Yeni dərs ilinin başlamasına bir gün qalır. Sen-tyabrın 16-da məktəblər qapılarını şagirdlərin üzünə açacaq. Bəs, ümumtəhsil müəssisələrinin yeni tədris ilinə hazırlığı necə gedir?
Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda nazir Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında yaradılmış müvafiq qurumların əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak ediblər. Nazir Emin Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli üçün atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlərdən, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.
Konfransda bildirilib ki, məktəbəqədər təhsildə əhatəliliyin artırılması, ümumi tədrisin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır. Panel müzakirələr zamanı metodik xidmətin təşkili, dərsliklərin məzmunu, inklüziv təhsil, məktəb-valideyn münasibətləri, tədrisin təşkili, məktəb idarəetməsində səmərəliliyin artırılması, buraxılış və qəbul imtahanlarındakı yanaşmalar və digər mövzuların aktuallığına toxunulub. Konfrans iştirakçılarının fikir və tövsiyələri dinlənilib, onları maraqlandıran suallara cavab verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, yeni tədris ilində qurumun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində, ümumilikdə, 513 min 698 şagirdin təhsil alacağı gözlənilir. BŞTİ-nin tabeliyindəki məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757, XI sinfində 32 min 260, XII sinfində isə 156 şagird oxuyacaq. Məktəbəqədər təhsil müəssisələrinə isə 45 min 201 uşağın, məktəbəhazırlıq qruplarına 29 min 216 beşyaşlının cəlb olunacağı gözlənilir.
Yeni tədris ilində paytaxt məktəblərində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 min 830 tərbiyəçi-müəllim çalışacaq. Xatırladaq ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.
Dərs ilinin başlanması ilə əlaqədar məktəbli forma və ləvazimatlarının satışının həyata keçirildiyi mağazalara da baş çəkdik. Bu məhsullara tələbat xeyli artıb. Qiymətdən və məhsulun keyfiyyətindən razı olanlar da, olmayanlar da var. Paytaxt sakini Xədicə Quliyeva qiymətlərdən razı olduğunu bildirsə də, üç uşaq atası Orxan Abışov qiymətlərin baha olmasından gileyləndi.
Satıcılar da bəzi məhsulların, xüsusilə, kağız ləvazimatlarının qiymətində artımın olduğunu dedilər. Qiymətlərə gəlincə, bu rəqəm çantalarda 20–80 manat arasında dəyişir. Dəftərlər 20 qəpik – 2 manat, sadə karandaşlar 10 qəpik – 2 manat, rəsm albomları 1– 3 manat, sadə qələmlər 10 qəpik –1 manat, rəngli karandaşlar 1– 8 manat, pozanlar 20 – 70 qəpik, qələmyonanlar 15 qəpik – 1 manat 40 qəpik, xətkeşlər 20 qəpik – 3 manat, plastilinlər 1 manat 50 qəpik – 6 manat, fırçalar 30 – 60 qəpik intervalında qiymətlərlə satılır.
Məktəbli formalarının qiymətləri, təxminən, keçənilki ilə eynilik təşkil edir. Yeri gəlmişkən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbli formaları ilə bağlı valideynlərə çağırış edib: “Valideynlər məktəbli formaları ilə bağlı təhsil ocaqları ilə əlaqə saxlasınlar. Xüsusilə, övladı 1-ci sinfə gedən valideynlər həm Dövlət Agentliyi, həm də məktəblərlə əlaqə saxlaya bilərlər”.
Yeni dərs ilinin başlanmasını valideynlər ciddi hazırlıqla qarşılayırlar. Paytaxt sakini Bəsirə Sadıqova dedi ki, məktəblərin açılması onu da sevindirir: “Məktəb üçün lazım olan hər şeyi almışıq. Uşaqların hər gün dərsə gedib-gəlməsi həm də nizam-intizam vərdişlərinə yiyələnmək baxımından önəmlidir”.
Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə elm və təhsil naziri əmr imzalayıb. Əmrə əsasən, ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən XQ-yə bildirildi ki, yeni dərs ilinin başlanması təhsilalanların, xüsusilə, uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir. Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlərin effektivliyinin artırılması məqsədilə cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində təhlükəsizlik aylığının keçirilməsinə başlanılıb. “Diqqət, uşaqlar!” devizi altında keçiriləcək tədbirlər çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müəyyən edilməsi, çatışmazlıqların aradan qaldırılması, xüsusilə, maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli işlərin görülməsi nəzərdə tutulur.
Rizvan FİKRƏTOĞLU
XQ