“Kəlağayı yaşıl dünyaya töhfədir”

post-img

“Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində Xətai Rayon İcra Hakimiyyəti, Xətai Sənət Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi təşkil olunub.

Ekspozisiyada istedadlı fırça ustaları Gülnarə Məmmədova, Seyran Allahverdi və Natiq Nəcəfovun əlvan kəlağayı rəsmlərindən ibarət əsərləri, öz evinin bir otağını qədim sənət muzeyinə çevirmiş şair-kolleksiyaçı Güllü Eldar Tomarlının yaşıl dünyaya aid əl işləri, yaşı əsrlərə söykənən qədim örtüklər, eləcə də müasir Basqal kəlağayıları nümayiş olunub.

Sərgidə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdən bəhs edib. Onun həmkarları Mehriban İsrafilova, Turan Cəfərova, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, təşkilatçı Nəzakət Əvəzova, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Meyvəddin Ramaldanov, Nizami Hüseynov da ürək sözlərini söyləyiblər.

Məlum olduğu kimi, düz 10 il əvvəl – 2014-cü ildə Azərbaycanın qədim və zəngin xalq sənətkarlığının daha bir nümunəsi olan qadın baş örtüyü “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Sərgidə qeyd olunub ki, bu tarixi hadisə Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək diqqətin nəticəsidir. Beynəlxalq mədəniyyət qurumu ilə əməkdaşlığın və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qayğısının nəticəsi olaraq, mədəni irs nümunələrinin qorunması və inkişafı üçün ölkəmizdə əhəmiyyətli tədbirlər həyata keçirilir.

Zaman-zaman dünya səyyahlarının diqqətini cəlb edən, alimlərin əsərlərində haqqında bəhs olunan, uzun illərdən bəri ölkəmizə həm maddi, həm də mənəvi fayda verən Azərbaycan ipəyi və müxtəlif ornamentli nadir qadın baş örtüyü nümunələri seyrçilərin böyük marağına səbəb olub. İsmayıllı rayonunun Basqal qəsəbəsindəki Kəlağayı Muzeyindən gətirilən yeni çeşnilər və nadir qəliblər (ştamplar), pannolar, nənələrimizin mənəvi mirası kimi toplayıb saxladığı qızılı, bənövşəyi, ağ, göy-mavi rəngli kəlağayılar hər kəsdə xoş duyğular oyadıb. Klassiklərin kəlağayı üzərinə həkk olunmuş portretləri, silsilə “Örpəkli qadın” rəsmləri diqqət çəkib. Araşdırmaçı yazıçı Vaqif Osmanlının, şair və aşıqların çıxışları sərgiyə əlavə rəng qatıb. Əməkdar mədəniyyət işçisi Solmaz Kosayevanın, gənc bəstəkar-müğənni Arif Mehmandostun və aşıq Nərmin Cəlalın ifaları alqışlarla qarşılanıb. qurama ustası Aybəniz Camalova əl işini, gənc rəssam Pərvanə isə “Kəlağayım” rəsmini muzeyə hədiyyə ediblər.

Layihənin rəhbəri Güllü Eldar Tomarlının sərgi barədə dedikləri:

– Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi ilə birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə təsdiqini tapıb.

Xanımlarımızın baş tacı olan örtüyün UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə ötən aylarda bir sıra bölgələrdə, ali təhsil ocaqlarında bənzər tədbirlər keçirilib. Bu sərginin təşkilindən də əsas məram və məqsədimiz tarixi yüzilliklərə dayanan milli atributlarımızı təbliğ etməkdir. Bundan sonra da yubiley təntənələrimiz davam edəcək.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət