Lənkəran
“Cənub mirvarisi” adlanan şəhərdə kütləvi bayram ovqatı ilk olaraq ağacəkmə kampaniyası zamanı duyulub. Şəhər rəhbərliyinin və Regional Ədliyyə İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan kampaniyada 100 sərv ağacı əkilib.
Silsilə tədbirlər davam edib. Heydər Əliyev Mərkəzində uşaqlar üçün “Novruz çələngi” adlı şənlik təşkil olunub. Sərgi-satış yarmarkasında peşə təmayüllü siniflərin şagirdlərinin əl işləri təqdim olunub. Tədbirdə Novruzun atributları olan Kosa və Keçəlin çıxışları, peşə təmayüllü siniflərin təqdim etdiyi rəqs, şeir və səhnəciklər xoş bayram əhvali-ruhiyyəsi yaradıb. Toplanan vəsait ənənəyə uyğun olaraq, uşaq evlərinə sərf ediləcək.
Lənkəran Dövlət Dram Teatrında “Gəl baharım, gəl yazım” adlı Novruz tamaşası göstərilib. “Bahar ətirli Novruzum” adlı möhtəşəm konsert proqramı və festival isə Lənkəran şəhər Mədəniyyət Mərkəzində təşkil olunub. Sakinlərin elliklə iştirak etdikləri tədbir çərçivəsində, həmçinin sənətkarlıq, folklor, yaradıcılıq və diyarşünaslıq nümunələri nümayiş olunub.
Rayonun bütün mədəniyyət müəssisələrinin, ümumtəhsil məktəblərinin kollektivləri də maraqlı bayram tədbirləri keçiriblər.
Masallı
“Gənclər Evi”nin qarşısında milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən maraqlı Novruz şənliyi keçirilib. Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və başqaları iştirakçılara Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar. Novruz personajları Kosa ilə Keçəlin çıxışları, uşaq bağçalarının balaca sakinləri tərəfindən təqdim olunan səhnəciklər, səsləndirilən şeirlər, yumurta döyüşləri, Yusif Əzizlinin təqdimatında “Xudayar təsnifi”, Azərbaycanı tərənnüm edən mahnılar şənliyə xüsusi rəng qatıb. Sonda Masallı rayon Qadın Resurs Mərkəzinin üzvləri tərəfindən eko-çantaların üzərinə rəngli boyalarla şəkillər çəkilərək iştirakçılara hədiyyə edilib.
Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini tərənnüm edən Novruz bayramı münasibətilə Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə isə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb.
Lerik
Şəhərdəki Heydər Əliyev meydanında Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri və konsert proqramı keçirilib. Bayramsayağı bəzədilmiş meydana minlərlə lerikli toplaşıb.
Öncə tədbir iştirakçıları baharın gəlişini tərənnüm edən, al-əlvan bəzədilmiş güşələrdə Novruz atributları, ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri, əl işləri və xalq sənətkarlığı nümunələri ilə tanış olublar. Milli idman növlərinin nümayişi, Cənub mətbəxinə aid olan təamlar və şirniyyatlar, Kosa və Keçəlin məzhəkələri sakinlər tərəfindən maraqla qarşılanıb.
Şəhid atası Rəbbil Heydərov və ağsaqqal Hidayət Bəşirov bayram tonqalını alovlandırıblar. Tədbirdə çıxış edənlər müqəddəs bayram münasibətilə rayon sakinlərini və çoxsaylı qonaqları təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıblar. Respublikanın tanınmış incəsənət ustalarının çıxışı bayramı daha da rövnəqləndirib.
Cəlilabad
Rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Seyrəngahında keçirilən ümumrayon şənliyində tonqal ətrafına ictimaiyyətin çoxsaylı nümayəndələri toplaşmışdılar.
Bayram tədbirində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər də iştirak edirdilər. Əvvəlcə xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlara baxılıb, həmçinin məktəbəqədər və orta ümumtəhsil müəssisələri özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri və idmançıların nümunəvi çıxışları təqdim olunub.
Tədbir rayonun incəsənət ustaları və mədəniyyət kollektivlərinin iştirakı ilə geniş proqramlı bayram konserti ilə sona çatıb.
Neftçala
Rayon icra hakimiyyətinin təşkilatçılığı və Biləsuvar Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Neftçala rayonunda müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi, qədim tarixi keçmişə malik Novruz bayramı geniş qeyd olunub.
İcra hakimiyyətinin rəhbərliyi və qonaqlar öncə məktəblilərin Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və adət-ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçiriblər.
Tədbirdə Novruz şənliklərinin ölkəmizdə daim böyük coşğu ilə keçirildiyi vurğulanıb. Minnətdarlıqla xatırlanıb ki, Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev hər zaman bu adət-ənənələrin davam etdirilməsinə xüsusi diqqət göstərib. Bayramın özəllikləri haqqında tədbir iştirakçılarına geniş məlumat verilib. Şənlik mədəniyyət kollektivlərinin hazırladıqları kompozisiyalar və müxxtəlif musiqilərlə davam edib.
Əli ƏLİYEV, “Xalq qəzeti”