Türk ölkələri bir-birindən güc-qüvvət alır

post-img

Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin toplantısında çıxış edən energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada reallaşan Dövlət Başçılarının Fövqəladə Zirvə Görüşünü xatırladaraq həmin toplantını türk dövlətləri arasında yüksək həmrəyliyin göstəricisi kimi qeyd edib. Natiq daha sonra dövlət başçılarının ortaq strateji baxışları, son dövrlərdə intensivləşən təmasları və çoxvektorlu əməkdaşlığın yol xəritəsini müəyyənləşdirən tarixi əhəmiyyətli səfərlərin münasibətlərin yeni səviyyəyə yüksəldilməsinə müsbət təsir göstərəcəyini bildirib. 

Yeri gəlmişkən, hazırda türk dövlət­lərinin mənəvi birliyinin siyasi-iqtisadi tərəfdaşlıq baxımından möhkəmlən­dirilməsinə xüsusi önəm verilir. Bu isə adıçəkilən təşkilata üzv və müşahidəçi ölkələrin Azərbaycanla əməkdaşlığında özünü qabarıq göstərir. Respublikamız­la ticarət dövriyyəsinin ötən il 42,7 faiz artaraq 7,2 milyard dolları ötməsi, bu ölkələrin iqtisadiyyatımıza 14,3 milyard dollar, Azərbaycanın isə bu dövlətlərə 21 milyard dollardan çox investisiya qoyması da bunun bariz ifadəsidir. Enerji əməkdaşlığının inkişafının əhə­miyyəti isə ölkələrimizin rifahı və Avra­siyada enerji təhlükəsizliyi baxımından xüsusi önəm daşıyır. 

TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 milyard kub­metr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazının tədarük edilməsi də məhz həmin yanaşmanın məntiqi nəticəsidir. Xatırladaq ki, bu il 24,5 mil­yard kubmetr gözlənilən qaz ixracımızın 10,2 milyard kubmetrinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin isə Av­ropaya tədarükü nəzərdə tutulur.

Azərbaycanın Avropa İttifaqı ilə ye­nilənən strateji enerji tərəfdaşlığının isə Cənub Qaz Dəhlizi kimi enerji təhlükə­sizliyi layihələrinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji”nin tədarük­çüsünə çevrilməsi ilə bərabər, türk döv­lətləri arasında enerji əməkdaşlığına da yeni impuls verir. Ötən ilin dekabr ayın­da Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində stra­teji tərəfdaşlıq haqqında sazişin və cari ilin yanvarında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu­nun imzalanması da Macarıstanın yeni mənbədən təbii qaz və elektrik enerjisi ilə təmin edilməsinə imkan verir. 

Qeyd edək ki, Xəzəri Avropaya bir­ləşdirən “yaşıl enerji” dəhlizi Azərbay­can üçün başlanğıc nöqtədirsə, Maca­rıstan son məntəqədir. Macarıstanın gələcəkdə bu dəhlizi yeni ölkələrlə ge­nişləndirəcəyinə, “yaşıl enerji”nin tranzit qovşağı olacağına da böyük ümid bəs­lənilir. 

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra ke­çirilən mətbuat konfransında ölkəsinin bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağının gözlənildiyini bildirib. P.Siyarto, eyni za­manda, bu qazın bir hissəsinin Türkiyə­dən keçəcəyinin nəzərdə tutulduğunu, bunun üçün türk tərəfdaşları ilə artıq konkret detallar üzrə danışıqlar aparıl­dığını söyləyib. 

Bu məqamda xatırladaq ki, Azərbay­can, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkila­tına üzv, Macarıstan,Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşa­hidəçi dövlətlərdir.

Macarıstanda keçirilən Türk Dövlət­ləri Təşkilatının enerji nazirlərinin top­lantısında səslənən bir fikir də diqqət çəkir. Bu, Bakı–Tblisi–Ceyhan kəməri ilə illik 1,5 milyon ton Qazaxıstan nef­tinin dünya bazarlarına nəqli, Özbəkis­tanla yeni layihələrə başlanılması, həm­çinin Türkmənistanla enerji sahəsində üçtərəfli formatda əməkdaşlığa dair sənədin imzalanmasının da mühüm irəliləyişlər kimi qeyd edilməsi ilə bağlı­dır. Türk dövlətlərinin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çev­rilməsi prosesində iştirakı da böyük ma­raq doğurur. 

Türkiyə üzərindən qaz tranziti, Cə­nub Qaz Dəhlizinin genişləndirilmə­si çərçivəsində Trans Anadolu Boru Kəmərinin (TANAP) ötürücülük gü­cünün artırılması, SOCAR, BOTAŞ, həmçinin TPAO arasında karbohid­rogen yataqlarının kəşfiyyatı və hasilat sahəsində yeni əməkdaşlıq imkanları, İğdır-Naxçıvan boru kəməri layihəsinin icrası və yaxın müddətdə həmin xəttin Türkiyədən keçən hissəsinin tikintisinə başlanılacağının nəzərdə tutulma­sı ilə bağlı məsələlərin də müzakirəsi Türk Dövlətləri Təşkilatının bu prioritet sahəyə böyük əhəmiyyət verməsindən irəli gəlir. 

Türk Dövlətləri Təşkilatı hazırda Naxçıvanda investorlarla həyata ke­çiriləcək böyük həcmli külək və günəş enerjisi layihələrinin reallaşdırılması­na mühüm önəm verir. Xatırladaq ki, mütəxəssislər tərəfindən bu enerjinin böyük bir qisminin Türkiyəyə ixracının, eləcə də bu ölkə vasitəsilə “yaşıl ener­ji”nin Avropaya tədarükü istiqamətində atılacaq addımların reallaşdırılması üçün müvafiq sənədin imzalanmasının vacibliyi bildirilir. 

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi döv­lətlərlə genişlənən əlaqələri müvafiq strateji tərəfdaşlıq haqqında bəyan­namələr əsasında həyata keçirilir. İkitərəfli kontekstdə möhkəmlənən bu əməkdaşlıq sonda vahid mərkəzdə birləşərək vahid gücə çevrilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi təşəbbüsləri və qətiyyəti daya­nır. 

Təşkilatda təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşı­rı iqtisadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qu­rumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdiri­lib. Bu görüşlər və biznes forumlar­da quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təq­dim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiy­yatın şaxələndirilməsi və sahibkar­lıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müs­bət nəticələrlə diqqət çəkib. 

Bu, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin əməkdaş­lıq münasibətlərinin getdikcə dərin­ləşməsini ifadə edən göstəricilərdən də aydın görünür. Belə ki, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edir. 

2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6 faiz, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6 faiz, Türkmənistan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iq­tisadiyyatı 5,7 faiz, Qırğızıstan iqtisa­diyyatı 7 faiz, Qazaxıstan iqtisadiyya­tı isə 3,2 faiz böyüyüb. 

Dövlət büdcəsinin gəlirlərinin ar­tımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir. Qardaş ölkənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzin­də Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

vekil.jpg

İqtisadiyyat