Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan “Bahar nəfəsli Novruz” adlı sərgidə Novruz bayramı, Azərbaycanın əsrarəngiz təbiətini əks etdirən fotolar, habelə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar haqqında nəşrlər və suvenirlər nümayiş etdirilib. İştirakçılar Novruza bayramı xonçalarına, şirniyyatlara, şəkərbura və paxlavaya qonaq ediliblər.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Novruzun Azərbaycanda, Özbəkistanda, eləcə də Türk dünyası ölkələrində qeyd olunması haqda məlumat verib, dilimiz, dinimiz, soykökümüz, mədəniyyətimiz, adət-ənənələrimiz kimi dəyərlərimizin eyniliyindən söhbət açıb.
“Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, qardaş xalqların ortaq bayramı olan Novruz münasibətilə iştirakçılrı təbrik edib, xalqlarımızın yaxın tarixə və mədəni köklərə sahib olduğunu vurğulayıb.
Sonra Azərbaycanda Novruz bayramının qeyd olunmasını əks etdirən film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində AMM-nin nəzdindəki Kövkəb Aliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, azərbaycanlı ifaçılar Vahid Əliyev və Fatimə İsgəndərova, beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova Azərbaycan və özbək mahnılarını ifa ediblər.
Qulu KƏNGƏRLİ
Daşkənd