Tarixdən bəllidir ki, dünya mədəniyyətinin qiymətli inciləri sırasında yer almış İslam aləminin mənəvi irsinin yaradılmasında türkdilli toplumların, eləcə də Azərbaycan xalqının rolu önəmli, payı böyükdür. Təkcə Gəncəli dahi Nizaminin adını çəkmək, əsərlərini xatırlamaq kifayətdir.
Lakin İranının hakim fars şovinizmi bu gerçəyi – XII əsr Şərq intibahının zirvəsi sayılan Nizaminin türk olmasını heç cür həzm edə bilmir. O zaman İslam Şərqində poeziya dili fars dili sayıldığından, bu coğrafiyanın başqa xalqların şairləri kimi, Nizaminin də bu dildə yazması onun fars olmasını sübut etmək üçün əsas və yetərli deyil. Bu mövzuda müsahibimiz AMEA Şərqşünaslıq İnstitutu İran şöbəsinin müdiri, professor Vidadi Mustafayevdir.
– İran ideoloqları son vaxtlar Nizami Gəncəvinin fars şairi olduğunu sübuta yetirmık üçün niyə bu qədər canfəşanlıq edirlər?
– Məqsəd Azərbaycan xalqını böyük bir dahidən məhrum etməklə gözdən salmaq, farsların mütləq üstünlüyünü sübut etmək, bununla da Güney azərbaycanlılarını bir daha aşağılamaq, müstəqil Azərbaycan dövlətinə isə meydan oxumaqdır. Bircə onu demək kifayətdir ki, farslar heç vaxt Nizamini sevməmiş, Firdovsini ondan qar-qat üstün tutmuşlar. İndi isə birdən-birə Nizamiyə saxta bir məhəbbət göstərməyə başlamışlar. Builki Nizami gününü İranda geniş şəkildə keçirmək üçün müvafiq qurum və təşkilatların iştirakı ilə geniş tədbirlər proqramı nəzərdə tutulsa da, biz farsların Nizamiyə azərbaycanlılar qədər sevgi və ehtiramının şahidi ola bilmədik.
Böyük Nizami Gəncəvini ehtiramla yad etmək, onun misilsiz bədii, mənəvi irsini dəyərləndirmək, xatirəsini əziz tutmaq nəinki hər bir azərbaycanlının, farsın, eləcə də hər bir mədəni insanın borcudur və ölkə miqyasında keçirilən hər bir belə tədbir yüksək qiymətləndirilməli və təqdir edilməlidir. Amma İran bu tədbirləri Nizami Gəncəvinin layiq olduğu ən yüksək dəyəri ona verməkdə göstərdiyi səhlənkarlığı unutdurmaq üçün deyil, həmişə olduğu kimi, ideoloji mübarizə vasitəsi kimi həyata keçirməyi nəzərdə tutmuşdu.
Jurnalistlər qarşısında çıxış edən Nizami gününün qərargah rəisi və katibi qeyd ediblər ki, bu böyük şairi İranda tanımırlar. Amma əsas məsələ Nizaminin İranda tanınmaması ilə bağlı deyil, onu türklükdən ayırmaq, adını mənimsəmək səylərindədir. Nizamini xaricdə də bir fars şairi kimi tanıyan yoxdur. İranın hazırkı hakimiyyətinin əsas vəzifələrindən biri Nizamini iranlılara və xaricilərə təkcə fars dilində yazan şair deyil, həm də bir fars kimi tanıtmaqdan ibarətdir.
Beləliklə, İran bu tədbirləri ilə Nizaminin bir fars şairi olduğunu iranlılara və xaricilərə qəbul etdirmək uğrunda mübarizəyə start verib. Mətbuat konfransından hazırlanan hesabatda Nizamiyə və onun mənəvi irsinə hansı ölkənin sahib çıxmağa çalışdığı qeyd edilməsə də, hansı ölkənin nəzərdə tutulduğu aydındır. İdeoloji mübarizənin artıq başlandığını göstərən detallardan biri hesabatda, bir dəfə də olsa, Nizami Gəncəvi ifadəsinin işlənməməsidir. Böyük şairin adı yalnız Nizami kimi qeyd edilir.
İranda Nizamiyə belə geniş diqqətin məhz bu il başlanmasının səbəbini araşdıranlar, bunun Azərbaycan tarixinin ən parlaq səhifəsinin yazılmasından sonra baş verdiyini nəzərə almalıdırlar. İran hakimiyyəti Nizami Gəncəvini özünün məlum ideoloji mübarizəsində güclü bir vasitəyə çevrməyə çalışır.
Doğrudan da, İranda Nizami Gəncəviyə o qədər də diqqət ayrılmırdı. Keçən il Nizami günü münasibəti ilə yazılmış bir neçə yazıda qeyd edilirdi ki, Nizami Gəncəvi tədris proqramlarında, xüsusən magistratura səviyyəsində yer alsa da, düz-əməlli tədris olunmur və öyrənilmir, çünki Nizami insanların dini (şiə) və fars şovinistlərinin millətçilik şüurunu heç nə ilə zənginləşdirmir. Nizamiyə diqqətin ayrılmaması, qeyd edildiyi kimi, bir tərəfdən onun dini-ideoloji məqsədlərə xidmət etməməsindən qaynaqlanır. Hakimiyyətin dini qolunun ideoloqları belə hesab edir ki, Nizami Gəncəvinin əsərləri eşq və məhəbbət süjetləri əsasında qurulduğundan, real insani sevgini əks etdirdiyindən dindar adamın Allaha sevgisini azaldır, ona görə onu mədəni həyatdan kənar tutmaq lazımdır.
– Şübhəsiz, Nizami Gəncəviyə İran İslam Respublikasında uzun illər diqqətin ayrılmaması, qeyd edildiyi kimi, onun əsərlərinin fars millətçiliyi ideologiyasına xidmət edə bilməməsi ilə bağlı idi.
– Bəli, Nizami Firdovisidən fərqli olaraq fars millətçiliyinə tamamilə yad bir şairdir. Fars millətçiləri Nizamini ona görə sevmirlər ki, Nizaminin ən böyük, onun bütün fəlsəfi, elmi, siyasi, ictimai biliklərini, dünyagörüşünü, dəyərlər sistemi və ideallarını əks etdirən ən böyük əsəri farsların ən böyük imperiyası olmuş Əhəmənilər imperiyasını (e.ə.550-330-cü illər) nəinki məğlub etmiş, eləcə də tarix səhnəsindən silmiş Qərb Fatehi Makedoniyalı İsgəndərə həsr edilmişdir. Farslar XIX əsrə qədər, bəyənmədikləri Qərb alimləri müəyyən edənə qədər İranda belə bir imperiyanın olmasından xəbərsiz idilər. Bu, məhz İsgəndərin sayəsində baş vermişdi.
İsgəndərin farslar qarşısında ikinci ən böyük xidməti onların etnik dilinin də siyasi-ictimai, mədəni həyatdan bayıra atılması olmuşdur. İsgəndərin və daha sonra digər yunan-makedon sülaləsinin hakimiyyəti dövründə fars dili onun daşıyıcıları tərəfindən unudulmuşdu.
Fars tarixi və mədəniyyətini, dilini tarix səhnəsindən silən bir böyük fatehə ən böyük əsərini həsr edən Nizami Gəncəvi, təbii ki, şovinistlərin hiddətinə səbəb olmalı idi.
Odur ki, panfarsistlər Nizami Gəncəvinin fars dilində yazmasından çıxış etsələr də, onun ədəbi-bədii, fəlsəfi irsində hakim şovinist millətçi ideologiyaya xidmət edə biləcək heç nə tapa bilmirlər. Ona görə Nizami Gəncəviyə sahib çıxmaq məqsədinin arxasında Nizami Gəncəvinin vətəninə qarşı ideoloji mübarizə məqsədinin dayandığını demək olar. Qeyd edilən tədbirlər yeni mərhələyə daxil olmuş həmin mübarizənin mühüm tərkib hissəsini təşkil edir.
Bu məkrli məqsədin digər bir cəhəti İranda yenidən “iranşəhri nəzəriyyəsini” (Sasani dövrü hakimiyyət qaydalarının, yəni dinin siyasi hakimiyyətə və kilsənin hökmdara tabe olması ənənəsinin bərpa edilməsi nəzəriyyəsi) canlandırmaq və həmin nəzəriyyə tərəfdarlarını fəallaşdırmaqdır. İran hakimiyyəti öz əli ilə hakimiyyətin dini qolunun zəiflədilməsi istiqamətində yeni bir addım atmaqdadır.
Beləliklə, İran İslam Respublikasının birdən-birə Nizami Gəncəvinin kimliyi və irsinə belə geniş diqqət yetirməsinin əsas səbəbini, qeyd edildiyi kimi, İranın ölkəni bürümüş siyasi-iqtisadi böhran şəraitində kütləvi iğtişaşlara qarşı ideoloji mübarizəsində axtarmaq lazımdır. Daha doğrusu, həmin tədbirlər ideoloji mübarizənin mühüm tərkib hissəsini təşkil edir. Tədbirlərin daxili hədəfini məlum etnik-siyasi və etnik-mədəni birlik və onun az-çox mədəni fəalları və ən nəhayət, sekulyar qüvvələrin radikal dinçiləri təşkil edir. Bu səbəblər içərisində birinci yerdə müəyyən məqsədə xidmət edən və məlum xatrici subyektə qarşı yeridilən ideoloji mübarizə hədəfləri durur.
Hazırladı:
Tahir AYDINOĞLU, “Xalq qəzeti”