Böyük Türküstan uğrunda türk milli ruhunun birliyi və zəfəri günü

post-img

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər İctimai Birliyinin sədri Əhməd Baba “Xalq qəzeti”nə açıqlamasında bu tarixi günü belə dəyərləndirdi: “108 il öncə 7 tərəfdən hücuma məruz qalan ölkəmizi işğal, əsarət, dağılmaq təhlükəsindən qorumaq üçün, hətta, yeniyetmələrimiz belə Vətənimizin müdafiəsinə qalxıb. O səbəbdəndir ki, bütün şagirdləri şəhid olan Konya və İzmir liseyləri 1915-ci ildə bir nəfər də olsun məzun yetişdirə bilməyib. Vətənimizin belə bir ağır günlərində yenə də ilk dəstək özü erməni soyqırımlarına məruz qalan qardaş Azərbaycandan gəlib. Bu gün Çanaqqalada düşmənə qarşı döyüşərək şəhid olan yüz minlər arasında Azərbaycan türkləri də var. Ona görə də biz 18 Martı Böyük Türküstan uğrunda türk milli ruhunun birliyi və zəfəri günü kimi anırıq. 

Onu da qeyd etmək istərdim ki, 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun keçmiş direktoru, Professor Yaqub Mahmudovla Tarixdaş Millətlər və Cəmiyyətlər İctimai Birliyi olaraq Qurtuluş müharibəsində bi­zimlə birlikdə könüllü vuruşmuş və şəhid olmuş azərbaycanlı qardaşlarımızın şəx­siyyətinin müəyyən edilməsi və onların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çanaqqalada abidə ucaldılması barədə təklif irəli sürdük. Çanaqqala uğrunda Azərbaycan əsgərlərinin vuruşması ilə bağlı başda hörmətli Yaqub Mahmu­dov olmaqla, AMEA Tarix İnstitututunun əməkdaşı İradə Məmmədova və birliyi­mizin sədr müavini, professor Selma Yel, eləcə də digər vətənpərvər mütəxəssis­lərimizin araşdırmaları ilə tarixi faktlar or­taya çıxarıldı. 

2015-ci ildə Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə keçirilmiş tədbirdə iştirak edən Prezident İlham Əliyev bu döyüşlərdə şəhid olmuş azər­baycanlıların xatirəsinin Çanaqqala Şə­hidliyi Kompleksində əbədiləşdirilməsinə dair müvafiq dövlət qurumlarına göstəriş verdi. Bu gün Çanaqqalada həmin komp­leksin açılışıdır. Bu məsələyə göstərdiyi diqqətə görə qürur və minnətdarlıq hissi ilə cənab İlham Əliyevə və bu işdə zəh­məti olan hər kəsə təşəkkür edirəm.”

 

M.SULTANOVA,

Ankara

12-2.jpg

Son xəbərlər