“Müstəqil Azərbaycanın banisi” adlı konfrans

post-img

Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın Banisi” adlı konfrans keçirilib.

Öncə Fəxri xiyabanda ulu öndərin məzarı ziyarət edilib.

Konfrans dövlət himnimizin səsləndirilməsi və Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açan Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev bildirib ki, Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış və candan əziz bildiyi doğma xalqına ömrünün sonuna qədər sədaqətlə xidmət etmiş, verdiyi bütün mücadilələrin şərikli qalibi olmuşdur. O, hər cür təhdid və təzyiqlərə baxmayaraq, öz vətənini bütün çətin situasiyalardan çıxarmış və istər sovetlər birliyi, istərsə də müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycana çox böyük uğurlar gətirmişdir. Onun siyasəti Azərbaycanın müstəqilliyinə inkişafına əbədiyyən xidmət edəcəkdir. 

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli çıxış edərək bildirib ki, sovetlər dövründə Heydər Əliyevin rəhbərliyi ilə çox böyük uğurlar qazandı. O SSRİ-də böyük vəzifəyə getdikdən sonra da öz vətənini diqqətdən kənarda qoymadı. Ermənistanda azərbaycanlılara məxsus toponimlər onun böyük vəzifələrdə işlədiyi dövrdə dəyişilmədi. Buna erməni millətçilərinin cəsarəti çatmadı. Moskvadan Heydər Əliyevin ədalətsizcəsinə kənarlaşdırılmasından dərhal sonra Qarabağ söhbətləri başladı. Sonra Qərbi Azərbaycandan  soydaşlarımızın deportasiyası. Daha sonra 20 yanvar faciəsi. Bütün o illər ərzində  xalqımızın qəlbində Heydər Əliyevi Azərbaycanda görmək başlıca yer tuturdu. 

Sonra çıxış edən Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov  qeyd edib ki,  ulu öndərin qayğısı sayəsində ölkəmizdə uğurlu kadr siyasəti aparılmış və bütün regionlarda elm-təhsil, səhiyyə müəsisələri yaradılmışdır. Bu günkü Azərbaycan məhz onun siyasətinin bəhrəsini görməkdədir. Ulu öndərin səhiyyə, tibb təhsili sahəsində gördüyü işlər kifayət qədər çoxdur. Hələ SSRİ dövründə dünyanın başqa ölkələrinə çıxışımız olmayanda Heydər Əliyev təhsil sahəsində düzgün siyasət aparırdı. Çox istedadlı gəncləri SSRİ-nin ən qabaqcıl mərkəzlərinə – Moskva, Sankt-Peterburq, Kiyev kimi güclü tibb mərkəzlərinə göndərirdi: “O gənclərdən biri də məhz, mən idim”.–deyə, akademik əlavə edib. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək bildirib ki, bu günkü Azərbaycan məhz, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təntənəsidir. Onun fikirləri, onun düşündüyü Azərbaycan bu gün gözümüzün qabağındadır. Ulu öndər Şuşa mütləq azad olunacaq deyirdi, olundu. Suverenliyimiz tam bərpa ediləcək deyirdi, o da yerinə yetirildi. 

Daha sonra Qeyri Hökumət Təşkillatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək  ulu öndər Heydər Əliyevin tarixi proseslərə təsir göstərmiş, hər zaman hər kəsin fəxr edəcəyi, qürur hiss ilə xatırlayacağı siyasi lider olmasından söhbət açıb. O bildirib ki,  ulu öndər Heydər Əliyev ölkədə uğurlu  gənclər siyasəti aparılmasını çox vacib hesab edirdi. O deyirdi ki, mənim üçün ən əziz nemət Azərbaycanın gəncləri, uşaqlarıdır. Azərbaycanın gələcəyi isə gənclərimizə nəyi, necə öyrətməyimizdən asılıdır.   

Daha sonra sabiq Ombudsman Elmira Süleymanova, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbaut Fondunun prezidenti Umud Mirzəyev çıxış edərək Heydər Əliyevin qurtuluş missiyası,  elm-təhsil, səhiyyə, gənclər siyasəti və vətəndaş cəmiyyətinin inkişafında onun rolu ilə bağlı çıxışlar etdilər, ulu öndərin çoxşaxəli və Azərbaycanı bütün sahələrdə irəli aparan prinsipial fəaliyətindən söhbət açdılar.

Tədbir çərçivəsində ümummilli liderin həyat və fəaliyyətindən ibarət olan film nümayiş olundu və ona həsr olunan mahnılardan ibarət konsert proqramı təqdim edildi.

Anar TURAN,
“Xalq qəzeti”















Son xəbərlər