Son illər neft və təbii qaz kimi hidrogenlərin istifadəsi nəticəsində atmosferə buraxılan istixana qazları ətraf mühitin normadan artıq çirklənməsinə səbəb olub. Bu da ekoloqları cidddi narahat edir. Məhz buna görə də emissiyaları azaltmaq üçün istifadə edilən enerji mənbələrini ekoloji cəhətdən daha təmiz olanlarla əvəz etmək mühüm vəzifə kimi qarşıda durur.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə 2009-cu ildən fəal əməkdaşlıq edən Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı olduqca yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri də məhz ölkəmizdə bərpaolunan enerji mənbələrinin potensialından səmərəli istifadənin gücləndirilməsindən ibarətdir.
Yeri gəlmişkən, ölkəmizin ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə yaşıl enerji istehsalının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur. Deməli, enerji sahəsində Avropa İttifaqının etibarlı tərəfdaşı adlandırılan Azərbaycan yaxın gələcəkdə “yaşıl keçid” platformasının da əsas iştirakçısı olmağa tam qadirdir. Təsadüfi deyil ki, martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşən Prezident İlham Əliyev bu vacib məqama toxunaraq deyib: “Biz, həqiqətən də, Avropa üçün vacib “yaşıl enerji” təchizatçısına çevriləcəyik və neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər, həqiqətən, onu nümayiş etdirir ki, Azərbaycandan olan “yaşıl enerji” tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır”
Martın 17-də Bakıda keçirilən “Yaşıl hidrogen–karbonsuzlaşmaya aparan yol” adlı seminarda səsləndirilən fikirlər, müzakirə olunan məsələlər də bu baxımdan diqqət çəkir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev qeyd edib ki, Azərbaycandakı “yaşıl enerji”nin hidrogen istehsalına yönəldilməsi istiqamətində addımlar atılır. Onun sözlərinə görə, ölkəmizdə 25 geqavat gücündə “yaşıl enerji” istehsalı nəzərdə tutulur.
Məlum olduğu kimi, “yaşıl enerji”nin istehsalı və onun nəqli üçün kifayət qədər maliyyə vəsaiti tələb olunur. Bu zaman həm dövlət, həm də özəl sərmayələrdən istifadə edilməsi nəzərdə tutulur. Azərbaycan Mərkəzi Bankı Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirovun fikrincə, ölkəmizdə “yaşıl keçid” üçün özəl investisiyaları təşviq edən ekosistemin yaradılması vacib hesab olunur. Onun dediyinə görə, Azərbaycan Mərkəzi Bankı “yaşıl iqlim” dəyişiklikləri fonunda dayanıqlı maliyyə imkanlarının mövcudluğunu əsas prioritet olaraq müəyyənləşdirib və bununla bağlı strateji yol xəritəsi formalaşıb. Yol xəritəsində potensialın artırılması və maarifləndirmə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, bu sahəyə maliyyə axınının təmin edilməsi, iqlimlə əlaqədar olaraq ətraf mühit və sosial idarəetmə amillərinin risk idarə etməsi ilə əlaqələndirilməsi, eləcə də bazar şəffaflığı və iqlim dəyişiklikləri ilə bağlı məsələlər öz əksini tapıb.
Qeyd etdiyimiz kimi, Avropa ölkələri hidrogenə böyük ümidlər bəsləyir. Elə enerji bazarı ilə bağlı son təhlillər də göstərir ki, “qədim qitə”də hidrogenə tələbat getdikcə artacaq. Hazırda Trans–Adriatik qaz kəməri vasitəsilə hidrogenin nəqli sahəsində tədqiqatların aparıldığını bildirən SOCAR-ın əməkdaşı Teymur Quliyev qeyd edib ki, 2030-cu il üçün hidrogenə olan ehtiyacın 20 milyon tona çatacağı gözlənilir ki, bunun da 10 milyon tonu Avropada istehsal olunacaq, bir o qədəri də xaricdən gətiriləcək.
“Yaşıl hidrogen–karbonsuzlaşmaya aparan yol” adlı seminarda Azərbaycanın enerji bazarlarına “yaşıl hidrogen”in tədarükü üçün mümkün variantlarla bağlı maraqlı məqamlara toxunulub. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov bildirib ki, Azərbaycan qaz kəməri infrastrukturu vasitəsilə Avropanın qaz bazarlarına yaxşı çıxışa malikdir, buna görə də enerji bazarlarına “yaşıl hidrogen”in tədarükü üçün iki variant təklif olunur. Onun sözlərinə görə, Azərbaycan quruda və Xəzər dənizində bərpa olunan enerji mənbələrinin yüksək potensialına görə hidrogen iqtisadiyyatının inkişafı üçün əlverişli mövqeyə malikdir.
O ki qaldı “yaşıl hidrogen”i Avropaya çatdırmaq məsələsinə, ölkəmizin bu sahədə də imkanları olduqca yüksək qiymətləndirilir. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın geniş imkanlara malik qaz kəməri infrastrukturu və ixrac sahəsində zəngin təcrübəsi var.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri:
– Hazırda alternativ enerji sırasında hidrogenə daha çox diqqət yetirilir. Bu da ondan irəli gəlir ki, metana nisbətən hidrogendən üç dəfə artıq istilik almaq mümkündür. Digər tərəfdən, ekoloji cəhətdən olduqca səmərəli hesab olunan hidrogendən neft, qaz, kimya sənayesində, eləcə də yanacaq enerjisi kimi nəqliyyatda geniş istifadə edilə bilər.
Yeri gəlmişkən, artıq dünyada hidrogenlə işləyən avtomobillər mövcuddur. Onların sayı isə hazırda təqribən 8 minə yaxındır. Avropanın ekoloji cəhətdən təmiz ölkəsi sayılan İsveçrənin yollarında 100-ə yaxın belə avtomobil şütüyür. Maraqlı hal ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki törəmə müəssisəsi olan “SOCAR Energy Switzerland” şirkəti bu ölkənin Bern şəhərinin yaxınlığında, magistral avtomobil yolunun üzərində ilk hidrogen yanacaqdoldurma məntəqəsini inşa edir. Həmin məntəqənin may ayında istifadəyə verilməsi gözlənilir.
Hazırda qarşıda duran mühüm məsələlərdən biri hidrogenin nəqli ilə bağlıdır. Ona gərə də Avropa İttifaqı tərəfindən hidrogenin daha təhlükəsiz istifadəsi ilə bağlı tədqiqatların gücləndirilməsi, onun nəql imkanlarının araşdırılması istiqamətində vacib və təxirəsalınmaz işlər görülür. Hələlik isə, hidrogenin boru kəmərləri ilə nəqli ən optimal variant hesab olunur. Bu məqsədlə mövcud magistral qaz kəmərlərinin hidrogenin daşınması üçün modernləşdirilməsi və ya yenidən qurulması ilə bağlı imkanlar öyrənilir. Bu işlər həyata keçirilməzsə, o zaman mövcud magistral kəmərləri ilə nəql prosesində çoxlu miqdarda hidrogen itkisi baş verər. Çünki həmin boru kəmərlərinin qaynaq nöqtələri, siyirtmələri, kompressor qurğuları, izolyasiya sistemi var. Onların hamısı hidrogenin nəqli üçün uyğun vəziyyətə gətirilməlidir. Əks təqdirdə nəql prosesində yanğın və partlayış baş verə bilər. İndi elmin qarşısında duran vəzifə məhz bu problemləri həll etməkdir. O da mümkündür ki, gələcəkdə hidrogenin nəqli üçün ayrıca boru kəmərləri çəkilsin.
Bəs, Azərbaycan niyə hidrogenə keçid etmək istəyir? Bu, ondan irəli gəlir ki, 2050-ci ildə Avropa tamamilə “yaşıl enerji”yə keçidi planlaşdırır. Məlum olduğu kimi, bizim ixrac etdiyimiz qazın 50 faizindən çoxu məhz Avropa bazarlarının payına düşür Tutaq ki, Gürcüstan və Türkiyəyə təbii qaz sata bildik. Avropa isə o zaman bizdən karbon qazı olmayan yanacaq istəyəcək. Azərbaycan özünün böyük qaz yataqları, qaz ehtiyatları hesabına hidrogenə keçid baxımından yaxşı imkana malikdir.
Hidrogenin istehsalı üçün isə ölkəmizdə yeni emal müəssisəsi tikiləcək. Həmin müəssisə günəş panellərindən və külək qurğularından alınan enerji hesabına işləyəcək. Bir sözlə, hidrogen istehsalı və onun nəqli üçün indidən hazırlıq görülməlidir ki, zamanı çatanda bazarda mövqeyimizi itirməyək.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”