Macarıstanda keçirilən parlament seçkilərində tarixi qələbə qazanan “Tisza” Partiyasının lideri Peter Madyar ölkənin gələcək siyasi kursu ilə bağlı ilk açıqlamalarını verib.
XQ xəbər verir ki, bu barədə “Hungary Today” məlumat yayıb.
Məlumata görə, Madyar dövlət mediasında ciddi islahatlara başlanacağını bildirib. O, yeni hökumətin ilk addımlarından birinin dövlət media orqanlarının xəbər xidmətlərinin müvəqqəti dayandırılması ola biləcəyini deyib.
“Yeni hökumətin görəcəyi ilk tədbirlərdən biri hadisələrin obyektiv və qərəzsiz işıqlandırılması təmin edilənə qədər dövlət mediasının xəbər xidmətlərinin işini dayandırmaq olacaq”, – deyə o, beynəlxalq mətbuat konfransında qeyd edib.
Madyarın sözlərinə görə, əsas məqsəd Macarıstan dövlət mediasını “BBC” standartlarına uyğun və ya ondan daha yüksək səviyyəyə çatdırmaqdır.
Xatırladaq ki, aprelin 12-də keçirilən seçkilərin nəticələrinə əsasən, “Tisza” Partiyası parlamentdə 138 mandat qazanaraq mütləq çoxluq əldə edib. Viktor Orbanın rəhbərlik etdiyi “Fidesz” Partiyası isə 54 yerlə kifayətlənib. Orban məğlubiyyətini etiraf edərək Madyarı təbrik edib və “Fidesz”in bundan sonra müxalifət kimi fəaliyyət göstərəcəyini bildirib.
Nəzrin ELDARQIZI
XQ

