Balaca kişilər cavan kişilər, Dar gündə vətənə həyan kişilər...

post-img

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çoxdandır gözlənilən “Balaca kişilər”in Premyerası baş tutdu. 

Yazıçı, şair İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərində Vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, sonda onu nə gözləyəcəyini bilmədən döyüşə gedən, qazi olaraq həyatının sonuna kimi şikəst qalmağı gözə alan, sevdiklərini, ailəsini geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olan  igid gənclərimiz yer alır. Çox adamın bəyənmədiyi, ağız büzdüyü o “balaca kişilər” 30 il boyunca hamı tərəfindən səsləndirilən “lazım gəlsə döyüşməyə hazıram” ifadəsinin həm doğru olduğunu, həm də bu sözün bütün kişilərə aid olmadığını bir daha sübut etdilər. Göstərdilər ki, onlar heç də yalnız əllərində telefon gəzdirərək, sərgərdan gənclik həyatı yaşamayıb, qəlblərində Vətən eşqi, Qarabağ yanğısı ilə bu günün gəlişini səbrsizliklə gözləyiblər. 

44 günlük savaşdan bəhs edən tamaşada gənc əsgərlər cəbhənin ən təhlükəli yerində döyüşürlər. Səngərin o tayında olan yağı düşmənlə mübarizə aparır, Vətənin azadlığını, torpaqlarımızın bütövlüyünü qorumağa çalışırlar. 

Əsərdə gənc qəhrəmanlarla yanaşı tarixi personajlar da yer alır. Onlar arasında Gəncə xanlığının sonuncu hökmdarı Cavad Xan, Səfəvilər dövlətinin banisi və ilk şahı Şah İsmayıl Xətai və digər tarixi şəxsiyyətlər də var. Onların ruhu hələ də doğma diyarda - Qarabağda dolaşır və gənc döyüşçüləri yenilməz əzmkarlıqla düşmənlə mübarizəyə səsləyir.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Araz Pirimov, Bəhram Əliheydər, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev ifa edirlər.

Qeyd edək ki, İlqar Fəhminin “Balaca kişilər” poeması II Qarabağ Müharibəsi dövründə ərsəyə gəlib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Vətən müharibəsi” mövzusunda elan etdiyi müsabiqədə əsər münsiflər heyəti tərəfindən qalib elan olunub.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”





Mədəniyyət