“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası “Mediada Azərbaycan dili” mövzusunda Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində təlim keçirib. Təhsil müəssisəsinin rəhbəri Afər Kərimli tədbir iştirakçılarını salamlayaraq mərkəzin fəaliyyəti barədə məlumat verib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov ana dilimizin saflığının qorunmasında və zənginləşdirilməsində dövlət dəstəyinin rolundan danışıb.
Teleradio Akademiyasının rektoru Almaz Mahmud regionlarda Qubadan sonra ikinci tədbirin Lənkəran şəhərində keçirildiyini bildirib. Ana dilimizin qorunmasında medianın rolunun sürətlə artdığını, düzgün yazı və səlis nitqin təkcə jurnalistlər üçün deyil, hər bir vətəndaş üçün vacib olduğunu vurğulayıb.
Təcrübəli diktor Sevda Ağazadə qeyd edib ki, müasir jurnalistika informasiya ötürməklə yanaşı, həm də ictimai rəyi formalaşdırır, cəmiyyətin həyatına müsbət təsir göstərir.
AzTV-nin xəbər aparıcısı, nitq mədəniyyəti mütəxəssisi Mümtaz Xəlilzadə televiziya və radio kanallarında, mətbuatda Azərbaycan dilinin istifadəsi zamanı yol verilən nöqsanlardan, qarşıda duran vəzifələrdən danışıb.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Şəhla Quliyeva media orqanlarında orfoqrafiya qaydalarına əməl olunması, terminlərdən düzgün istifadə edilməsi barədə fikir və düşüncələrini söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri, birliyin ədəbi-bədii, publisistik orqanı olan "Şəfəq" jurnalının baş redaktoru Qafar Cəfərli, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev, “Aşkarlıq” qəzetinin baş redaktoru Etibar Əhədov, Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira Ağayeva, aparıcı televiziya kanallarının bölgə əməkdaşlarından İsmayıl Cəfərli, Pərvanə Nəhmətqızı, Nuranə Əliyeva, veteran jurnalist Bəxtiyar Hüseynov dilimizin saflığının qorunmasında medianın rolundan, mediada mövcud dil problemlərindən söhbət açaraq fikir və təkliflərini söyləyiblər.
Ə.HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

