaşların problem və qayğılarına həssaslıqla yanaşması məhz bunun bariz ifadəsidir.
Burada bir məqamı da xatırlatmaq istərdik. Səlahiyyətli nümayəndənin fəaliyyətə başladığı ilk günlərdə naxçıvanlılara xitabən “Arxayın olun, hər şey yaxşı olacaq” deməsi də onlarda məhz Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin düzgün yerinə yetirilməsinə böyük əminlik və inam hissləri yaradıb.
Aparılan islahatlar çərçivəsində Fuad Nəcəfli Real Televiziyasına verdiyi müsahibədə söylədiyi “Naxçıvanda kiminsə kefinə görə tətbiq edilən qadağalar ləğv olunacaq” prinsipiallığı da artıq bu gün əməli təsdiqini tapır. İctimai nəzarətin gücləndirilməsi, sərnişin nəqliyyatında gediş haqqının yenidən tənzimlənməsi, ticarət mərkəzlərində alınmış mallara görə ƏDV-lərin alıcılara geri qaytarılması, inhisarçılıq hallarının tədricən aradan qaldırılması həmin fikrin bariz ifadəsi kimi diqqət çəkir.
Qəbuldan ötən qısa müddət ərzində dövlətimizin başçısının yuxarıda xatırlatdığımız tapşırıqları yol xəritəsi olaraq diqqət mərkəzində saxlanılıb, ölkə miqyasında həyata keçirilən geniş həcmli islahatlara artıq Naxçıvan Muxtar Respublikasında da böyük önəm verilib. Artıq bu istiqamətdə ciddi layihələrin icrasına başlanılıb. Məsələn, Azərbaycanın mərkəzi maliyyə qurumlarının Naxçıvanda filiallarının açılması, güzəştli kredit, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi, burada sahibkarların güzəşt və imtiyazlardan səmərəli istifadəsinə şərait yaradılması, onların Kiçik və Orta Biznesin İnkişaf, həmçinin İxracın və İnvestisiyaların Təşviqi agentlikləri kimi təşkilatlarla əməkdaşlığının qurulması, habelə başqa inkişaf və təkmilləşdirmə kimi əhəmiyyətli tədbirlər reallaşdırılıb. Sadalanan istiqamətlərdə müvafiq qurumların birgə və koordinasiyalı fəaliyyətinin təşkili nəzərdə tutulub.
Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, iqtisadi resurslardan səmərəli istifadə, özəl bölmənin inkişafı kimi istiqamətlər prioritetdir. Qeyd olunan məsələlərlə əlaqədar dövlət qurumlarının və özəl bölmənin nümayəndələrinin birgə iştirakı ilə müzakirələrin aparılması, çətinliklərin həlli yollarının tapılması, bu istiqamətdə fəaliyyət və təşəbbüslərin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində rentabelliyin artırılması, sahibkarlıq subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi, ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalının, nəqliyyat-tranzit imkanlarının artırılması, qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə ticarət əlaqələrinin gücləndirilməsi qarşılıqlı faydalı layihələrin reallaşdırılması, enerji mübadiləsi, gömrük-keçid prosedurlarının sadələşdirilməsi və s. məqsədlərə nail olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, qısa müddətdə həyata keçirilən islahatların məntiqi nəticəsi statistik göstəricilərdə də öz ifadəsini tapıb. Məsələn, bu ilin yanvar ayı üzrə muxtar respublikada vergi daxilolmaları 9 milyon 953 min manat təşkil edib və proqnoz 112,1 faiz yerinə yetirilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 1 milyon 71 min manat olub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10 milyon 209 min manat olmaqla proqnoza 119,1 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən 1 milyon 639 min manat artıq vəsait toplanıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 249 min manat olub, proqnoza 128,4 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 55 min manat olub. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 1 milyon 510 min manat təşkil edib, büdcəyə nəzərdə tutulandan 123 min manat artıq vəsait daxil olub. Ötən ay ərzində 47 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 383 fiziki şəxs qeydiyyata alınıb.
Onu da deyək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda reallaşdırılan genişmiqyaslı tədbirlər, sistemli quruculuq işləri, o cümlədən, mühüm infrastruktur layihələri, enerji təchizatı, müasir yolların, təhsil və səhiyyə obyektlərinin inşası, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması istiqamətində artıq yeni layihələrin icrasına başlanılıb. Muxtar respublikada idarəetmənin təkmilləşdirilməsi, iqtisadi potensialdan səmərəli istifadə, sosial-iqtisadi sahədə şəffaflığın artırılması, işgüzar mühitin yaxşılaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması prioritet istiqamətlər kimi önə çəkilib. Əhalidə bu sahədə həyata keçirilən nəticəyönümlü islahatlar qədim diyarımızın Azərbaycanın iqtisadi artım templərinə uyğun davamlı inkişafını şərtləndirəcəyi əminliyi yaradıb.
Naxçıvanda sosial-iqtisadi sferada müsbət dəyişikliklər yönündə görülən işlər, dövlət qurumlarının bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi həm də qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində resursların və kadr potensialının səfərbər edildiyindən xəbər verir.
Tahir AYDINOĞLU,
Vaqif BAYRAMOV, “Xalq qəzeti”
Bakı–Naxçıvan–Bakı