Füzuli – 530
Türkiyənin paytaxtı Ankarada, Qazi Universitetində Azərbaycanın dünya şöhrətli şair və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqdar “Beynəlxalq Füzuli Simpoziumu” və bədii gecə keçirilib.
Qazi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Kültürünü Araştırma İnstitutu və ölkəmizin Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdikləri simpoziumda alim, yazıçı və şairlərlə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türk Mədəniyyətinin Tədqiqi İnstitutunun direktoru, professor Bican Ercilasun, Əmrə Yunus İnstitutunun direktoru, professor Abdurrahman Ali, Qazi Universitetinin rektoru Uğur Ünal iştirak ediblər.
Bildirilib ki, Füzuli irsi ədəbiyyat və fəlsəfənin zirvəsi olmaqla yanaşı, həm də Türk dünyasını birləşdirməkdə yüksək xidmətlər göstərib. Azərbaycan ədəbiyyatında həm ana dilimizdə, həm də ərəb və fars dillərində ədəbi əsər nümunələrinin müəllifi olan Füzuli kimi başqa şair yoxdur. Füzulinin hələ sağlığında əsərlərinin türk ədəbiyyatının incisi hesab olunduğu qeyd edilib.
Aakademik İsa Həbibbəyli dahi şairin yaradıcılığından bəhs edən kitabı Qazi Universitetinə hədiyyə edib. Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış və Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii, musiqili kompozisiya təqdim olunub.
“TRT Türkü” radiokanalının “Azərbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər dahi şairin əsərlərini ifa edib. Beynəlxalq Muğam Mərkəzinin solisti, VI “Muğam” müsabiqəsinin qalibi Almaxanım Əhmədli, Səxavət Məmmədov (tar), Elvin Novruzov (kamança), Elxam Baxışov (elektropiano) isə Füzulinin qəzəllərindən ibarət musiqi nümunələri səsləndiriblər.
Simpoziumun 2-ci günü alimlərin və ədəbiyyatşünasların Füzuli irsi mövzusunda çıxışları ilə əlamətdar olub.
XQ