NATO–Ukrayna Şurasının yaradılmasına hazırlıq görülür

post-img

Polşa Prezidenti Anjey Duda “Wall Street Journal” qəzetinə müsahibəsində bildirib ki, NATO-ya üzv ölkələr Ukrayna ilə uzunmüddətli müqavilə bağlamaq imkanını nəzərdən keçirirlər. Bu müqaviləyə əsasən, Kiyev mütəmadi olaraq Qərb silahları və hərbi texnologiyaları alacaq.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden və Qərb liderləri NATO-Ukrayna münasibətləri­nin ABŞ-İsrail təhlükəsizlik əlaqələri nümunəsi ola biləcəyini bildiriblər. Xatırladaq ki, ABŞ və İsrail arasında on il müddətində çoxmilyardlıq Amerika silahlarının çatdırılmasını nəzərdə tu­tan saziş bağlanıb. Eyni zamanda, ABŞ xarici təcavüz halında İsrailə kömək etmək öhdəliyini üzərinə götürüb.

“Wall Street Journal” Ağ evin sözçüsünə istinadən yazır ki, Qərb müttəfiqləri NATO-ya üzv olmaq istəyən Ukrayna ilə qarşılıqlı əlaqə formulunu işləyib hazırlamağa çalışırlar. Belə bir razılaşma Kremlin zaman keçdikcə Qərbin Ukraynaya dəstəyinin azalacağı gözləntilərini puça çıxara bilər.

NATO–Ukrayna Şurasının bu ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində elan ediləcəyi gözlənilir. Kiyev şuranın iclaslarını çağırmaq və NATO üzvü olan ölkələrə yardım üçün müraciət etmək hüququna malik olacaq. Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa və Almaniya Ukraynaya təhlükəsizlik zəmanətləri­nin verilməsinə dair sazişin birbaşa iştirakçıla­rına çevrilə bilər.

Ukraynanın NATO-ya qəbul prosesinə baş­lamaq üçün israrlı çağırışlarına baxmayaraq, Qərb paytaxtları onun yaxın gələcəkdə NA­TO-ya qəbulunun mümkün olmadığını gizlət­mirlər. Polşa Prezidentinin “Wall Street Jour­nal” qəzetinə müsahibəsində vurğuladığı kimi, Ukraynanın NATO-ya qəbulu onun ərazisində müharibə olduğu halda mümkün deyil. Lakin Rusiyanın işğalı Kiyevin NATO-ya üzv olması­na yol açıb.

“Xalq qəzeti”

Son xəbərlər