İrəvandan Moskvaya növbəti “sayğısızlıq”

post-img

Dörd gün əvvəl Avropa Siyasi Birliyinin Moldovanın Bulboaka kurort qəsəbəsində düzənlənən 2-ci Zirvə toplantısının gedişində Ermənistan baş naziri Nikol Paşinyanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsi barədə məlumatımız olmasa da, birincinin ikincinin ölkəsi ilə bağlı açıqlaması, bəlkə də, orada yaşanan ab-havanın təsirindən xəbər verirdi. 

Söhbət Hayastan liderinin “Ukray­nadakı müharibədə Ermənistan Rusiya­nın müttəfiqi deyil” bəyanatından gedir. Yəni, Nikol bu açıqlaması ilə Moskvaya İrəvanın bəzi məqamlarda onun yanında yer almayacağı mesajını ötürmüş oldu. Ukrayna və Ermənistanın dövlət başçıla­rının Rusiyanın xüsusi hərbi əməliyyatla­ra başladığı 2022-ci ilin fefralından son­ra, ümumiyyətlə, eyni formatlı görüşlərə birgə qatıldıqlarını, həmin tədbirlərdə üz-üzə gəldiklərini xatırlamırıq. 

Amma Paşinyanın məhz indiki məqamda belə “cürətli” bəyanat verməsi qətiyyən təsadüfi sayıla bilməz. Kremlin Hayastanın baş nazirinin bəyanatına re­aksiyası özünü çox gözlətmədi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Pes­kovun məsələyə münasibətini kifayət qədər maraqlı və əks-mesaj kimi qəbul etmək olar: “Bu, mühüm açıqlamadır. Rusiya Ukrayna ətrafındakı münaqişə ilə bağlı Ermənistanın mövqeyini nəzərə alır. Bilirik ki, Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nüanslar var. Biz bunlardan xəbərdarıq və nəzərə alırıq. Amma bütün bunlara baxmayaraq, müttəfiqimiz olan Ermənis­tanla ikitərəfli münasibətləri inkişaf etdir­məyə davam edirik”.

Birinci Qarabağ müharibəsində bö­yük güclərin köməyi ilə torpaqlarımızı işğal edən Ermənistan özünü Rusiyanın Cənubi Qafqazdakı forpostu kimi çox rahat və arxalı hiss edirdi. Fəqət iqtisadi və hərbi-siyasi cəhətdən Kremldən tam asılı vəziyyətdə olan İrəvanda iqtidara yeni qüvvələr gələndən, ələlxüsus da, 44 günlük müharibədə ağır məğlubiyyət­dən sonra daxildə və xaricdə dip-balansı pozuldu. 

1997-ci ildə bağladıqları ikitərəf­li müqaviləyə əsasən bu ölkələr hərbi müttəfiqdir. Düzdür, İrəvan 2-ci Qarabağ müharibəsində Rusiyadan otuz il əvvəlki dəstəyi görmədi, amma silahla kifayət qədər təmin edildi. Onu da unutmamışıq ki, Vətən müharibəsinin 44 günü ərzin­də ermənipərəst Rusiya telekanallarında anti-Azərbaycan təbliğat özünün apoge­yinə çatmışdı. Amma bu dəfə nə sovet­dənqalma silah, nə də dez-təbliğat onla­rın karına yetdi. Çünki dövran o dövran deyildi. 

Nikol Paşinyan Ermənistanın Ukray­na məsələsində Rusiya Federasiyasının müttəfiqi olmadığını söyləməklə bir daha üzünü Qərbə çevirdiyini nümayiş etdir­miş oldu. Əslində həmin mesaj birbaşa “qoca qitə”dəki və okeanın o üzündəki güclərə hesablanmışdı. 

İndi artıq “müsyölərdən” və “serlər­dən” özünə müttəfiq və himayədar tut­maq istəyən İrəvanın pərdə arxasında hansı oyunlar çevirdiyini Moskva da yaxşı bilir. Kreml erməni ictimaiyyətində getdikcə güclənən antirus əhval-ruhiyyə­sindən də xəbərsiz deyil. 

İş qalır günahkarı cəzalandırmaq ssenarisinin işə salınmasına. Görünən odur ki, motivindən asılı olmayaraq, oynanılacaq siyasi dramın finalında Er­mənistanın Rusiyanın təsir dairəsindən sağ-salamat çıxacağına ümidlər çox zəifdir. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Dünya