Bu gün saat 08:00-da Bakı Dəmiryol Vağzalından Bakı–Qəbələ–Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb. Qatar mənzil başına saat 11:20-də çatacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) qəzetimizə bildirilib ki, 309 km uzunluğunda olan Bakı–Qəbələ–Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.
Xatırladaq ki, Qəbələ Dəmiryol Vağzalı və Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun açılışı ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci ilin mayın 15-də baş tutub.
Hərəkət cədvəlinə gəlincə, qatar həftə sonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzil başına çatacaq. Qəbələ–Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.
“Xalq qəzeti”