Təbiətdən cəmiyyətə xoşbəxtlik körpüsü salan bayram

post-img

Milli bayramlar hər bir mədəniyyətin, cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Bu bayramlar cəmiyyəti birləşdirmək, fərdləri bir-birinə bağlamaq kimi funksiyalardan əlavə, fəlsəfi, dini və siyasi mənalar da daşıyır. Belə bayramlar, həmçinin insanların gündəlik, adi yekrəng həyatına fərəh, sevinc hissləri qatmaqla onlarda gələcəyə inam və nikbin münasibət yaradır. Bir sıra Yaxın və Orta Şərq xalqlarında olduğu kimi, bizdə də ən önəmli milli bayram Novruzdur.

Novruz təqvim və mövsüm bayra­mı olduğuna görə həmişə ilin eyni gü­nündə – 20 (21) mart tarixində bayram edilir. Bu bayramın başlıca məqsədi insanlarla təbiət arasında harmoniya yaratmaq, cəmiyyətin həyat və fəaliy­yətini təbiət qanunlarına uyğunlaşdır­maq və bununla da insanlara firavan­lıq, rifah və xoşbəxtlik gətirməkdir. Eyni zamanda, Novruz insanları müqəddəs təbiətlə əlaqələndirmək üçün nəzərdə tutulan bütöv bir fəlsəfi təlimlə, inanc və pərəstiş mərasimləri ilə müşayiət olunur. Burada qüdrətli təbiətin qanu­nauyğunluqları, onun daim dəyişən və yeniləşən mövsümlərinin sirləri in­sanlara xüsusi bir sistem əsasında aşılanır. Təbiət ilahiləşdirilir, ona canlı bir qüvvə kimi baxılır və insanlara ona sitayiş formaları izah edilir.

Buna görə də Novruzun dəyəri, gözəlliyi və fəlsəfəsi ümumbəşəri sə­ciyyə daşıyır. Təsadüfi deyil ki, 2010-cu ildə BMT Baş Assambleyası bu bayra­mı 21 Mart Beynəlxalq Novruz Günü kimi elan etmişdir.

Novruz ənənələri ilkin olaraq qə­dim sak tayfaları arasında yaranmışdır. Mənşəcə sak olan Zərdüşt də öz həm­tayfalarının dini inanclarında islahatlar aparmaq məqsədilə onlara yeni məna­lar verərək, öz təliminə daxil etmişdir. Həmyerliləri Zərdüştü əcdadların etiqa­dına müxalif çıxmış bir adam kimi Bay­kalyanı ərazilərdən qovduqdan sonra o, indiki Əfqanıstan ərazisinə gəlmiş və Həxamənişi dövlətinin buradakı ca­nişini Viştaspa (I Daranın atası) onun təlimini qəbul etmişdir. 

Elə həmin zaman (e.ə VI əsrdə) Zərdüştün yaxın köməkçilərindən olan Cəmaspa (sonrakı rəvayətlər­də – Cəmşid) zərdüştliyi təbliğ etmək məqsədilə Midiyaya gəlmiş və əvvəl­ki dinləri I Dara tərəfindən qadağan edilmiş Azərbaycan muğları Zərdüş­tün təlimini qəbul etmişlər. Farslar isə Daranın bütün səylərinə baxmaya­raq, özlərinin qədim Mitra dininə sa­diq qalaraq, Zərdüştün təlimini qəbul etməmişlər. Zərdüştilik dini İranda, təqribən, min il sonra – Sasanilər döv­ründə yayılmaqda olan xristian dininə qarşı mübarizə vasitəsi kimi qəbul edilmiş və bu zaman Mitra dininin ayinləri də Zərdüştün dininə qarışdı­rılaraq, “Avesta” adlanan kitab halına salınmışdır. 

Zərdüştiliyin yaranış əfsanəsinə əsasən Ahura Məzda dünyanı yeddi ünsürdən ibarət yaratmışdır: əvvəlcə bütün digər ünsürləri öz əhatəsinə alan və yumurta qabığı formasında olan səmanı, sonra qabığın aşağı hissəsini dolduran suyu, sonra suyun üzərindəki yastı yeri, yerin üzərində isə bir bitki­ni, bir buğanı və Kiya Mərtan adlı bir insanı, nəhayət, Günəşin simasında görünən odu (atəşi). Bu ünsürlərdən ibarət olan dünya əvvəllər sabit halda səmanın ortasında dayanırdı. Öz ya­ratdıqlarını Əhrimənin gələcək hücum­larından qorumaq üçün Ahura Məzda yeddi “ölməz mələk” (“ameşa spentə”) yaradır ki, onlardan hər biri bir ünsürün qoruyucusu olsun. 

Zərdüştlik təliminin əsasında xe­yirlə şərin əbədi mübarizəsi dayanır. Bu mübarizə sonda xeyir qüvvələrin qələbəsi ilə nəticələnməlidir. Ancaq hələlik gah xeyir qüvvələri, gah də şər qüvvələri üstün gəlirlər. Bu təlimdə il iki fəslə bölünür və belə hesab edilir ki, yayda xeyir, qışda isə şər qüvvələri üs­tünlük təşkil edirlər. Məhz bu səbəbdən də qışda insanlar, heyvanlar və bütün təbiət soyuq, xəstəlik və aclıqdan əziy­yət çəkirlər. 

Qışın ortalarında şər qüvvələri o qədər güclənirlər ki, insanlar qoruyucu mələkləri köməyə çağırmağa məcbur olurlar. Hər çərşənbə günü onlar mə­rasimlər keçirərək, qoruyucu mələk­lərdən birinə müraciət etməyə başla­yırlar. Nəhayət, axır çərşənbə axşamı qoruyucu mələklər və insanların ölmüş qohumlarının ruhları yerə yaxınlaş­mağa başlayırlar. Novruz ərəfəsində evlərin, həyət-bacaların təmizlənməsi, yeni paltarlar alınması və s. də məhz bu “qonaqların” qarşılanması üçündür. Axır çərşənbə axşamı isə hətta kasıb adamlar belə öz qohumlarınınn ruhları və mələklərin şərəfinə bacardıqları sə­viyyədə bol süfrə açmalıdırlar. 

Həmin gün küsənlər barışmalı, hamı yaxşı sözlər danışmalı, mehri­ban olmalıdırlar ki, ruhlar və mələklər onlardan razı qalsınlar. Eləcə də ölmüş qohumların qəbri ziyarət edilməli, on­ların ruhuna ehsan verilməlidir. Ruhlar və mələklər “gəlib çıxandan” sonra on­ların şərəfinə qonaqlıq başlayır. Ruhlar öz paylarını almaq üçün qapı və ba­calardan torba sallayırlar. Ev sahibləri isə bu torbalara ən yaxşı yeməklərdən qoymalıdırlar. 

Axır çərşənbə axşamının səhəri isə insanlar onlara köməyə gəlmiş ruhlar və mələklərin yardımı ilə şər qüvvələr­lə mübarizəyə başlayırlar, yəni, bu mü­barizəni təcəssüm etdirən mərasimlər keçirirlər. Bizdə bu mərasimlərdən ən çox tanınanı Keçəllə Kosa arasındakı tamaşadır. Burada keçəl təbiəti keçəl­ləşdirmiş qışın, Kosa isə xeyir-bərəkət rəmzi olan keçinin və baharın simvol­larıdır. Bu mübarizədə Kosa Keçələ, yəni, bahar qışa qalib gəlir.

Beləliklə, bu mübarizə Novruz gününə qədər davam edirmiş, Nov­ruz günü isə (20 və ya 21 mart) xeyir qüvvələri şər qüvvələrə qalib gələrək, öz qələbələrini bayram etməyə baş­layırmışlar. Zərdüştilikdə od ünsürü də məhz bu gün qeyd edilirdi. Bu isə mahiyyətcə qışın yola salınıb, baharın qarşılanması anlamına gəlir, çünki hə­min gün Günəşin ekvator xəttinin cənu­bundan Şimal yarımkürəsinə keçməsi nəticəsində gecə ilə gündüz bərabərlə­şir və onun səhəri günündən etibarən isə gündüzlər uzanmağa başlayır. 

Novruz axşamı süfrəyə qədim ənənənin mahiyyətinə daha çox uy­ğun olan məmulatlar qoyulur: səma­nın (göy qübbəsinin) şərəfinə boyan­mış yumurta, su ünsürünü simvolizə edən şərab (islamdan sonra – şərbət), Yeri (torpağı) simvolizə edən külçələr, bitkiləri bildirən səməni, heyvan ün­sürünü bildirən ət və süd məhsulları, insanları təmsil edən iştirakçılar, odun (atəşin) təcəssümü kimi isə şam və ya çıraq. Bu deyilənlər elə indi də bizim Novruz süfrəmizin ayrılmaz atributla­rıdır. Orta əsr müəlliflərinin də qeyd etdikləri kimi, hələ qədim zamanlar­dan Novruz ənənələri ən dolğun və düzgün şəkildə məhz Azərbaycanda saxlanılmışdır.

Əcdadlara hörmət, Novruz gün­lərində onların qəbirlərinin ziyarət edilməsi, ruhlarının şərəfinə ziyafət düzəldilməsi, evlərin, həyətlərin təmiz­lənməsi, kasıb adamlara maddi yardım göstərilməsi kimi əməllər insanların mənəvi cəhətdən də saflaşmasına xid­mət edir.

 

Kamil HÜSEYNOĞLU,
filologiya elmləri doktoru, professor

11-555.jpg

Sosial həyat