Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan fevralın 27-də Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb. Azərbaycan tərəfinin Ermənistanla bağlı təqdim etdiyi Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər işğalçı dövlətin ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə respublikamızın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə, düşmən ölkədən təzminat və maliyyə kompensasiyası tələbi öz ifadəsini tapıb.
Məlumatda bildirilir ki, Ermənistan uzun müddət ərzində işğal etdiyi Qarabağ bölgəsindəki enerji resurslarımızı talayıb. Bununla da milli enerji siyasətimizə ciddi zərbə vurub və respublikamızın enerji ehtiyatlarını inkişaf etdirmək imkanının qarşısını alıb. Beləliklə, düşmən dövlət tərəfindən Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəaları və beynəlxalq hüququn fundamental prinsipləri pozulub.
Yeri gəlmişkən, adıçəkilən müqaviləyə uyğun olaraq Azərbaycanın Ermənistana qarşı dövlətlərarası iddiasının əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının işğalçı tərəfindən qanunsuz istismarı təşkil edir. Xatırladaq ki, Qarabağ bölgəsində respublikamızın daxili su ehtiyatlarının 25 faiz cəmlənməsi nəticəsində bu ərazi su elektrik enerjisi istehsalı üçün optimal məkana çevrilib.
Burada diqqəti Xarici İşlər Nazirliyinin sözügedən məlumatında yer alan digər bir məqama yönəltmək istərdim. Orada Ermənistanın qeyri-qanuni istismar etdiyi hidroenergetika obyektləri sırasında Tərtərçayın üzərində yaradılan Sərsəng su anbarında yerləşən Tərtər su elektrik stansiyası (SES) da yer alıb. Eyni zamanda Ermənistanın Azərbaycan ərazisinin işğalı zamanı – 1994-cü ildə Sərsəng su anbarı və Tərtər SES-i də ələ keçirdiyi vurğulanıb. Bununla kifayətlənməyən düşmən dövlət işğal zamanı respublikamızın suveren ərazisində 40-a yaxın əlavə icazəsiz su elektrik qurğusu yaradıb.
Qeyd edək ki, Sərsəng su anbarı Qarabağ ərazisində 1976-cı ildə 12 kilometr uzunluğu olan Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və tutumu 565 milyon kubmetr olaraq regionun ən iri su hövzəsidir. Bəndin hündürlüyü isə 125 metrdir. Bu obyekt bəndinin hündürlüyünə görə, respublikamızda ən yüksək su anbarıdır.
İnfrastruktur 120 min hektar ərazinin suvarılması üçün layihələndirilib. Burada gücü 50 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası (SES) quraşdırılıb. Tərtər çayının yığıldığı belə bir nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallarla vaxtilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının, ümumilikdə, 78 min hektar əkin sahəsi suvarılıb.
Onu da qeyd edək ki, 2020-ci il oktyabrın 3-də düşməndən azad olunaraq adı özünə qaytarılan Suqovuşan, eləcə də Sərsəng su anbarının bəndi iyirmi ildən artıq bir müddətdə tam baxımsızlıq üzündən aşınmalara məruz qalıb, texnogen qurğuların əksəriyyəti sıradan çıxıb və hazırda burada təhlükəli bir vəziyyət yaranıb. Beləliklə, istənilən vaxt baş verə biləcək təbii hadisə və ya hər hansı bir təxribat nəticəsində bənd dağılmaq təhlükəsi ilə üzləşib.
Mütəxəssislərin fikrincə, Sərsəng su anbarının hər hansı bir formada qəzaya uğraması və ya hər hansı bir təxribat nəticəsində partladılması Azərbaycan xalqının və torpaqlarının önəmli bir hissəsinin böyük zərərlə üzləşəcəyinə səbəb ola bilər. Buna görə də Sərsəng su anbarının mövcud vəziyyəti araşdırılaraq dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq bir komissiya yaradılmasına ciddi ehtiyac duyulur.
İşğaldan sonra anbardan buraxılan suyun nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Ekspertlərin fikrincə, Sərsəng su anbarının yerləşdiyi müəyyən ərazilər düşməndən təmizlənərsə, digər torpaqların da su ilə təminatı qaydaya düşə bilər. Buna görə də Sərsəng–Tərtər hidroelektrik kompleksinin normal işləməsi üçün Tərtər sağ sahil magistralın və ikinci dərəcəli kanalların keçdiyi ərazilər tam şəkildə işğaldan azad edilməli və ərazilər minalardan təmizlənməlidir. Bu məsələdə infrastruktura lazımi texniki xidmətin göstərilmədiyi, avadanlıqların köhnəldiyi də nəzərə alınarsa, kompleksin texniki vəziyyətinin yoxlamadan keçirilməsinə və modernləşdirmə işlərinin aparılmasına ciddi ehtiyac var.
Xatırladaq ki, Vətən müharibəsindən sonra Qarabağ bölgəsində mövcud 36 SES-dən 30-u Azərbaycanın nəzarətinə keçib. Amma savaşdan əvvəl həmin SES-lərdə istehsal olunan enerji həm də Ermənistana ixrac edilərək düşmən ölkənin elektrik enerjisi tələbatının təxminən 7 faizini təmin edib.
Tərtər SES-in istehsal etdiyi elektrik enerjisi ilə yanaşı, digər əlavə icazəsiz qurğuların hasilatı da Ermənistana “ixrac mənbəyi” kimi müəyyənləşdirilmişdi. Ermənistan Azərbaycana məxsus su elektrik enerjisi ehtiyatlarının qeyri-qanuni istismarını asanlaşdırmaq üçün keçmiş işğal olunmuş ərazilərdən işğalçı ölkəyə elektrik enerjisinin paylanmasının “vahid sistemi”ni yaratmış, “gündəlik elektrik enerjisi istehsalının həcmini Ermənistan ərazisindən tənzimləyib” və bölgənin mövcud qurğularını istismar etmək üçün enerji şirkətlərinə saxta “lisenziyalar” vermişdi.
İşğal zamanı Ermənistan, eyni zamanda İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə, Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar edib.
Nəhayət, Ermənistan Azərbaycan ərazisində əlavə enerji infrastrukturu qurmaqla ölkəmizin hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb. Məsələn, Ermənistan işğal olunmuş ərazilərlə “birbaşa həyat xətti” kimi təsvir edilən və işğalçı dövlətin təhlükəsizliyində “əhəmiyyətli rol” oynayacaq yeni kömür-nəqliyyat magistralının tikintisini maliyyələşdirib.
Ermənistan, həmçinin Azərbaycanda Yevlaxı Naxçıvan ilə birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğularını sıradan çıxarıb. Beləliklə, işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilib.
Yazının əvvəlində qeyd edilən arbitraj prosesinin məqsədi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqq-ədaləti və işğalçının təzminat ödəməsini təmin etməkdir.
Bu yerdə bir məqamı da xatırlatmaq yerinə düşər. Vətən müharibəsi zamanı düşmən Azərbaycan ərazisində strateji əhəmiyyətli beynəlxalq neft və qaz kəmərləri, habelə Bakı–Tbilisi–Qars dəmir yolu üçün təhlükə yaratmaqla yanaşı, respublika enerji infrastrukturunu da məhv etməyi də qarşıya əsas qoymuşdu. Mingəçevir şəhərinə atılmış ballistik raket Cənubi Qafqazda ən iri su anbarında, hidroenergetika kompleksində yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının binasının bilavasitə yaxınlığında yerə düşmüşdü.
Beləliklə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkəmizə dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyənləşdirilməsi məqsədilə aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir.
Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana külli miqdarda maddi və mənəvi zərər dəyib. Bu zərərin miqdarının dəqiqləşdirilməsi və onun ödənilməsi probleminin həlli bütövlükdə Ermənistan–Azərbaycan münaqişəsinin tənzimlənməsinin mühüm aspektlərindən biridir. Belə ki, beynəlxalq hüquqa görə, məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”