İzmirin Egey Universitetində üzbəüz və onlayn rejimdə keçirilən 5 günlük “Türk Dünyası II Modernləşmə: Türk Dünyasında Mətbuat” adlı Həsən bəy Zərdabi simpoziumu uğurla başa çatıb.
Azərbaycan milli mətbuatı banisinin xatirəsinə həsr edilən elmi toplantı barədə onun təşkilatçısı – Egey Universitetinin kafedra müdiri Yılmaz Özkaya məlumat verərək bildirib ki, Türk dünyasının ilk peşəkar mətbuat xadimi, böyük maarifçi, əvəzolunmaz müəllim, fikir, düşünçə insanı olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin Rusiya türklərinin milli oyanışında, özünüdərk prosesində, anadilli jurnalistikanın formalaşmasında böyük rolu olub. O, ərəb qrafikalı hürufatı İstanbuldan Bakıya gətirib və milli qəzetin əsasını qoyub. Bir qədər sonra bu maarifçilik işini Baxçasarayda İsmayıl bəy Qaspralı davam etdirib.
Elmi toplantıda Türkiyədən 60, Azərbaycandan 28, Özbəkistandan 48, Türkmənistandan 5 alim – mətbuat tədqiqatçıları və ədəbiyyatşünaslar iştirak ediblər. Quzey Kıprıs Türk Cümhuriyyəti, Rusiya və İrandan olan alimlərin də məruzələri dinlənilib.
Türkiyənin tanınmış alimləri – professor Yavuz Akpınar, Sema Barutcu, Hasan Krımlı, İbrahim Maraş Həsən bəy Rusiya imperiyasında Zərdabi ilə başlanan türk mətbuatının keçdiyi mərhələlərdən, Türk dünyasının modernləşmə proseslərində mətbuatın rolundan danışıblar, medianın indiki vəziyyətini təhlil ediblər. Azərbaycandan Qafar Caxmaqlı, Akif Aşırlı, Nazim Muradoğlu, Hacı Abdulla, Odər Əlizadə, Təhminə Bədəlova, Hicran Əhmədova, Yeganə Babayeva və digər alimlər anadilli jurnalistikamızın inkişaf tarixi, mətbuatın cəmiyyətdəki aparıcı rolu haqqında mühazirələr oxuyublar, müzakirələrdə fəal iştirak ediblər.
Simpoziumun son 2 günü onlayn formatda davam edib və toplantıya canlı qoşula bilməyən alimlərin məruzələri dinlənilib.
Qeyd edək ki, XQ-nin əməkdaşı, fəlsəfə doktoru Namiq Əhmədov simpoziumun Erdem Ruhi panelinə sədrlik edib və “Azərbaycan Cümhuriyyətinin dövlətçilik irsi “Kommunist” – “Xalq qəzeti”nin materiallarında” adlı məruzə ilə çıxış edib.
XQ