“Təəssüflər olsun ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ maddi və mənəvi olaraq ölkədə böyük itkilərə səbəb oldu, 10 minlərlə insanın həyatına son qoyuldu. Azərbaycanlı vətəndaşlarımızın da itkisi oldu. Bu, doğrudan da, çox böyük fəlakətdir”. Azərbaycanın Qars baş konsulu Nuru Quliyev “Xalq qəzeti”nin Türkiyədəki əməkdaşına bu açıqlamasının davamında bildirdi:
– Bu ağır günlərində Azərbaycan ənənəvi olaraq qardaş Türkiyəyə ilk əl uzadan ölkə olub. Ölkə başçısı cənab İlham Əliyevin zəlzələ baş verən ilk andan verdiyi müvafiq tapşırıqdan sonra Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun koordinasiyası ilə Türkiyənin bütün bölgələrində yerləşən Azərbaycan konsulluqları gücləndirilmiş iş rejiminə keçdi: “Səfirlik mərkəz olmaqla bütün baş konsulların hərəsi bir istiqamətdə fəaliyyətə başladı. Qars baş konsulluğu olaraq, bizim əsas fəaliyyətimiz təxliyəsi nəzərdə tutulmuş vətəndaşlarımızın Azərbaycana keçidlərini təmin etmək idi. Çünki onların böyük əksəriyyətinin sənədləri yox idi. Onları şəxsiyyətini təsdiq edən sənədlərlə təmin etdik və sərhəd-keçid məntəqəsindən təxliyələrinə dəstək verdik. Onu da deyim ki, əməkdaşlarımız zəlzələ baş verən ilk gündən sərhəd-keçid məntəqələrində fəaliyyət göstərirlər və hələ də bu fəaliyyətləri davam etməkdədir”.
Nuru Quliyev bundan əlavə baş konsulluq olaraq həm şəxsi, həm də yaxın dostların köməyi ilə Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına qatıldıqlarını da bildirdi: “Böyük miqdarda ehtiyac olan ləvazimatları zəlzələ baş verən bölgələrə göndərdik”.
Digər bir önəmli məsələdə – Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə Azərbaycandan gələn humanitar yük qatarını qəbul etməkdə də Qars baş konsulluğunun xidməti olub.
Nuru Quliyev açıqlamasında bu məsələyə də toxundu: “Vali, yerli bələdiyyə sədri, jandarma komutanlığı və Qars baş konsulluğunun iştirakı ilə qatarı Qars dəmir yolu stansiyasında qəbul etdik və Kayseriyə yola saldıq ki, humanitar yardım zəlzələ baş verən bölgələrə avtonəqliyyat vasitəsilə nəql edilsin. Bu humanitar yük qatarının Azərbaycan tərəfindən göndərilməsi də çox böyük təqdirlə qarşılandı”.
Nuru Quliyev onu da əlavə etdi ki, Azərbaycanla Türkiyə arasında yük qatarları artıq mütəmadi olaraq fəaliyyət göstərir: “Sərnişin qatarlarının fəaliyyətə başlaması pandemiya dönəmindən öncə gözlənilirdi, amma məlum pandemiya səbəblərinə görə gecikdi”.
M.SULTANOVA
Ankara