Baxın, gülün və düşünün...

post-img

YARAT Müasir İncəsənət Məkanı çoxdan idi belə premyera görməmişdi. Təqdimatına ölkənin tanınmış sənətkarlarının, rəsmilərinin, sahə mütəxəssislərinin, media mənsublarının, eləcə də kinomanların yığışdığı film iki il bundan əvvəl prokata hazır olsa da, geniş auditoriya onunla indi tanış olurdu. Söhbət 2022-ci ilin noyabrında Türkiyənin Bursa şəhərində keçirilən II Dədə Qorqud Türk dünyası film festivalında Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” bədii filmindən gedir. Həmin kinofestivalda filmin müəllifi “Türk dünyasının ən yaxşı rejissoru” mükafatına layiq görülüb. Münsiflər heyətinin, ümumilikdə, 13 ölkədən 42 film arasından məhz bu filmi seçməsi tam ədalətli olub. 

Premyeradan sonra – yeddi ay əvvəl Bursada münsiflərin gəldiyi qənaətin tə­sadüf olmadığını tam əminliklə söyləyə bilərik. Birinci Qarabağ müharibəsindən sonra lentə aldığı, qarşıdakı qələbəmizi müjdələyən “Fəryad”, “Hər şey yaxşı­lığa doğru” filmlərinin müəllifinin yeni ekran əsəri bir növ əvvəlkilərin mən­tiqi davamıdır. Zəfərimizlə başa çatan Vətən müharibəsindən bəhs edən, tra­gikomediya janrında lentə alınmış, üç dildə (azərbaycan, rus, erməni) səslən­dirilmiş yeni “Həyat, deyəsən, gözəldir” filminin müəllifi Vaqif Mustafayev bunları bizə ilk baxışdan öncə söylədi: “Filmdə söhbət heç də bu və ya digər millətdən getmir. Motiv odur ki, bəzi neqativ qüv­vələr o yazıq milləti hara aparır? Bəd­bəxtliyə doğru aparır. Onlara “Böyük Ermənistan” xəyalı, “Dənizdən-dənizə” qədər lazım idi? İnanın, bu filmi çəkən­də heç janrı düşünməmişəm. Həyatda necədirsə, filmdə də elədir”. 

“Həyat, deyəsən, gözəldir” bədii fil­minin yaradıcı və texniki heyətini səh­nəyə dəvət edən V.Mustafayev onların haqqında minnətdarlıq dolu ürək söz­lərini dilə gətirdi və zəhməti keçmiş hər kəsə təşəkkürünü bildirdi. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradzenin çəkildi­yi filmin rejissoru Orxan Abbasov, rəssa­mı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məm­mədli, prodüseri isə Fariz Əhmədovdur. 

Yeni ekran əsəri və onun müəlli­fi haqqında söz demək üçün səhnəyə qalxan Mədəniyyət Nazirliyinin Kinema­toqrafiya şöbəsinin müdiri Rüfət Həsə­nov xalqın yaddaşında, mədəniyyət tarixində bu sahəyə rəhbərlik edən mə­murların deyil, əsl sənətkarların qala­cağını, kinorejissor Vaqif Mustafayevin də məhz belə ustadlardan biri olduğunu söylədi. 

Azərbaycan Respublikası Kinema­toqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova bu il milli kino­muzla bağlı bütün tədbirlərin Heydər Əliyevin 100 illik yubileyinə həsr edildi­yini xüsusi olaraq vurğuladı. İki il əvvəl ssenarisini oxuduğu ekran əsərinə indi ilk dəfə baxacağını deyən Ş.Məmmə­dova vaxtilə Moskvada dahi rejissor Eldar Ryazanovun kursunu bitirmiş V.Mustafayevin tragikomediyanın yeni, bənzərsiz çalarlarını milli kinomuza gə­tirən istedadlı rejissor olduğunu əmin­liklə ifadə etdi və ona yeni yaradıclıq uğurları dilədi. Xalq artısti, kinorejissor Oqtay Mirqasımov V.Mustafayevin bu­günədək qazandığı sənət uğurlarından söz açaraq, onu Azərbaycan kinosunda özünəməxsus dəst-xətti, yolu və yeri olan maestro saydığını fəxrlə vurğuladı.

“Bu film bədnam qonşularımızın, er­məni cəmiyyətinin xəstə ruhunun bütün məziyyətlərini açıb göstərməyə xidmət edir”, – deyən Əməkdar mədəniyyət iş­çisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəftər Hüseynov əsərin müəllifini milli kinematoqrafiyada yeni cığır açmış us­tad adlandırdı. 

…Sonra premyera başladı. Tragiko­mediya janrında çəkilmiş, sürrealist üs­lubun da boy verdiyi filmin tamaşaçının vətənpərvərlik duyğusunu coşduran, milli kimliyini qürurlandıran epizodları zalın alqışları ilə müşayiət olunur, yerlər­dən “Bravo!” sədaları yüksəlirdi. Kifayət dərəcədə ideoloji yükə malik olmasına baxmayaraq, müəllif müharibənin acı gerçəkliyinə söykənən, hərdən seyrçi ilə qəhrəmanlarının bədən dilində danışan, metafora ilə süslənən, süjet boyu ironi­ya və gülüşün simbiozunu sərgiləyən ekran əsərinin finalında erməni qəh­rəmanını işığa, Günəşə doğru aparır. Axı Günəş yalnız işiğın, istinin mənbəyi deyil, həm də hər şeyin yaxşılığa doğ­ru dəyişəcəyinə ümidlərin, nikbinliyin, gözəlliyin rəmzidir. Deyəsən, həyat da məhz buna görə çox gözəldir…

P.S. Bursa kinofestivalında qəbul edilmiş yekdil qərara əsasən, III Dədə Qorqud Türk dünyası film festivalı 2023-cü ildə Türk Dünyasının Mədəniy­yət Paytaxtı elan olunmuş Şuşa şəhə­rində keçiriləcək. 

 

İ.HƏSƏNQALA,
“Xalq qəzeti”





Mədəniyyət