AİJA-nın futbol komandası İstanbulda

post-img

İstanbulda dünya şöhrətli siyasətçi və dövlət xadimi, türk dünyasının lideri Heydər Əliyevin 100 illiyi şərəfinə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA), Azərbaycan Minifutbol Federasiyasının (AMF), “Azfar Group”un, Beynəlxalq Futvole Federasiyasının dəstəyi ilə idman jurnalistlərindən ibarət millimizlə “Qalatasaray” əfsanələrinin qardaşlıq görüşü keçirilib. Oyun klubun UEFA kubokunu qazandığı gündən 23 il sonra baş tutub.

Oyundan əvvəl “Qalatasaray”ın prezidenti Dursun Özbək, AİJA prezi­denti Eldar İsmayılov və Azərbaycan Respublikasının İstanbuldakı baş kon­sulu Nərminə Mustafayeva ulu öndər Heydər Əliyevin Azərbaycan –Türkiyə qardaşlığının və türk dünyasının birli­yinin möhkəmlənməsində xidmətlərin­dən danışıblar, ulu öndərin nadir tarixi şəxsiyyət olaraq xalqlarımızın qürur mənbəyinə çevrildiyini vurğulayıblar.

Sonra “Qalatasaray” əfsanələri ilə Azərbaycan idman jurnalistlərinindən ibarət milli komandanın oyununa start verilib. Komandalar meydana üzərinə ulu öndərin hər iki ölkədə dillər əzbəri olmuş “Bir millət, iki dövlət” yazılmış bannerlə çıxıb. Qardaşlıq görüşü 3:3 hesabı ilə sona çatıb. Komandamızın vurduğu qolların müəllifləri “Qarabağ” futbol klubunun mətbuat katibi Gündüz Abbaszadə və “Sportal.az” saytının rəhbəri Emin Abbasov olublar. “Qala­tasaray” əfsanələrinin heyətində isə İlyas Kahmaran 2, Evren Turan 1 qolla fərqləniblər.

Oyundan sonra AİJA-nın nümayən­də heyəti Bosfor sahilində salınmış Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət ediblər.

 

“Xalq qəzeti”

İdman