Bakı–Qəbələ–Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb

post-img

Bu gün saat 08:00-da Bakı Dəmiryol Vağzalından Bakı–Qəbələ–Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb. Qatar mənzil başına saat 11:20-də çatacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) qəzetimizə bildirilib ki, 309 km uzunluğunda olan Bakı–Qəbələ–Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli sürət­li sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

Xatırladaq ki, Qəbələ Dəmiryol Vağzalı və Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun açılışı ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci ilin mayın 15-də baş tutub.

Hərəkət cədvəlinə gəlincə, qatar həftə sonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzil başına çatacaq. Qəbələ–Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağza­lına saat 22:20-də çatacaq.

 

“Xalq qəzeti”

Son xəbərlər