ABŞ-da defolt təhlükəsi hələ də qalır

post-img

Ağ Ev və ABŞ Konqresi döv­lət borcu tavanının artırılması ilə bağlı razılığa gəlməsələr, ölkədə iyunun 1-də defolt elan edilə bilər.

ABŞ-ın maliyyə naziri Canet Yelle­nin Konqresin rəhbərliyinə ünvanladığı məktubda daha sonra hesablamalara əsaslanaraq bildirilir ki, Konqres iyu­nun əvvəlinə bu məsələni gerçəkləş­dirməsə, Maliyyə Nazirliyi artıq ABŞ hökumətinin üzərinə götürdüyü öhdə­likləri yerinə yetirə bilməyəcək.

Prezident dövlət borcunun tava­nının artırılması ilə bağlı keçirdiyi da­nışıqların məhsuldar olduğunu, lakin hələlik razılaşma əldə edilmədiyini bildirib. Co Bayden, eyni zamanda, ölkəsində defoltun elan olunmasına yol verməyəcəyini vəd edib. Amerika lideri bu barədə Merilend ştatında keçirilən tədbirdə çıxışı zamanı deyib: “Birləş­miş Ştatlarda defoltun elan edilməsi fəlakət ola bilər. Hadisələrin bu cür in­kişafından qaçmaqdan ötrü Konqres heç bir şərt qoymadan dövlət borcunun həddini artırmaq təklifimizi bəyənməli­dir”. Qeyd edək ki, hazırda ABŞ-ın döv­lət borcu son 200 il ərzində yığılaraq, 31,4 trilyon dollara çatıb.

Nümayəndələr Palatasının spikeri Kevin Makkarti isə Nümayəndələr Pa­latasına dövlət borcunun tavanının ar­tırılmasını “heç vaxt” təklif etməyəcəyi­ni qeyd edərək qanunvericilərin federal xərclərin “istiqamətini dəyişdirməsinin” vaxtı çatdığını vurğulayıb.

Xatırladaq ki, Ağ Ev rəsmiləri və Respublikaçı Konqres nümayəndələri arasında federal hökumətin 31,4 tril­yon dollarlıq borc tavanının artırılması ilə bağlı ikinci görüş tərəflərin heç bir irəliləyiş əldə etməməsi ilə başa çatıb.

Konqresin Xəzinədarlıq Depar­tamentinin federal hökumətin bütün borclarını ödəyə bilməyəcəyi barədə xəbərdarlıq etdiyi günə – iyunun 1-nə sayılı çox az vaxt qalmasına baxmaya­raq, tərəflər qətiyyən güzəştə getmək niyyətində deyillər. Bu isə defoltun real­laşması ehtimalını getdikcə artırır.

Ağ Ev Nümayəndələr Palatasına nəzarət edən respublikaçılarla ciddi fikir ayrılıqlarının olduğunu etiraf etsə də, prezident Co Bayden hələ də de­foltdan qaça biləcəklərinə inandığını diqqətə çatdırıb.

ABŞ-da mümkün defolt ssenari­sində 8 milyona yaxın insanın işsiz qalması, birjalarda kəskin çöküşlərin yaşanması, sosial müavinətlərin kəsil­məsi və kredit faizlərinin artması kimi hallar gözlənilir.

Cari həftə ərzində tərəflər razılıq əldə edə bilməsələr, ABŞ höküməti ölkəni növbəti həftələrdə defolt elan et­mək məcbutiyyətində qala bilər. Bu isə öz növbəsində birjalarda risk iştahının ciddi dərəcədə azalması səbəbi ilə ilkin mərhələdə “cash” dollara tələbin kəs­kin artmasına və nəticədə dollar indek­sində müşahidə olunan artım tenden­siyasının daha da aqressivləşməsinə gətirib çıxarar. 

ABŞ-da baş verəcək defoltun Azər­baycan iqtisadiyyatına təsiri ola bilər­mi? İqtisadçı-ekspert, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli ABŞ-da mümkün defoltu baş verdiyi halda bunun Azər­baycan iqtisadiyyatına ola biləcək təsirləri haqqında danışarkən deyib: “Neft Fondunda böyük məbləğdə xa­rici valyuta (65 milyard dollar) vəsait toplanıb. Bunun da çox hissəsi dollar­da saxlanır. Həmçinin Neft Fondunun vəsaitləri ABŞ-ın müxtəlif banklarında saxlanılaraq investisiya kimi yatırılıb. Bu da Neft Fondunun gəlirlərinə də mənfi təsir göstərə bilər”.

Eyyub Kərimlinin sözlərinə görə, bu proses dolların mövqeyinin zəifləməsi və dəyərdən düşməsi prosesi kimi də həyata keçə bilər: “Bu baxımdan he­sab edirəm ki, gözlənilən təhlükəni dəf etmək üçün ABŞ konqresmenləri kon­sensusa gələcək və ABŞ-ın bu baxım­dan borclanma limitini də artıracaq”.

Ekspert qeyd edib ki, ilin əvvəlindən ABŞ-ın maliyyə naziri həyəcan təbili çalır, ABŞ-ın defoltla üzləşə biləcəyi haqqında danışır: “Bu onunla bağlıdır ki, Konqres tərəfindən ABŞ-ın borc həddi müəyyənləşib və 34 trilyon dollar civarındadır. Həmin borc artıq 2023-cü ilin yanvar ayına qədər əldə olunub. Artıq ABŞ xəzinəsi borc kağızlarının buraxılışını dayandırıb və borclanma əldə edə bilmir.

Hazırda Konqresdə Respublikaçı­larla Demokratlar arasında böyük an­laşılmazlıq və müzakirələr gedir. Əgər konsens yaranmasa, dövlət borcunun həddi artmasa ABŞ-da şərti defolt elan edilə bilər. Bu, sözsüz ki, həm ABŞ iq­tisadiyyatına, həm Amerika ilə əlaqə­si olan digər ölkələrə, Avropa, Asiya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərə bilər. Defolt o deməkdir ki, hə­min ölkənin ödəmə qabiliyyəti məhdud­laşır. Bu baxımda digər ölkələrə ödə­nilən devidentlər, borclar sual altında olur.

ABŞ tarixində bu hadisələr dəfələr­lə təkrarlanıb və son anda razılığa gə­linərək borc həddinin artması ilə bağlı razılaşdırılıb. Bu gün ABŞ dünyanın ən çox borclanmış ölkələrdən biridir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

İqtisadiyyat