Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının birgə təşkilatçılığı ilə Almaniyanın Barleben şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, yerli sakinlər üçün əsl bayram əhval-ruhiyyəsi yaradan festivala Almaniyanın Saksoniya-Anhalt federal əyalətinin paytaxtı Maqdeburqdan və ətrafdakı digər şəhərlərdən böyükdən-kiçiyə yüzlərlə sakin qatılıb. Ailə dəyərlərinin təşviqi, uşaq və gənclərin mənəvi və fiziki inkişafına töhfə vermək məqsədilə təşkil olunan festivalda balacalarla yanaşı, valideynlər də fəal iştirak ediblər. Əyləncəli viktorinalar, maraqlı attraksionlar və hərəkətli oyunlar böyük maraqla qarşılanıb. Səhnə ətrafında təşkil olunan rəqs proqramlarında həm uşaqlar, həm də böyüklər coşqu ilə iştirak ediblər. Şən musiqilər, milli və müasir ritmlər tədbir iştirakçılarının əyləncəsinə xüsusi rəng qatıb.
Festivalın əsas ideya xəttini Ulu Öndər Heydər Əliyevin ailəyə, uşaqlara və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə daim göstərdiyi yüksək diqqət və qayğı təşkil edib. Məhz bu yanaşma tədbirin ruhuna sirayət edib və iştirakçılar arasında maraqla qarşılanıb.
İdman festivalının yaddaqalan hissələrindən biri də peşəkar boksçuların nümunəvi məşqləri olub. Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda uğurla çıxış etmiş boksçuların nümunəvi məşqləri böyük maraqla izlənilib. Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə yaradılıb və beynəlxalq miqyasda fəaliyyət göstərir. Komitə tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıyan dünya kəmərləri təsis olunub və reytinqli boksçular bu kəmər uğrunda mübarizə aparırlar.
Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının rəhbəri Yaşar Niftəliyev jurnalistlərə müsahibəsində həm idman, həm də milli-mənəvi baxımdan yüksək təşkilatçılıq səviyyəsi ilə yadda qalan festivalın əsas qayəsinin Ulu Öndərimiz Heydər Əliyevin uşaq və gənclərə sonsuz məhəbbəti və onların sağlamlığının qorunması olduğunu vurğulayaraq deyib: “Ulu Öndərimiz Heydər Əliyevin doğum gününü Almaniyada 2008-ci ildən etibarən mütəmadi qaydada keçirilən müxtəlif tədbirlərlə qeyd edirik. Bu tədbirlərin təşkili artıq Almaniyada böyük ənənəyə çevrilib. Ümummilli Liderimizin anadan olmasının ildönümü münasibətilə Almaniya ilə yanaşı, dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərin keçirilməsi həm də Azərbaycan diasporunun gücləndiyini göstərir. Ulu Öndərimiz hər zaman uşaqlara, gənclərə və idmançılara daim yüksək diqqət və qayğı göstərib, onların fiziki sağlamlığının qorunmasına çalışıb. Biz də belə tədbirləri təşkil etməklə və onların miqyasını ildən-ilə genişləndirməklə Ulu Öndərimizin xatirəsinə sonsuz ehtiramımızı ifadə edirik”.
Festivalın təşkilində Azərbaycan icmasının üzvləri ilə yanaşı, şəhər sakinləri olan könüllülər də fəal iştirak ediblər. Belə könüllülərdən biri - Milena Borsten Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirlərin təşkilində hər zaman böyük məmnunluqla iştirak etdiyini vurğulayıb: “Biz bu tədbiri hər il təşkil edirik. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunur. Onun uşaqları, gəncləri və idmanı çox sevdiyini bilirəm. Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirlər təşkil etməsi bu baxımdan çox əhəmiyyətlidir”.
Festivala qızı Lina ilə birlikdə qatılan Abrina Azərbaycanda olmasa da, ölkəmiz barədə məlumatlı olduğunu vurğulayıb. O, bu möhtəşəm tədbir barədə təəssüratlarını bölüşərək deyib: “Burada uşaqlar üçün əla şərait yaradılıb. Onlar müxtəlif yarışlarda, attraksionlarda əyləncəli vaxt keçirirlər. Bir sözlə, festival çox möhtəşəmdir”.
Əslən çinli olan Yu İn isə festival barədə danışarkən qeyd edib: “Bu festivalda ilk dəfə iştirak edirəm. Burada uşaqlarla yanaşı, böyüklərin də səmərəli və əyləncəli vaxt keçirmələri üçün hər cür imkan yaradılıb. Bu gün burada olmaqdan böyük zövq aldım”.
Festivala qatılanlardan biri də doğum günü sevincini ailəsi, dostları ilə birlikdə bu tədbirdə qeyd edən balaca Elizabetdir. Onun anası Annamari bu xoş təsadüflə bağlı məmnunluğunu bölüşərək bildirib: “Bu gün qızımın doğum gününü məhz bu festivalda qeyd etməsi bizim üçün xüsusilə yaddaqalan oldu. Burada hər şey gözəldir, yarışlar, əyləncəli oyunlar uşaqların çox xoşuna gəldi. Uşaqlarla birlikdə biz də gözəl vaxt keçirdik. Bu unudulmaz tədbirin təşkilinə görə dərin minnətdarlığımı bildirirəm”.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin uşaqlara və gənclərə daim göstərdiyi diqqət və qayğı onun əziz xatirəsinə həsr olunan bu mənalı tədbirdə də əyani şəkildə öz təcəssümünü tapıb.