Xətai Sənət Mərkəzində “Art&Creativity Club” üzvlərinin və rəssamların ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş rəsm sərgisi açılıb.
Klubun təsisçisi və rəhbəri Cəmalə Naxçıvani bildirdi ki, sərgidə peşəkarlarla yanaşı, gənc rəssamlar da iştirak edirlər. Burada nümayiş etdirilən rəsmlərdə müxtəlif texnikalardan, yağlı və akril boyalardan və s. istifadə olunmuşdur. Rəsmlərdə Azərbaycanın mədəniyyəti, təbiəti füsunkar rənglərlə əks olunmuşdur.
Sonra Rusiya Markşeyderlər İttifaqının üzvü, şair Eldar Əhədov, “Kistik Fibroz Xəstələrinə Yardım” İB-nin sədri Səadət Bayramova və başqa qonaqlar çıxış etdilər. Ümummilli lider Heydər Əliyevin sənətə və sənətkarlara çox yüksək dəyər verdiyini, Prezident İlham Əliyevin bu missiyanı uğurla davam etdirdiyini vurğuladılar.
Daha sonra sərgi iştirakçılarına sertifikatlar təqdim olundu. Klubun gənc biliciləri üçün isə TV formatında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirildi.
Sərginin media dəstəkçiləri “İnnovativ Proqress və Ekologiya Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi və “Fortuna” jurnalıdır.
Sərgi iştirakçılarının ürək sözləri:
Qəmər Ağazadə, rəssam:
– Bu gün üzvü olduğum klubun sərgisi keçirilir. Burada pedaqoq kimi həm mənim, həm də tələbələrimin əl işləri nümayiş etdirlir. Şadam ki, bu gün belə bir sərgidə iştirak edirik. Klubumuzun hər bir üzvünə və digər iştirakçılara uğurlar arzulayıram. Sərgiyə “Şuşa” və “Narlı gecə” əsərlərimlə qatılmışam. Hər iki əsərimdə ana yurdumuzun zəngin təbiətini və mədəniyyətini təsvir etməyə çalışmışam.
Kəmalə Nağıyeva, iştirakçı:
– Mənim qızım bu sərgidə iştirak edir. Buna görə, qızımın müəllimi Cəmalə xanıma və sərgini təşkil edənlərə xüsusi təşəkkür edirəm. 4 adda əsərlə sərgiyə qatılmışıq. Rəsmlərdə dəniz mənzərələrinin təsvirinə daha çox yer verilib. Digər rəsmlərdə isə qədim tarixə malik İçərişəhərin günbəzləri və təbiətin gözəlliyini tərənnüm edən güllər əks olunmuşdur.
Sonda xatırlatmaq istəyirəm ki, müasir dövlətçiliyimizin memarı, ölkəmizin və xalqımızın inkişaf və tərəqqi etməsində danılmaz xidmətləri olmuş dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Xalqı həmişə mədəniyyət birləşdirməlidir. Yüksək mədəniyyətə malik olan xalq hər zaman irəli gedəcək. Həmişə yaşayacaq və inkişaf edəcək”.
Bu fikirlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Bizi güclü edən də məhz mənəviyyatımız, mədəniyyətimiz və milli birliyimizdir.
Fidan SALMANOVA
XQ