Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə tələbələrin “ATMA, YARAT! ” adlı ekosərgisi və ağacəkmə aksiyası keçirilib.
Sərgini giriş sözü ilə açan Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş bu tədbirin dünyamızı qorumaq adına göndərilən əhəmiyyətli mesaj olduğunu qeyd edib. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində 5-ci prioritetin məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olduğunu qeyd edən R.Ağayeva, yaşıl iqtisadiyyata və yaşıl enerji təchizatına keçidin Azərbaycan iqtisadiyyatının prioritet məsələlərindən olduğunu, ölkə başçısının işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevirməsi ilə bağlı verdiyi Sərəncam və görülən işlərdən söz açıb, hər kəsi tullantılardan səmərəli istifadəyə, dünyamızı, təbiətimizi qorumağa səsləyib.
Sərgi çərçivəsində fakültə tələbələrinin kağız, plastik, şüşə və digər müxtəlif tullantılar materiallarından hazırladıqları, bioloji müxtəlifliyin və ətraf mühitin qorunmasının vacibliyini tərənnüm edən çeşidli rəsm əsərləri, heyvan maketləri və digər əsərlər nümayiş etdirilib.
Sərgidə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, ətraf mühitin mühafizəsi planetimizin gələcəyi üçün kritik önəm daşıyır. İqlim dəyişikliyi, ekosistemlərin pozulması və təbii sərvətlərin plansız istismarı müasir dövr insanının təbiətə qarşı məsuliyyətini daha da artırmalıdır. C.Cəfərov diqqətə çatdırıb ki, ölkəmizdə ekoloji vəziyyətin stabilləşdirilməsi, ətraf mühitin mühafizəsi və ekoloji problem yaradan məsələlərin həlli istiqamətində uğurlu hərtərəfli siyasət həyata keçirilməkdədir. Rektor qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı olan COP29 kimi irimiqyaslı və məsuliyyətli tədbirin ölkəmizə həvalə edilməsi təsadüfi deyil və bu bir daha ölkəmizdə müvafiq sahədə aparılan işlərin qlobal arenada yaratdığı rəğbətin təzahürüdür.
Prof. C.Cəfərov keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, bu tədbirin cəmiyyət üçün önəmli çağırış olduğunu qeyd edib, bu cür layihələrin davamlı olaraq keçirilməli olduğunu vurğulayıb.
Daha sonra ADPU-nun baza məktəbi olan M.Rahim adına 7 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında tullantılardan hazırlanmış “National flora” adlı geyim sərgisi də nümayiş olunub.
Sonda universitet rəhbərliyi və tələbələrin iştirakı ilə universitetin həyətində ağacəkmə aksiyası həyata keçirilib, tədbirin təşkilində fərqlənən tələbə və şagirdlər təltif olunub.