Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir

post-img

Dövlət Sərhəd Xidmətinin Aparatında və struktur qurumlarında müasir müstəqil dövlətçiliyimizin memarı və qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda əvvəlcə xalqımızın dahi oğlunun əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə güllər düzmüş, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.

Tədbirlərdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqımız qarşısındakı misilsiz xidmətləri, ölkəmizin hərtərəfli inkişafı və sərhəd mühafizəsinin formalaşdırılması ilə bağlı gördüyü işlər barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, məhz Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində sərhəd təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən birinə çevrilmiş, sərhəd mühafizə orqanlarının formalaşmasına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır.

Bildirilmişdir ki, bu gün Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında uğurla yerinə yetirir, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətənin sərhədlərində qürurla xidmət edir.

Keçirilən tədbirlər Heydər Əliyev ideyalarına sadiqliyin bariz nümunəsi olaraq dövlətçiliyə xidmət edən hər bir sərhədçinin qəlbində vətənpərvərlik ruhunu bir daha alovlandırmış, onun əbədiyaşar xatirəsinin gələcək nəsillər tərəfindən yaşadılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. 

Tədbirdə Heydər Əliyevin adını daşıyan muzey və mərkəzlərə şəxsi heyətin ekskursiyası təşkil olunmuş, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirilmişdir.













Sosial həyat