Ali məktəblər COP29 günlərində distant təhsilə hazırdır

post-img

Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Konfransı öz işinə başlayacaq. Bununla əlaqədar Nazirlər Kabineti Bakı və ətraf rayonlardakı təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə qərar qəbul edib.

Qərara əsasən, ölkənin ümumi təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12–22-nə keçirilib. Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən peşə, orta ixtisas və ali təhsil məktəblərində isə noyabrın 12-dən 22-dək dərslər distant (məsafədən) formada həyata keçiriləcək. Bununla bağlı Elm və Təhsil Nazirliyinə tapşırılıb ki, təhsil proqramlarının tam mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər görsün.

COVID19 pandemiyası dövründə ölkənin təhsil müəssisələrinin kollektivləri, eləcə də şagirdlər, tələbələr və müəllimlər məsafədən tədris üzrə təcrübə qazanıblar. Bəs beynəlxalq konfransın davam edəcəyi 10 gündə bu təcrübədən necə istifadə ediləcək? Bir neçə ali təhsil müəssisəsinin sözçüsü XQ-nin bu sualına belə cavab veriblər.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva ali təhsil ocağının onlayn tədris prosesinə yüksək səviyyədə hazırlaşdığını dedi: “2021-ci ildən BDU-da “Blackboard” rəqəmsal tədris platformasının tətbiqinə başlanılıb. COP29 günlərində də onlayn tədris bu sistem vasitəsilə həyata keçiriləcək və əminik ki, tələbələrimiz heç bir problemlə üzləşməyəcək”.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova bildirdi: “Bizim universitet pandemiya zamanı onlayn tədris təcrübəsini uğurla həyata keçirib. Ona görə müəllimlərimiz də, tələbələrimiz də növbəti sınağa tam hazırdırlar. Bunun üçün bütün texniki imkanlar da var”.

Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova da universitetdə təhsilin distant təşkili üçün bütün imkanların yaradıldığını bildirdi: “Onlayn dərslər 2018-ci ildə burada yaradılmış “Extern” Mərkəzinin imkanlarından istifadə etməklə aparılacaq”.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı da əminliklə bildirdi ki, distant tədrisin təşkili üçün universitetin bütün maddi-texniki avadanlıqla təminat sayəsində heç bir çətinliyi yoxdur. COP29-un keçiriləcəyi müddətdə distant tədrisin yüksək səviyyədə təşkil olunacağına şübhə ola bilməz.

Təhsil eksperti Elçin Murad isə qeyd etdi ki, həqiqətən, ölkəmizdə onlayn təhsil sahəsində kifayət qədər təcrübə var: “COVID19 pandemiyası zamanı qazanılan təcrübə bu dəfə də kara gələcək. COP29 günlərində universitetlərdə uğurla tətbiq olunacaq”.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil