Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq təhsil sərgisində təmsil olunur

post-img

2026-cı ilin 13–19 aprel tarixlərində Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara şəhərlərində keçirilən MY FAIR “Education & Profession” beynəlxalq təhsil sərgisində Azərbaycan “Study in Azerbaijan” təşəbbüsü çərçivəsində bir sıra ali təhsil müəssisələri ilə təmsil olunur.

Bu barədə XQ-yə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın ali təhsil sistemi, prioritet ixtisas istiqamətləri, mövcud təqaüd imkanları, eləcə də ölkəmizdəki tələbə həyatı barədə ətraflı məlumat təqdim edilir.

Azərbaycanın bu nüfuzlu beynəlxalq platformada iştirakı ölkəmizin ali təhsil imkanlarının xarici auditoriyaya tanıdılması, beynəlxalq tələbə cəlbediciliyinin artırılması və ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, MY FAIR sərgi seriyası 2009-cu ildən fəaliyyət göstərir. Hazırda Özbəkistanın 12 regionunu əhatə edən sərgi hər mövsüm 80 mindən çox ziyarətçini, 100-dən artıq beynəlxalq universiteti və 30-dan çox ölkəni bir araya gətirir. 

N.Adilqızı
XQ





Təhsil