Ana dilimizə Lütfi Zadə baxışı

post-img

Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” adlı kitabı çapdan çıxıb.

Dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılan amerikalı soydaşımız Lütfi Zadənin irsi bir çox yeni elmi araşdırmalar üçün tükənməz qaynaqdır. Elə akademik Kamal Abdulla və professor Rafiq Əliyev də ona istinadla ortaya son dərəcə sanballı araşdırmalar qoyublar. Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini daha öncə də dərinliklərinə qədər araşdırmış müəlliflər bu qeyri-adi elmi baxışı ilk yazılı oğuz türk eposu “Kitabi- Dədə Qorqud”un boylarına tətbiq etməklə diqqətəlayiq nəticələrə nail olublar. Onların həmin mövzuda birgə qələmə aldıqları kitab Azərbaycan (3 dəfə), Almaniya və Türkiyədə çap olunaraq, geniş oxucu auditoriyasının təqdirini qazanıb.

Qeyri-səlis məntiq nəzəriyyəsinin sosial elmlərə tətbiqinə dair yeni nəşrdə isə müəlliflərin mövzuya yanaşma rakursları və məntiqi nəticələri xüsusi olaraq diqqət çəkir. Əvvəldə dünyanı heyran qoyan məşhur nəzəriyyənin yaranma tarixi, onun klassik məntiqlə müqayisəsi, bu nəzəriyyənin digər elm və istehsalat sahələrinə uğurlu tətbiqindən söz açılır. Ardınca dil-nitq tandemindən bəhs olunur, qeyri-səlis məntiqin əsas baza elementləri kontekstində bu yöndə çox maraqlı elmi gəzişmələr edilir. Kitabın ayrı-ayrı fəsillərində diqqət fonoloji, morfoloji, leksik qatlarda, cümlə və mikromətnlərdə qeyri-səlislik məsələlərinə yönəldilir. Eyni zamanda, süni intellekt və dil münasibətləri fonunda süni intellektin tərkib hissəsi kimi özünü göstərən təbii dilin emalı və xüsusilə, “sentiment” təhlil əsasında dilçilik üçün perspektivli istiqamətlərə işarə edilir. “Küylər” və bədii süsləmələr arasında paralellik nəzərdən keçirilir, bədii informasiyanın ötürülməsi, dəyərləndirilməsi və qorunmasından söz açılır. Personifikasiya və metaforlaşmanın bədii dildə yeri ilə bağlı dəyərli fikirlər irəli sürülür.

Əsərin “Nəticə” hissəsində ünlü müəlliflər hər fəslə aid yekun müddəaları verməklə, oxucuya bir növ “bələdçilik” edirlər. Burada qeyri-səlis məntiqin dil-nitqin inkişafı boyu səlis məntiqə nisbətən daha geniş və əsaslı mövqedə olması, sinergetik perspektivlər baxımından müasir dilçilik elmi qarşısında duran vacib problemlər, Lütfi Zadə məntiqinin digər sosial elmlərə tətbiqindən irəli gələn məsələlər, perspektiv araşdırma arealı nəzərdən keçirilir. Kitab “Əlavələr”lə daha da zənginləşir və ingilis dilində yığcam “Rezyume” ilə tamamlanır.

Nəhayət qeyd edək ki, “Sim-Sim” nəşriyyatında işıq üzü görən yeni nəşrin “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Kitabın elmi redaktorları professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.

Akademik Kamal Abdulla ilə professor Rafiq Əliyevin son dərəcə cəlbedici, dərin fəlsəfi düşüncələrini və qeyri-səlis məntiqə söykənən yaradıcılıq axtarışlarını ehtiva edən yeni nəşr gələcək tədqiqatlar üçün “yol xəritəsi” olmaq baxımından çox önəmlidir.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət