Novruz tariximizdə özəl yeri və milli önəmi olan bayramdır

post-img

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

QMİ-nin mətbuat xidmətindən re­daksiyamıza verilən məlumata görə, təbrikdə şeyxülislam xalqımıza Al­lah-taaladan səadət və rifah, xoş əh­vali-ruhiyyə və bayram sevinci dilə­yib. Qeyd edib ki, Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilən­məsini və bəşərin intibahını təcəssüm etdirib. Bu gün bizlər Novruzu Allahın böyük lütfü – təbiətlə insanın əbədi tə­kamülünün başlanğıc günü kimi dəyər­ləndiririk. 

Şeyxülislam təbrikində, bildirib: “Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı dövlətimiz və milləti­mizin uğurlu inkişafına, Zəfər yolumu­zun davamına, azad Qarabağa Böyük Qayıdışımıza rəvac verir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident İlham Əliyev cə­nablarının qətiyyət və möhkəm iradə ilə yürütdüyü müzəffər dövlət siyasə­tində, müdrik islahatlarda, Qarabağda abad həyat quruculuğunda görür və bu uğurlu inkişaf yolunu təqdir edir. 

Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əli­yevanın milli-mənəvi dəyərlərimizə, islami irsimizə, ümumbəşəri mədə­niyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlə­rində öz yüksək təzahürünü tapır. Mə­dəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını tərənnüm edir. Bu mübarək günləri, Cıdır düzündə bay­ram tonqallarının qalanmasını bizə, bütün xalqımıza yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun qalib sərkərdəsinə dərin minnətdarlığı­mızı bildiririk!”. 

Şeyxülislam bildirib ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək, il Dovşan bürcü üstündə təhvil olacaq, bayram axşamı martın 20-də, mübarək Novruz bayramı isə martın 21-də qeyd ediləcək. 

 

“Xalq qəzeti”

Sosial həyat