Özəl universitetlərə maraq niyə azalır?

post-img

Hər il tələbə qəbulu zamanı özəl universitetlərə maraq bir qədər də azalır. Əksər ali təhsil ocaqlarını seçən tələbələrin çoxu isə test imtahanından az bal toplayanlar olur. Xarici ölkələrdə bunun tam əksi baş verir: yüksək bal toplayanlar daha çox özəl universitetləri seçirlər. Bəs Azərbaycanda valideynlər övladlarını özəl bağçaya, liseyə və məktəbə göndərdiyi halda, niyə gənclər özəl universiteti seçmirlər?

Xaricdə təhsil üzrə mütəxəssis Rahib Niftiyev bildirdi ki, adətən, xaricdə özəl universitetlərin maddi-texniki bazası, təhsilin keyfiyyəti, əlaqələri dövlət universitetindən üstün olur:

– Belə universitetlərdə müəllimlərə və digər işçilərə yüksək məvacib verirlər. Tələbələrə bilik ən təsirli metodlarla, fərqli qayda və texnologiyalarla çatdırılır. Özəl universitetlərdə təhsil haqqı yüksək olsa da tələbələr daha çox bu məktəbləri seçirlər.

Valideyn, tələbə və abituriyentlər arasında apardığımız sorğulardan da məlum oldu ki, ölkəmizdə özəl universitetlər hələ kifayət qədər nüfuz qazana bilməyib. Dövlət İmtahan Mərkəzinin statistikasına əsaslansaq görərik ki, adətən, özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində 1-ci göstərən abituriyentlər 5,68 faiz, subbakalavrlar isə cəmi 6,34 faiz olub. Ərizələrdə özəl universiteti 1-ci yerdə yazmaq, hələ ali məktəbə qəbul olunmaq demək deyil. Özəl universitet seçimində irəliləyiş çox azdır. Hazırda özəl ali təhsil müəssisələrinə qəbul olunanların mütləq əksəriyyəti balı dövlət ali təhsil müəssisələrinə çatmayanlardır. Son illərdə özəl ali məktəblərə ödənişlər dövlət universitetlərinə bərabər, bir sıra hallarda isə azdır. Görünür, bu güzəşt də abituriyentləri özəl təhsilə cəlb edə bilmir.

Təhsil eksperti Elçin Murad dedi ki, son illərdə bir sıra özəl universitetlərin bağlanması bu inamı daha da azaldıb:

– Cəmiyyətin böyük qismi özəl təhsil ocaqlarına, sanki gələcəyi bəlli olmayan universitet kimi baxır. Lakin ölkəmizin təhsil qanunvericiliyi imkan verir ki, özəl ali təhsil müəssisəsi bağlandığı halda, meyarlar nəzərə alınmaqla tələbələr digər özəl və dövlət universitetlərinə köçürülsünlər. Çünki bütün universitetlərə qəbul vahid formada – DİM-in keçirdiyi imtahanlar əsasında aparılır.

Təhsil mütəxəssisləri və ekspertlərin qənaəti budur ki, özəl universitetlər tədrisin keyfiyyətini yüksəltməli, bilikli tələbələrə təhsil haqqının məbləğində güzəştlər etməlidirlər. Bundan əlavə, özəl təhsilə investorlar cəlb olunmalı, onlar müxtəlif təqaüd proqramlarından yararlanmalıdırlar. Dilçi, akademik Nizami Cəfərovun fikrincə, özəl universitet təcrübə və böyük maliyyə vəsaiti hesabına yaranmalıdır: “Ciddi maliyyə mənbəyi olmalıdır ki, yüksək ixtisaslı kadrlar cəlb edilsin, zəngin texnologiya imkanları olsun ki, ciddi elmi tədqiqatlar aparılsın”.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil