Hərbi ekspert: Bu qələbəyə Ali Baş Komandanın rəhbərliyi ilə nail olduq

post-img

Birinci Qarabağ savaşında silah-sursat çatışmazlığı, döyüşlərin təşkilindəki problemlər, müxtəlif kənar müdaxilələr və bu kimi sıxıntılar təhlil edilərək, İkinci Qarabağ müharibəsində ciddi və böyük bir hərbi əməliyyat ortaya qoyuldu. Birinci Qarabağ müharibəsində iki nəfərə bir avtomat düşürdü, kiçik çaplı silahlar belə çatışmırdı. İkinci Qarabağ müharibəsində isə belə bir vəziyyət görmədik. Qüvvələrimizin silah-sursat, ərzaq kimi təminatları yüksək səviyyədə idi. Bütün bunların fonunda dünyaya örnək olan II Qarabağ müharibəsi parlaq Qələbəmizlə yekunlaşdı. 

Bu fikirləri “Xalq TV”nin efirində, Rizvan Fikrətoğlunun təqdimatında yayımlanan “Atəş gücü” verilişində qonaq olan hərbi jurnalist Rahib Qərib səsləndirib.

Rahib Qərib bildirib ki, ümumilikdə cəmiyyət, bütöv bir xalq olaraq mənəvi-psixoloji cəhətdən müharibəyə hazır idik: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatlarının “yüz ölçülüb, bir biçilməsi” prinsipi ilə bu Qələbəyə nail olduq. İllər ərzində müdafiə sənayesi müəssisələrini yaratmaqla silah-sursat təchizatı lazımi səviyyəyə qaldırıldı. Barıt istehsalından böyük silahların istehsalına kimi hərbi vasitələri özümüz istehsal etdik. Qələbəmizlə bitən 44 günlük müharibə dünya hərb tarixinə inqilabi hadisə kimi düşdü və illər keçsə də, beləcə xatırlanacaq”.

Hərbi jurnalist müharibədə Qələbə qazanmağımızda xüsusi təyinatlı qüvvələrin böyük rol oynadığına da toxunub: “Odda yanmaz, suda batmaz xüsusi təyinatlılarımız istənilən hava şəraitində rahatlıqla dağları, qayaları aşaraq, maneləri dəf edərək düşməni əzə bilirlər. Eynilə Şuşanın azad olunmasındakı kimi, iriçaplı silahlardan istifadə edilmədən”. 

“Xalq qəzeti”

Ordu