Ümummilli lider: milli ədəbiyyat və milli ideologiya

post-img

Ümummilli liderimiz Heydər Əliyevin ictiumai-humanitar mövqeyinə görə, Azərbaycanda estetik düşüncə, bir qayda olaraq, ictimai düşüncəni qabaqlamış, daha doğrusu, onu öz arxası ilə aparmışdır. Milli ictimai düşüncənin formalaşmasında estetik düşüncənin həlledici rol oynadığını həmişə vurğulayan ulu öndər son nəticədə müasir dövlətçiliyimizin ilk nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələnən azərbaycançılıq ideologiyasının formalaşmasında XX əsrin əvvəllərinin ədəbiyyat və mədəniyyət xadimlərinin, elm və fəlsəfi fikir daşıyıcılarının həlledici rol oynadıqları, milli ideoloqlar kimi üzərlərinə düşən vəzifəni axıra qədər inamla, vicdanla yerinə yetirdikləri qənaətində idi.

O, xalqımızın Vətən sevgisinin də­rinləşməsində, milli şüurun inkişafında hər bir sənət adamının rolunu heyrəta­miz dərəcədə dəqiq bilir, onların yara­dıcılığını da məhz bu prizmadan dəyər­ləndirirdi. 

Ümummilli liderin XX əsrin əvvəl­lərinin iki böyük ədəbi cərəyanından birinin -- tənqidi realizmin nəhəng nü­mayəndəsi olan Cəlil Məmmədquluza­dəyə verdiyi dəyərin əsasında da onun əsərlərinin milli tərəqqidə oynadığı mü­hüm rol dayanırdı. Heydər Əliyev Mirzə Cəlilin yaradıcılığında dövlətçiliyimizin prinsiplərinin və ideologiyamızın müəy­yənləşməsi üçün həqiqi milli zəmin görürdü. O, ədəbi prosesə müasirliyə xidmət prizmasından yanaşır, XIX əsr və XX əsrin əvvəllərinin sənətkarlarının, eyni zamanda, C.Məmmədquluzadənin bədii yaradıcılığında, dünyagörüşündə, publisistik fəaliyyətində milli mənafeyə xidmət edən əsaslı cəhətlər görür, bu amillərdən istifadəni, onlara yaradıcı yanaşmanı müstəqilik dövrünün siya­si hərəkatının prioritetlərindən hesab edirdi. O, milli ədəbi-mədəni hərəkatın tarixinə siyasi düşüncənin zəngin mən­bəyi kimi yanaşırdı. 

Heydər Əliyevin milli ədəbi hərəka­tımızın böyük nümayəndələri haqqın­da çıxışlarını oxuyanda hiss olunur ki, o, ruhən özünü H.Caviddən, C.Məm­mədquluzadədən, N.Nərimanovdan, C.Cabbarlıdan ayırmır, özünü bütöv­lükdə XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatının, maarifçi ədə­biyyatın böyük nümayəndələri, “Molla Nəsrəddin”çilər, “Füyuzat”çılarla bir yerdə hiss edir, qədəm qoyduğumuz müstəqillik hərəkatında, müstəqilliyimi­zin “dönməzliyi və əbədiliyi” uğrunda mübarizədə onların ideyalarını mənəvi bayrağımız kimi təsəvvür edir. Böyük siyasətçi müstəqil dövlətimizin, humani­tar düşüncəmizin, dövlətçilik fəlsəfəmi­zin irəliyə doğru hərəkətini onların fikir­lərinə istinadla, onların fikirlərini mənəvi dayaq, təməl prinsipi götürməklə təmin etməyin mümkünlüyü haqqında düşü­nür. Buna görə də, Heydər Əliyev üçün M.F.Axundzadə, H.Zərdabi, N.Vəzi­rov, yaxud Mirzə Cəlil, Sabir, Cavid və başqaları, ilk növbədə, milli varlığımızın şərəf tarixidir, lakin bu tarixdən də çox onlar bizim müasirlərimizdir. 

Böyük sənətkarın ev-muzeyinin açı­lış mərasimində onun dedikləri konkret məzmunu ilə C.Məmmədquluzadəni nəzərdə tutursa, metaforik- simvolik məzmunu ilə bütövlükdə XIX əsrin ikinci yarısından başlayan milli ədəbi-mədəni hərəkatımızın bütün öncüllərinə aiddir: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfək­kir, xalqımızın mədəniyyətini çox zən­ginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiy­yatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda, o, bizim müasirimizdir. O, bu gün də bizimlədir, bizim sıraları­mızdadır. Bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoy­duğu mənəvi irslə çalışmaqdadır.

Əsrimizin əvvəllərində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə, əsri­mizin sonunda bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır. O bizə ilham verir, bizə güc verir, sürətlə irəli getməkdə, xalqımızı bugünkü vəziyyət­dən çıxarmaqda bizə kömək edir.”

Tarixə nəzər yetirsək, görərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin ide­oloqları əsasən ədəbiyyat və sənət adamları idi. Bugünkü müstəqil dövləti­miz AXC-nin həm də ona görə varisidir ki, milli dövlət atributlarımızdan tutmuş ideologiyamıza qədər, hamısının təmə­lində tarixi ənənələr dayanır. 

“Biz indi müstəqil dövlət kimi öz milli ideologiyamız haqqında düşünməliyik. Milli ideologiyamız, şübhəsiz ki, tarixi keçmişimizlə, millətimizin adət-ənənələ­ri ilə, xüsusiyyətləri ilə, xalqımızın, döv­lətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu baxımdan, Cəlil Məmmə­dquluzadənin yaradıcılığında Azərbay­canın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaran­ması üçün böyük bir vasitədir, böyük bir sərvətdir...Ona görə də Cəlil Məmmə­dquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın formalaş­masına, yaranmasına və onun konsep­siyasının elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edə­cəkdir.”

Ulu öndər bu qənaətdə idi ki, “onun (C.Məmmədquluzadənin – T.S.) daim işlətdiyi “Vətən, Vətən, Vətən! Millət, millət, millət! Dil, dil, dil!” sözləri xalqımı­zın, millətimizin fikirlərini, arzularını ifa­də edir”. C.Məmmədquluzadənin este­tik idealı kimi qəbul edə biləcəyimiz bu deviz Heydər Əliyevin siyasi dərkində milli özünüdərk, milli mövcudluq və milli birliyin estetik ifadəsi idi. Onun “Anamın kitabı”na verdiyi yüksək dəyər, ilk növ­bədə, yazıldığı zamanın ictimai-siya­si prosesləri ilə birbaşa əlaqələnir. O, çox dahiyanə şəkildə zamanın estetik hərəkatı ilə siyasi hərəkatı arasındakı üzvi əlaqəni görə bilirdi. Ümummilli lider deyirdi: “Çünki bizim xalqımız, respubli­kamız Şərqin və Qərbin, Şimalın və Cə­nubun qovuşuğundadır. Əsrlər boyu ay­rı-ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur”. O, “Anamın kitabı”nın bu “tə­sirlər”ə mədəni müqavimət hərəkatının nəticəsi kimi yaranması məsələsini qo­yur, hələ müstəqil yaşamaq imkanlarını tam gerçəkləşdirə bilməmiş dövlətimiz, cəmiyyətimiz üçün bu cür təsirlərin çox qorxulu olduğunu vurğulayırdı. 

Ümummilli lider nəzərə alırdı ki, “ölkəmizdə siyasi dillə desək, “güc” dövlətlərinin və yaxud qonşu dövlət­lərin hər birinin öz maraqları vardır və içtimai-siyasi həyatımıza bu “maraq­lar çərçivəsində təsirlər” qaçılmazdır. Deməli, yaşamaq, mövcud olmaq, müstəqilliyimizin “əbədiliyi və dönməzli­yi”ni təmin etmək üçün bu təsirlərə qarşı əks-təsir, müqavimət hərəkatı olmalıdır. O, müstəqililyimizin çətin günlərində ziyalı kütləsinin diqqətinə çatdırırdi ki, “...xalqımızın dahi simaları Azərbaycan dilini yaşadıb, Azərbaycan milliliyini yaşadıb, milli şüuru yaşadıb, milli məf­kurəni yaradıblar”. “Anamın kitabı”nda milli birliyə çağırışın mükəmməl estetik ifadəsini görür, milli ideologiyamızın for­malaşmasında bu tip əsərlərin ənənə formalaşdırmaq imkanlarından söz açır­dı. Ancaq ulu öndər “Anamın kitabı”na bir də ona görə həssaslıqla yanaşırdı ki, Mirzə Cəlilin əsrin əvvəllərində mü­şahidə etdiyi sosial bəlanın – milli təf­riqə hallarının bir çox cəhətlərinin əsrin sonunda – müstəqilliyimizin ilk illərində də qabarıq təzahürünü müşahidə edir, “Anamın kitabı”nda yazılan, təsvir olu­nan meyillər bu gün də cəmiyyətimizdə özünü büruzə verir” -- deyirdi . 

Nəzərə alsaq ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda hərəsi bir tərəfə çəkən, hərəsi bir dövlətin təsiri al­tında olan qüvvələr milli birliyimizə, milli dövlətçiliyimizə çox real bir təhlükə idi, hətta onu da düşünsək ki, torpaqlarımı­zın iyirmi faizinin işğalında bu təfriqəçi­liyin həlledici rolu olmuşdu, onda dahi rəhbərin böyük sənətkara həsr edilmiş nitqində “Anamın kitabı” əsəri üzərində bu qədər təfərrüatlı dayanmasının həl­ledici səbəbinin onun müasirliyi ilə bağlı olması aydın olar.

Heydər Əliyev Cəlil Məmmədqulu­zadənin təkcə əsərlərində, yaradıcı fəa­liyyətində deyil, həm də şəxsiyyətində müasir ziyalılara örnək olacaq əsaslı keyfiyyətlər görürdü. Yaşadığı çətin və taleyüklü zamanda onun şəxsiyyət bü­tövlüyünə, ictimai idealını qoruyub sax­lamasına, bu ictimai idealı milli mənafe naminə estetik ideala çevirib əsərlərin­də əks etdirməsinə, başqa sözlə, ziyalı nəhəngliyinə diqqət yönəldirdi.

Ulu öndər demək istəyir ki, mol­laxana təhsili onu İran təsirinə salıb Molla Məhəmmədəliyə, rus təhsili onu Rüstəm bəyə çevirə bilmədi. Halbuki belə təhlükə o zamankı cəmiyyət üçün tam real idi. Heydər Əliyevin sözlərinin alt qatında dayanan odur ki, Mirzə Cəlil aldığı təhsilin, tanış olduğu mədəniyyət­lərin təsiri altına düşüb, öz milli mənsu­biyyətini itirmədi. 

Milli mənsubluq müxtəlif təsir­lər altında qalaraq əriyib itmədi, ək­sinə şəxsiyyət bütövlüyü, ictimai ideal mükəmməlliyi ona aldığı təhsili də, mə­nimsədiyi mədəniyyətləri də milli mə­nafeyə tabe tutmağa imkan verdi və o, Mirzə Cəlil oldu, yəni millətinin əsl oğlu oldu.

Heydər Əliyev Mirzə Cəlil fenome­ninə bu istiqamətdə onu görə yanaşır ki, tarix sanki təkrarlanırdı. XX əsrin əvvəlləri kimi, XX əsrin sonları da Azər­baycan xalqı üçün taleyüklü zaman idi. Elə bir zaman idi ki, ziyalıdan, sənət­kardan aldığı təhsili milli tərəqqi naminə istifadəni zərurətə çevirirdi. O, məsələni belə qoyur: “Fəqət hamı Mirzə Cəlil ola bilmir. Çox bəlalarımız da bundan qay­naqlanır.”

Ona görə də Azərbaycanın gələ­cəyi üçün bütün məsuliyyəti öz üzə­rinə götürən ulu öndər ziyalı kütləsi, ictimai-siyasi qüvvələr arasındakı par­çalanmalardan Vətənin, Azərbayca­nımızın taleyi naminə imtina etməyə, milli mənafe, müstəqilliyimizin gələcəyi naminə birləşməyə çağırır. Ümummilli lider müstəqililyimizin ilk illərində Azər­baycan xalqının, o cümlədən ziyalı təbəqəsinin, ictimai-siyasi qüvvələrin qarşısında duran vəzifəni Elmlər Aka­demiyasında ziyalılarla görüşündəki çıxışında (21 dekabr 1993-cü il) aşa­ğıdakı kimi müəyyənləşdirirdi: “Xalq birləşməlidir. Xalqın ağlı, zəkası, biliyi birləşməlidir”. 

Heydər Əliyev bu vəzifənin reallaş­masında ədəbiyyatın gücünə müstəsna əhəmiyyət verir, ədəbiyyatımıza qey­ri-sağlam münasibətlərə, onun düzgün dərk edilməməsinə, böyük sənətkar­ların əsərlərinin bütün zamanlar üçün aktuallığına diqqət çəkirdi. Məhz bu mənada onun C.Məmmədquluzadə­nin “Ölülər” əsəri üzərinə dönə-dönə qayıtması, sözün həqiqi mənasında, müstəqillik dövrünün qarşıya qoyduğu məqsədlərdən irəli gəlirdi. Əslində, tək­cə “Ölülər”in yox, bütövlükdə, C.Məm­mədquluzadənin həyat və fəaliyyətinin, yaradıcılığının müstəqillik dövrünün ədəbi-elmi düşüncəsi ilə yenidən dər­kinə olan ehtiyacı önə çəkirdi. 

Ümummilli liderə görə, Mirzə Cəlil irsi nə qədər öyrənilibsə də, onun yeni­dən araşdırılması, müstəqillik dövrünün ədəbiyyatşünaslıq düşüncəsi ilə, yeni metodoloji meyarlarla hərtərəfli öyrə­nilməsi günümüzün tələbidir. O, böyük sənətkarın anadan olmasının 125 illi­yinə həsr edilmiş yubiley gecəsindəki nitqində deyirdi: “Doğrudur, Cəlil Məm­mədquluzadə yaradıcılığı elə bir dərya­dır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşünası, siyasətşünası, alimi Cəlil Məmmədqulu­zadə xəzinəsini, yaradıcılığını araşdıra­caq, onu tədqiq edərək yeni-yeni kəşflər edəcəkdir”.

Bu gün “Ölülər” əsərinə ədəbi-elmi mühitimizdəki fərqli yanaşmalar ümum­milli liderin nə qədər haqlı olduğunu sü­but edir. 

Müstəqillik illərinə qədər ədəbiyyat­şünaslığmız iddia edirdi ki,“əsərdə din daha vacib, daha ciddi sosial məsələlə­rin həllinə maneə və əngəl kimi təsvir edilən bir tənqid obyekti idi” (Y.Qara­yev. Realizm: sənət və həqiqət. Bakı. Elm,1980,s.202).

“Din tiryəkdir” deyən siyasi rejimin ədəbiyyatşünaslıq qarşısında qoyduğu vəzifələrdən doğan missiyanın yerinə yetirilməsi təşəbbüsüdür.

Müstəqillik dövrünün siyasi düşün­cəsi “din tiryəkdir” tezisini birmənalı şəkildə rədd edir. Mənsub olduğumuz dinə münasibətin siyasi-ideoloji kontur­larını ümummilli liderimiz riyazi dəqiqlik­lə cızır: “Din mənəvi mənbələrimizdən biridir. İslam dininin, Qurani-Kərimin Azərbaycan xalqı üçün açdığı yol da­vam edəcək və biz get-gedə dinimizin hər yerdə özünə layiq yer tutmasına imkan yaradacağıq” (Sənətkarın ana­dan olmasının 125 illiyinə həsr edilmiş nitqindən). 

“Ölülər” və İslam dini” məsələsinə siyasi və elmi yanaşmanın da ən düz­gün istiqamətini ümummilli lider həmin nitqində, müstəqilliyimizin ilk illərində müəyyənləşdirmişdir. Ulu öndər deyir­di: “Ölülər” əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilib və çox hallarda, o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunubdur. Təəssüf ki, o dövrdə, bəlkə, bu belə idi. Çünki bi­zim həyatımızda ateist tərbiyəsi hökm sürürdü, din inkar olunurdu və bu əsər, bəlkə də, bu baxımdan həmin istiqamət­də xidmət göstərirdi. Ancaq Mirzə Cəlil bu əsəri yazarkən heç də dinə müxalif çıxmayıbdır, əksinə, bu əsərlə, İslam dininin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışıbdır”. 

Bu fikirlər bizə imkan verir ki, “Ölülər”in mətninə istinadla onun “din əleyhinə” yazılmış əsər olması tenden­siyasını rədd edək. Məhz indi ədəbiy­yatşünaslığımızın qarşısında “Ölülər”in bədii mətn materialında İslam dininin xalqımız üçün “böyük mənəvi dəyər” mənbəyi kimi təsvirinin mahiyyətini aç­maq vəzifəsi durur. Heydər Əliyevin mülahizələrini metodoloji çıxış nöqtəsi kimi alsaq, deyə bilərik ki, Mirzə Cəlil mənsub olduğu İslam dinini inanc sis­temi kimi qəbul edir, onun hökmlərinin əxlaq və mənəviyyatımıza müsbət təsir imkanlarına inanırdı. Bu isə o demək idi ki, ədəbiyyatşünaslığımızın qarşısın­da duran əsas vəzifə Heydər Əliyevin əsərə metodoloji baxışının perspektiv­lərini görmək və bunu elmi yanaşmalar­la ifadə etməyə çalışmaqdır. Məsələnin bu tərəfi bizi müstəqillik dövrünün dü­şüncəsi ilə əsərdə (əslində isə bütöv­lükdə, bu dövrün ədəbiyyatında) İslam fəlsəfəsinin bədii əksini aşkarlamağa, mahiyyətcə isə “Ölülər”in (bütövlükdə, bu dövrün ədəbiyyatının) həqiqi məz­munu və ideyasını ortalığa qoymağa istiqamətləndirir.

Ümummilli liderin ədəbiyyatla bağ­lı düşüncələri, konkret əsərlərlə bağlı mülahizələri ilə dərindən tanış olduqca onun mülahizələrindəki professionallıq diqqəti çəkməyə bilmir. Şübhəsiz, Hey­dər Əliyev öz stixiyası etibarilə dərin siyasi təfəkkür sahibi idi. Amma onun dahiyanə bir istedad sahibi olması, təfəkküründəki universiallıq dərindən tanış olduğu hər bir əsər, yaradıcılığına hərtərəfli bələd olduğu sənətkar haqqın­da professional ədəbiyyatşünaslıqla sağlam rəqabətə girə biləcək mövqe nümayiş etdirməsinə imkan verirdi. Mirzə Cəlil yaradıcılığına konseptual baxışları bunun təkzibedilməz dəlilidir.

Təyyar SALAMOĞLU,
filologiya üzrə elmlər doktoru, professor

Sosial həyat