Milli Azərbaycan Tarix Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov Qazaxıstanın Milli Elmi və İnnovativ Tədqiqatlar Akademiyası (NACSIR) tərəfindən elm və təhsil müəssisələri arasında təşkil olunan "İlin ən yaxşı tədqiqatçısı – 2026" beynəlxalq müsabiqəsinin qalibi seçilərək I dərəcəli diplomla təltif edilib.
XQ xəbər verir ki, Ə.Fərhadov Astanada çıxan nüfuzlu "Science and Education: Modern Time" beynəlxalq elmi jurnalında yer alan tədqiqat işinə görə bu mükafata layiq görülüb. Rus dilində dərc olunan məqalə "V.V.Bartoldun yaradıcılığında türk-İslam tarixinə baxış ("Müsəlman mədəniyyəti" əsəri əsasında)" mövzusuna həsr edilib. Tədqiqat işində İslam mədəniyyətinin ərəb, fars və türk xalqlarının birgə yaradıcılığının məhsulu olduğu sübut edilir. Avropa tarixşünaslığındakı mənfi stereotiplər təkzib olunaraq, türklərin Abbasilər dövründən başlayaraq İslam sivilizasiyasındakı qurucu və hərbi-inzibati rolu ön plana çıxarılır. Məqalədə Əl-Fərabi, İbn Sina, Nəsirəddin Tusi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Əlişir Nəvai kimi dahi şəxsiyyətlərin dünya elminə və ədəbiyyatına töhfələri təhlil edilir. Həmçinin Səlcuqlu, Teymuri, Osmanlı, Baburlu və Səfəvilər kimi dövlətlərinin regionda siyasi sabitlik və mədəni yüksəlişdəki rolu elmi əsaslarla şərh olunur. Araşdırmada türkiyəli alim Mehmed Fuad Köprülünün Bartold yaradıcılığına baxışı xüsusi təqdim edilib.
Qeyd edək ki, Ə.Fərhadovun bu tədqiqat işi Azərbaycan tarix elminin beynəlxalq arenada təbliği və türk-İslam mədəniyyətinin düzgün interpretasiyası baxımından böyük əhəmiyyət kəsb edir.


