Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sabiq (2003-2012) prokuroru Luis Moreno Okampo Ermənistana səfər edib. Səfər ABŞ-də fəaliyyət göstərən Həqiqət və Ədalət Mərkəzinin və bütün ermənilərin katolikosu II Qareginin dəvəti ilə baş tutub. Sentyabrın 13-də İrəvandakı “İBİS” hotelində Okampo ilə açıq görüş keçirilib. Görüş “Erməni məhbuslara azadlıq” təşəbbüsü tərəfindən təşkil olunub.
Qeyd edək ki, bu səfər və keçiriləcək görüşlə bağlı məlumat bir neçə gün əvvəl yayılmışdı. Təşəbbüskarın və qonağın kimliyi görüşdə hansı məsələlərin müzakirə olunacağını ehtimal etməyə əsas verirdi. Belə də oldu. Okampo bir çox məsələlərlə bağlı danışsa da və ermənilərə, necə deyərlər, canıyananlıq edərək xeyli məsləhətlər versə də, diqqəti əsasən Azərbaycanda separatçılıq əməlləri törətdikləri üçün həbs edilmiş xunta rejiminin sabiq “qlavar”larının azad olunmasına yönəldib. Təxminən iki saat davam edən açıq görüşdə argentinalı dələduz “beynəlxalq ədalətə nail olmaq və Artsax ermənilərinin geri qayıtmaq hüququnu təmin etmək üçün” ermənilərin əlində rəhbər tuta biləcəyi “yol xəritəsini” təqdim edib. “Erməni hərbi əsirlər” adlandırdığı şəxslərin sərbəst buraxılması üçün Azərbaycana təzyiq göstərməyin mümkün yollarından danışıb.
Xaricdəki erməni diasporundan külli miqdarda pul aldığı heç kəsdə şübhə doğurmayan Okampo deyib ki, bir neçə ay əvvəl internetdə başlatdığı “erməni məhbuslar”ın azad edilməsi kampaniyası kifayət qədər uğurlu olub. “Bu kampaniyanı 32 ölkədən olan ermənilər dəstəklədi, mən ilk dəfə beynəlxalq səviyyədə əməkdaşlıq gördüm” – deyən sabiq prokurorun sözlərinə görə, hərəkata təkcə ermənilər deyil, akademik mühitin, universitetlərin nümayəndələri də qoşulublar. Diasporun prosesə necə töhfə verə biləcəyini soruşduqda, Okampo belə cavab verib: “Səhər yuxudan oyananda sosial şəbəkələrdə COP29 heşteqi ilə “erməni girovlarını azad edin!” və “erməni soyqırımını dayandırın!” yazın. Bunun özü kifayət qədər güclü bir mesaj olar”.
Onun fikrincə, bu cür ucuz hərəkətlər “ciddi siyasi təzyiq” yarada bilər. Vurğulayıb ki, indiki mərhələdə bu cür hərəkətlərə hökumət deyil, məhz erməni xalqı və diaspor təşəbbüs göstərməlidir. O, təklif edib ki, bütün dünya erməniləri öz hökumətlərinə müraciət edərək Azərbaycana təzyiq göstərməyə çağırsınlar və separatçı “qlavar”ların azad edilməsinə nail olsunlar: “Bu, mühüm siyasi proses ola bilər və iqlim konfransı beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün əsas məqamdır”.
Beynəlxalq hüquqa gəldikdə isə Okampo lap ağ edib. Onun sözlərinə görə, beynəlxalq hüquq da ermənilərin tərəfindədir. Eyni zamanda, sabiq prokuror Qarabağın erməni əhalisinin hüquqlarının qorunmasının vacibliyini vurğulayıb və onun İrəvanda başlarını girləyən hazırkı “qlavarlar”ına geri dönüş planının işlənib hazırlanmasında, eləcə də onların hüquqlarının Azərbaycan tərəfindən tanınması ilə bağlı danışıqlarda öz yardımını təklif edib.
Başabəla hüquqşünasın fikrincə, 2024-cü il noyabrın 11-22-də paytaxtımızda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Qarabağ ermənilərin hüquqlarının dəstəklənməsi baxımından beynəlxalq ictimaiyyət üçün ciddi sınaq olacaq.
Ümumiyyətlə, COP29 xaricdəki bir çox azərbaycanofob və islamofob şəxslər kimi Okampo üçün də göydəndüşmə fürsət olub. Xaricdəki varlı-hallı ermənilərin pul kisəsindən asılı olduğu heç kimdə şübhə doğurmayan biri kimi Okampo da ortalığa atılaraq, hələ də istifadəyə yararlı olduğunu sübut etməyə, daha çox vəsait qoparmağa çalışır. Okampo aldığı pulların əvəzini ödəmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır.
O, hələ 2024-cü il iyul ayının 23-də özünün saytında ermənilərə açıq məktub ünvanlamışdı. Məktubun girişində hayların ünvanına təriflər yağdıraraq, daha sonra onlara “yol xəritəsi”ni təqdim etmişdi. O, erməniləri COP29-a qədər səylərini birləşdirməyə, mediada və sosial şəbəkələrdə separatçı erməni “qlavar”lara dəstək kampaniyası başlatmağa çağırmışdı. BMT-nin iqlim konfransını siyasiləşdirərək, onu “erməni məhbuslar”ın azad edilməsi üçün görünməmiş şans hesab etdiyini bildirmişdi. Yeri gəlmişkən, sentyabrın 13-də İrəvanda keçirilən görüşdə də hansısa yol xəritəsindən danışılıb. Deyəsən, onun əsas işi hüquqşünaslıq etmək yox, yol xəritəsi hazırlamaqdır. Okampo çox belə yol xəritələri, daha doğrusu, planlar hazırlaya bilər. Amma onların heç biri həyata keçməyəcək.
Okamponun qeyd etdiyi bir sıra məsələlərə cavab verməyi zəruri hesab edirik. İlk növbədə beynəlxalq hüquq üzrə mütəxəssis olan bu şəxsin diqqətinə çatdırmaq istəyirik ki, Qarabağın həm dağlıq, həm də aran hissəsi beynəlxalq hüquqa görə, eləcə də tarixən Azərbaycan torpağıdır. Ermənistan 1990-cı illərinin əvvəllərində bu əraziləri silahlı müdaxilə yolu ilə işğal etməyə nail olmuşdu. Amma elə rayonlarımızın bir-birinin ardınca işğal edildiyi 1993-cü ildə aparıcı beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdi. İndi İrəvanda əyləşib mühazirə oxuyan Okampo yaxşı bilir ki, Ermənistan 30 ilə yaxın dövr ərzində bu qətnamələri icra etmədi. Ölkəmiz 2020-ci ildə Vətən müharibəsinə başlayanda məhz BMT TŞ-nin 4 məlum qətnaməsinə, habelə bir sıra beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdikləri sənədlərə və tarixi gerçəkliyə istinad edirdi. Nəticədə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Fransa və bir neçə qatı ermənipərəst ölkə istisna olmaqla, dünya dövlətləri tərəfindən normal qarşılandı. Çünki Azərbaycan məhz beynəlxalq hüquqa uyğun hərəkət etmişdi. O beynəlxalq hüquqa ki, Okampo ondan tez-tez bəhs edir.
Maraqlıdır ki, Ermənistan hökumətini təmsil edən şəxslər Okampo ilə təmasda olmayıblar. Hər halda, dünənədək onun baş nazir Nikol Paşinyanın komandasına daxil olan hansısa şəxslə görüşdüyünə dair Hayastanın media resurslarında heç bir məlumat yox idi. Aşkar görünür ki, rəsmi İrəvan Okamponun gəlişindən o qədər də məmnun qalmayıb. “Ermənistanın səsi” qəzetində bununla bağlı dərc edilmiş “Nikol Okampoya cavab verdi: biz məhbusların azad edilməsini tələb etməyəcəyik, COP29-a gedəcəyik!” sərlövhəli məqalədə deyilir: “Son ay yarım ərzində Okampo bir neçə dəfə erməni xalqına müraciət edib. Reaksiya əsasən diaspor dairələrindən gəlib. Ermənistan ictimaiyyəti hələ lazımi fəallıq nümayiş etdirməyib. Sentyabrın 13-də İrəvanda BCM-in sabiq prokuroru ilə keçirilən görüş də məhz COP29 başlamazdan əvvəl “məhbusların” azad edilməsi üçün geniş hərəkata başlamaq məqsədi güdür. Bu ay yarım ərzində Ermənistanın de-fakto hakimiyyəti Okamponun təklifi barədə bir kəlmə də danışmayıb. Yalnız onun İrəvana səfəri məlum olandan sonra rejimin müxtəlif səviyyəli nümayəndələri öz cavablarını səsləndiriblər. Bu cavablar bir daha sübut edir ki, Paşinyanın dəstəsi istisnasız olaraq Azərbaycanın və Türkiyənin maraqlarını təmsil və müdafiə edir”.
Məqalədə daha sonra deyilir: “Birincisi, məlum oldu ki, hakimiyyət BMT-nin noyabrda Bakıda keçiriləcək konfransında iştirak etmək niyyətindədir. Nikol və onun hökumətinin üzvləri bu barədə açıq danışmaqdan yayınsalar da, müxtəlif bəyanatlarla ölkəni daha bir sarsıdıcı və rüsvayçı xəbərə hazırlayırlar. İkincisi, rəsmi İrəvan açıq mətnlə bildirir ki, Bakıdan konfransa qədər “məhbusların” azadlığa buraxılması tələb olunmayacaq. Paşinyan komandası konfransa iştirakının şərti kimi bu tələbi irəli sürmək fikrində də deyil”.
Ermənistan parlamentinin sədri Alen Simonyan isə bugünlərdə bildirmişdi ki, “erməni məhbuslar”ın qaytarılması məsələsi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsində yoxdur. Bundan əlavə o, Ermənistanın COP29-da iştirakının şərti kimi “qlavar”ların qaytarılması məsələsini irəli sürməsi ehtimalını tamamilə rədd etmişdi.
Göründüyü kimi, Ermənistan hökumətinin özü separatçı “qlavar”larla bağlı belə bir mövqe tutduğu halda, Okampo kimilər ortaya düşərək yalandan canfəşanlıq edirlər. Onları dilə gətirən isə ermənilərdən aldıqları pullardır.
Burada bir məqam da var. Dünya ölkələrinin sərhədləri əsasən İkinci Dünya müharibəsindən sonra formalaşıb. 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsində imzalanmış yekun aktına əsasən müşavirə iştirakçıları 10 əsas prinsipi rəhbər tutmalı idilər ki, bunlardan da biri sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipidir. Yekun aktı imzalandıqdan sonra dünyada dövlətlərin sərhədlərinin dəyişdirilməsi yaxşı qarşılanmır.
Hazırda dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-də, Böyük Britaniyada, İspaniyada, Kanadada, İraqda, lap elə Okamponun vətəndaşı olduğu Argentinada separatçı regionlar var. Bu ölkələrin hansı separatçı regiona müstəqillik verib? Təbii ki, heç biri. Bütün ölkələrdə mərkəzi hakimiyyətlər separatizmə nifrət edir. Bir ölkədə separatçıların qurduğu qondarma rejimin tanınması “domino effekti” verərək digər ölkələrdəki “sönmüş” separatizm ocağını da oyada bilər. Bəs elə isə Azərbaycan niyə separatizmlə mübarizə aparmamalı idi? Əslində isə bu, təkcə separatizm də deyildi. Bu, Qarabağ separatçılarına yardım adı altında Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsi idi.
Rəsmi İrəvan işğalçı müharibəsini uydurma “Qarabağ xalqının öz müqəddəratını təyinetməsi” adı ilə pərdələmişdi. Ölkəmizin Ermənistanı məğlub etməsindən sonra Qarabağdakı separatçı rejimin başçılarını həbs etməsi isə tam qanunauyğun, məntiqli və atılması zəruri olan addım idi. Separatçı “qlavarlar”ın həbsi və rejimin buraxılması başlanılan işin sona çatdırılması deməkdir. Bu mənada dünya ölkələrində də Arkadi Qukasyanın, Bako Saakyanın, Araik Arutyunyanın, Ruben Vardanyanın və digərlərinin həbsi anlayışla qarşılanır. Necə ki, 44 günlük Vətən müharibəsi anlayışla qarşılanmışdı...
Səxavət HƏMİD
XQ