“İlk gündən gücləndirilmiş iş rejimində işləyirik”

post-img

“Təəssüflər olsun ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ maddi və mənəvi olaraq ölkədə böyük itkilərə səbəb oldu, 10 minlərlə insanın həyatına son qoyuldu. Azərbaycanlı vətəndaşlarımızın da itkisi oldu. Bu, doğrudan da, çox böyük fəlakətdir”. Azərbaycanın Qars baş konsulu Nuru Quliyev “Xalq qəzeti”nin Türkiyədəki əməkdaşına bu açıqlamasının davamında bildirdi:

– Bu ağır günlərində Azər­baycan ənənəvi olaraq qardaş Türkiyəyə ilk əl uzadan ölkə olub. Ölkə başçısı cənab İlham Əliyevin zəlzələ baş verən ilk andan verdiyi müvafiq tap­şırıqdan sonra Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məm­mədovun koordinasiyası ilə Türkiyənin bütün bölgələrində yerləşən Azərbaycan konsulluq­ları gücləndirilmiş iş rejiminə keçdi: “Səfirlik mərkəz olmaqla bütün baş konsulların hərəsi bir istiqamətdə fəaliyyətə başladı. Qars baş konsulluğu olaraq, bizim əsas fəaliyyətimiz təxliyəsi nəzərdə tutulmuş vətəndaşlarımızın Azərbaycana keçidlərini təmin etmək idi. Çünki onların böyük əksə­riyyətinin sənədləri yox idi. Onları şəxsiy­yətini təsdiq edən sənədlərlə təmin etdik və sərhəd-keçid məntəqəsindən təxliyələrinə dəstək verdik. Onu da deyim ki, əməkdaşla­rımız zəlzələ baş verən ilk gündən sərhəd-ke­çid məntəqələrində fəaliyyət göstərirlər və hələ də bu fəaliyyətləri davam etməkdədir”.

Nuru Quliyev bundan əlavə baş kon­sulluq olaraq həm şəxsi, həm də yaxın dostların köməyi ilə Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım kampa­niyasına qatıldıqlarını da bildirdi: “Böyük miqdarda ehtiyac olan ləvazi­matları zəlzələ baş verən böl­gələrə göndərdik”.

Digər bir önəmli məsələ­də – Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə Azərbaycandan gələn humanitar yük qatarını qəbul etməkdə də Qars baş konsulluğunun xidməti olub. 

Nuru Quliyev açıqlama­sında bu məsələyə də toxun­du: “Vali, yerli bələdiyyə sədri, jandarma komutanlığı və Qars baş konsulluğunun iştirakı ilə qatarı Qars dəmir yolu stansiyasında qəbul etdik və Kayseriyə yola saldıq ki, humanitar yardım zəlzələ baş verən bölgələrə avtonəqliyyat vasitəsilə nəql edilsin. Bu humanitar yük qatarının Azərbay­can tərəfindən göndərilməsi də çox böyük təqdirlə qarşılandı”. 

Nuru Quliyev onu da əlavə etdi ki, Azərbaycanla Türkiyə arasında yük qa­tarları artıq mütəmadi olaraq fəaliyyət göstərir: “Sərnişin qatarlarının fəaliyyətə başlaması pandemiya dönəmindən öncə göz­lənilirdi, amma məlum pandemiya səbəblə­rinə görə gecikdi”.

 

M.SULTANOVA

Ankara

Müsahibə