Qlobal təhlükəsizliyə yeni zərbə
ABŞ və İran arasında münasibətlərdə paralel şəkildə həm eskalasiya, həm də dialoq cəhdlərinin müşahidə olunması regionda qeyri-müəyyənliyi artırıb. Hörmüz boğazı ətrafında yaranan təhlükəli dinamika qlobal ticarət və enerji təhlükəsizliyi baxımından vəziyyəti beynəlxalq gündəmin mərkəzinə daşıyıb. Xarici medianın məlumatlarından görürük ki, vasitəçi ölkələrin fəallaşması və razılaşma ümidlərinin qorunması böhranın idarəolunan mərhələdə saxlanılmasına hesablanıb.
“The Wall Street Journal”: Həm İran, həm də ABŞ tərəfinin sərt bəyanatlarına baxmayaraq, diplomatiya qapıları açıq qalır. Qəzet, həmçinin qeyd edib ki, region ölkələri gərginliyi cilovlamaq və gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmağa çalışır.
“Reuters”: ABŞ-də İranın qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtikarın oğlu İsa Haşimi saxlanılıb və daimi rezident statusundan məhrum edilib. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. Məlumata görə, Haşimi ilə birlikdə onun həyat yoldaşı və oğlu da saxlanılıb. Hazırda onlar deportasiya edilməyi gözləyirlər. Dövlət Departamentindən bildirilib ki, onlar 2014-cü ildə ABŞ-a gəliblər, 2016-cı ildə “Green card” alıblar.
“BBC”: ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri Hörmüz boğazının blokadası ilə yanaşı, İrana məhdud hərbi zərbələrin bərpası imkanını araşdırırlar. Bu, Trampın Pakistandakı danışıqların fiaskoya uğramasından sonra, aprelin 12-də nəzərdən keçirdiyi variantlardan biridir. Qeyd edilir ki, Tramp genişmiqyaslı bombardman kampaniyasına qayıda bilər. Amma bu, regionda qeyri-sabitliyin artması riski və prezidentin uzunmüddətli hərbi münaqişəyə cəlb olunmaq istəməməsi səbəbindən ən az ehtimal olunan variant sayılır.
“Mehr”: İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını blokadaya almaqla bağlı təhdidini "absurd və gülünc" adlandırıb. Onun sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələri ABŞ Silahlı Qüvvələrinin regiondakı bütün hərəkətlərini nəzarətdə saxlayır.
“Tasnim”: İran ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə tam qadağa qoyur. Bunu İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bəyan edib: “Düşmən gəmilərinin Hörmüz boğazından keçmək hüququ yoxdur və olmayacaq, digər gəmilər isə İran İran Silahlı Qüvvələrinin qaydalarına riayət etməklə əvvəlki kimi boğazdan keçmək hüququna malikdir”, - o bildirib.
“Al Jazeera”: İsrail Müdafiə Ordusu Livanın cənubunda radikal "Hizbullah" qruplaşmasının hərbi infrastrukturuna qarşı quru əməliyyatlarını genişləndirir. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Mətbuat xidməti bildirib ki, İsrail ordusu Livanın cənub bölgəsində qruplaşmanın 100-dən çox üzvünü öldürüb, "Hizbullah"ın onlarla infrastruktur obyektini sıradan çıxarıb və yüzlərlə müxtəlif növ silah aşkar edib.
“IRNA”: İranın xarici işlər naziri Abbas Əraqçi səudiyyə ərəbistanlı həmkarı Feysal bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb. Danışıq zamanı tərəflər regiondakı hadisələri, İslamabad danışıqlarını müzakirə ediblər.
“Axios”: Misir, Pakistan və Türkiyədən olan vasitəçilər yaxın günlərdə ABŞ və İran arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq və aprelin 21-də atəşkəs razılaşmasının müddəti bitənədək sülh sazişinə nail olmaq məqsədilə danışıqların yeni raundunu təşkil etməyi planlaşdırır: “Bütün tərəflər hələ də razılaşmanı mümkün hesab edirlər. Vasitəçilər ümid edirlər ki, fikir ayrılıqlarının azaldılması aprelin 21-də atəşkəs razılaşmasının müddəti bitənədək danışıqların daha bir raundunun keçirilməsinə imkan verəcək”.
“Anadolu Agentliyi”: Həm ABŞ, həm də İran atəşkəs mövzusunda səmimidir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyinin proqramında suala cavabında deyib. O bildirib ki, tərəflərin razılığı ilə atəşkəs müddətinin uzadılması müzakirə edilə bilər. XİN rəhbəri günboyu tərəflərlə müntəzəm əlaqə saxladıqlarını əlavə edib. O, Hörmüz boğazı ilə bağlı suala cavabında buradan ölkələrin ödənişsiz keçməli və keçidə maneə törədilməməli olduğunu qeyd edib.
“Politico”: Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris Londonla birgə yaxın günlərdə hərbi əməliyyatlar dayandırıldıqdan sonra Hörmüz boğazında müdafiə missiyasında iştirak etməyə hazır olan ölkələrin konfransını təşkil etməyi planlaşdırır. Bu barədə o, "X" şəbəkəsində yazıb: “Hörmüz boğazına gəldikdə, yaxın günlərdə Birləşmiş Krallıqla birlikdə boğazda naviqasiya azadlığının bərpasına yönəlmiş dinc çoxmillətli missiyaya bizimlə birgə öz töhfəsini verməyə hazır olan ölkələrlə konfrans təşkil edəcəyik. Bu, münaqişədə döyüşən tərəflərdən ayrı olan, yalnız müdafiə xarakterli missiyadır və şərait imkan verən kimi yerləşdirilməsi nəzərdə tutulur”.
Hazırladı:
N.BEYDİYEVA
XQ

