DAŞLAŞMIŞ ANA

post-img

– Bu mənim qızımdır – Xoca­lıda öldürüldü, bu mənim öğ­lumdur – Xocalıda öldürüldü, bu, həyat yoldaşımdır – Xoca­lıda öldürüldü, bu, nəvəmdir – Xocalıda öldürüldü, bu, ba­cımdır – Xocalıda öldürüldü, bu, qardaşımdır – Xocalıda öldürüldü, bu, qardaşımın qı­zıdır – Xocalıda öldürüldü, bu isə mənim xalamdır – Xocalıda öldürüldü... 

Otağın dörd divarı boyunca asılmış rəsmlərin hekayəsi anla­dırdı o... Xocalıda doğmalarının əksəriyyətini itirmiş qadın... Yox daha nəfəs ala bilmirəm. Dözmək o qədər çətin ki... Onun danışığı­nı bitirməsini gözləməyib otaqdan çıxıram. Pilləkənlərlə üzüaşağı sürətlə qaçıram. (Yaşamaq eşqi cox güçlü olurmuş). Bəlkə açıq ha­vada daha rahat hava ala bilərəm deyə, yıxılmaqdan da qorxmuram. 

Artıq eşikdəyəm. Nəfəsim yenə çatmır. Boğazıma düyünlənmiş kədər nəfəs çəkməyə qoymur. Arxamca qacan Cəmilə Babayeva (o zaman Trend.az-ın əməkdaşı) ürək dərmanlarımı yetişdirir... Ya­vaş-yavaş özümə gəlirəm. Amma, hələ də xocalılı qadının sözlərinin təsiri altındayam... Necə ola bilər ki, bu qədər acını belə asan, sanki heç bir şey olmamış kimi danış­maq mümkün olsun? Onun donuq üzü gözlərimin önündən çəkilmir... Sərt səsi qulaqlarımda əks-səda verir... Danışarkən bircə dəfə belə səsi titrəmədi... 

Anaya heyrət etmişdim. Öncə ona yaman hirslənmişdim də. Acı­sını söyləyəndə səsi bir az titrəsəy­di, gözləri bir az yaşarsaydı, mən də ona qoşulardım. Amma o, ağ­lamamışdı, mən də onu üzməyim deyə, göz yaşlarımı qəlbimə axıt­mışdım. Yaşam üçün çarpışarkən hətta onu qınamışdım da ki, bu, nə daşürəlilikdir?! 

Sonra... Sonra anladım ki, onun göz yaşlarını qurutmuşlar... Onun qəlbini dondurmuşlar... Ona dərdini sanki rəqs edirmiş kimi, əlini-qolunu oynatmaqla anlatmağı yaşatmışlar... 

Əzab onun üzündə bomboz rəngdə donub qalmışdı... Acının dili ilə danışırdı o ana... O, daşlaş­mışdı. Daşa dönmüşdü... 

Acının dili... dəli qəhqəhələr... hönkürtülər... çılğınlıq... çarəsiz­lik... qavramsızlıq... sükünət... lal üsyan... kədərin boğaza tıxanma­sı... donuqluq... 

Acının rəngi... Qapqara... Bom­boz..,

 

Əsli XƏLİLQIZI, 

Türkiyə, Kayseri

Qan yaddaşı