Hayların tərs marşrutu: günbatandan gündoğana

post-img

Ermənistana həmin ünvanları tanıdan və onu oralara göndərən var...

Avropa İttifaqı və onun ətrafında cəmləşmiş erməni təəssübkeşi ölkələr və təşkilatlar “düşərgəsinin” diktəsi ilə maliyyə və silah-sursat axtarışına çıxan rəsmi İrəvanın sorağı bu dəfə Uzaq Şərqdən – Yaponiyadan gəldi. Yəqin Hayastan başbilənləri Qərbdən gözlədikləri dəstəyi görmədiklərin­dəndir ki, indi də üzlərini gündoğan tərəfə – Yaponiyaya çeviriblər.

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Tokioya səfə­ri barədə üç gün əvvəl yerli media xəbər vermişdi. Yaponiyanın Bakıdakı səfirliyi­nin yaydığı cavab məktubunda Ermənis­tan hərbi nümayəndə heyətinin gündoğan ölkəyə səfəri ilə bağlı məlumatı təsdiqlə­yib. İntəhası, cavab məktubunda o da nəzərə çatdırılır ki, burada söhbət Yapo­niyanın Ermənistana silah tədarükündən getmir: “Yaponiya səfirliyi Ermənistanın müdafiə naziri Suren Papikyanın Yapo­niyaya səfərindən xəbərsizdir. Lakin biz Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tokioya səfərindən xəbərdarıq. Fakt budur ki, Yaponiyadan Ermənistana silah tədarükü ilə bağlı heç bir müzakirə aparılmayıb”.

Bununla bağlı səfirliyə xatırlatmaq yerinə düşər ki, xəbərlərdə Tokioya İrə­vandan hansı rəsminin səfər etdiyi, onun Ermənistanın müdafiə naziri olduğu göstə­rilməmişdi. Sadəcə olaraq vurğulanmışdı ki, Ermənistan nümayəndə heyəti “Gündo­ğar diyardadır” və o, silah alqı-satqısı ilə bağlı yaponiyalı həmkarları ilə danışıqlar aparmaq niyyətindədir. Amma, eyni za­manda, Yaponiyanın Bakıdakı səfirliyi Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Tokioya səfər etdiyini təsdiqləyib. Armen Qriqoryanın kuratorluq etdiyi sahənin səciyyəvi xüsusiyyətləri­ni nəzərə alsaq, sadə diplomatik məntiqlə onun “Gündoğar ölkə”yə heç də suşinin hazırlanması texnologiyasını öyrənmək məqsədilə getmədiyi aydınlaşar. Axı, bu, Günəşin mövcudluğu qədər danılmaz faktdır. O da görünən gerçəklikdir ki, Er­mənistan hakimiyyəti Azərbaycanla sülhə gəlmək əvəzinə, dünyanın dörd tərəfini dolaşaraq, sonda heç bir faydası olmaya­caq maliyyə və hərbi dəstək axtarışındadır. Onun budəfəki “dünya turnesi” ənənəvi Şərqdən Qərbə tərəf deyil, Qərbdən Şərq istiqamətinə “planlaşdırılıb”. Səbəbini az sonra göstərəcəyik. 

* * * 

Tokioya qədər Ermənistan rəsmiləri Seulda təşkil edilən beynəlxalq konfran­sa qatılmışdılar. Amma, göründüyü kimi, məsələ təkcə Cənubi Koreya ilə məhdud­laşmayıb. Ermənistanın silah əldə etmək­dən ötrü gözünü dikdiyi ölkələrin sırasına Yaponiyanın da əlavə olunduğu baş ver­miş faktdır. Ermənistan nümayəndə heyə­ti məhz silah alınması ilə bağlı danışıqlar aparmaq məqsədilə gündoğan ölkədə işgü­zar səfərdədir. 

“Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Yaponiyaya işgü­zar səfəri çərçivəsində bu ölkənin xarici işlər üzrə dövlət naziri Tsiqe Yoşifumi ilə görüşüb”. Bu barədə hökumətə yaxınlığı ilə seçilən “Armenpress” agentlyi dünən məlumat yayıb. Deyilir ki, regionun təh­lükəsizliyi və sabitliyinə gəlincə, Armen Qriqoryan İrəvanın irəli sürdüyü “dünya­nın kəsişməsi” layihəsinin rolu və əhəmiy­yəti barədə yaponları ərtaflı məlumatlandı­rıb. Həmsöhbətlər Ermənistan və Yaponiya arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf imkanlarını da mü­zakirə ediblər.

Kənar müşahidəçi üçün İrəvanın Seul və Tokioda silah tədarükü ilə bağlı da­nışıqlar aparması gözlənilməzlik effekti, sürpriz yarada bilər. Ən azı ona görə ki, Azərbaycanın Cənubi Koreya və Yapo­niya ilə çox geniş ikitərəfli ticari-iqtisadi əlaqələri var. Bircə bu faktı qeyd etmək kifayətdir ki, 2023-cü ildə Azərbaycanla Cənubi Koreya arasında ticarət dövriyyə­sinin həcmi 430 milyon dollar təşkil edib (müqayisəli təhlil üçün nəzərə çatdıraq ki, İrəvanla Seul arasında bu həcm 193,5 mil­yon dollar təşkil edib). İki ölkə arasında iq­tisadi əməkdaşlıqla yanaşı, siyasi əlaqələr də intensiv şəkildə inkişaf edir. Məsələn, Koreya Respublikasının Prezidenti Yun Seok-Yol İlham Əliyevin cari ilin fevra­lında dövlət başçısı seçilməsi münasibətilə təbrik məktubunda aşağıdakı sözləri yaz­mışdı: “1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan bəri müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətlərimiz durmadan genişlənib. Mən xüsusilə enerji, infrastruktur, səhiy­yə, “ağıllı kəndlər” və s. sahələrdə əmək­daşlığımızın son vaxtlar güclənməsindən məmnunam”. O, iki ölkə liderlərinin birgə səyləri ilə Bakı ilə Seul arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Yaponiya–Azərbaycan münasibət­lərinə də eyni tendensiya xasdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 49 faiz artaraq 452 milyon ABŞ dollarına çatıb. O da ha­mıya məlumdur ki, Azərbaycan Yaponiya şirkətlərini işğaldan azad edilmiş Qarabağ iqtisadi rayonunun ərazilərində yaradılan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiya­larının həyata keçirilməsində iştiraka dəvət edib.

* * * 

Nəhayət, gələk əsas məsələnin üzərinə. Yuxarıda qeyd etdiyimiz kimi, rəsmi İrəva­nın silah tədarükü ilə bağlı Seul və Tokio ilə danışıqlara girişməsi ilk baxışda təəc­cüb doğura bilər. Fəqət, Cənubi Koreya və Yaponiyanın beynəlxalq arenada tutduqları mövqeləri və tərəfdaşlıq etdikləri “böyük gücləri” nəzərə alsaq, burada təəccüblü heç nə görməyəcəyik. Çünki Asiyanın aparıcı bu iki dövləti özlərinin milli təhlükəsizliyi üçün ABŞ-dən, demək olar ki, birbaşa asılı vəziyyətdədirlər. Onlar Asiya–Sakit oke­an regionunda, sadəcə, Vaşinqtonun yaxın müttəfiqləri deyil, eyni zamanda, onun “peykləri”dir. Bu ölkələrin hərbi potensia­lına və müasir silah istehsalı qabiliyyətinə gəlincə, müstəqil şəkildə silah və texnika istehsal edə bilsələr də, onlara “lisenziya­nı” Birləşmiş Ştatlar verir. Məhz ABŞ-nin lisenziyaları əsasında və onun hərbi-səna­ye texnoparkından istifadə etməklə müəy­yən miqdarda silah-sursat istehsal edirlər. 

Biz burada Vaşinqtonun Ermənistana münasibətdə, birbaşa iştirak etmədən, müt­təfiqləri vasitəsilə hərəkət edən ABŞ-nin ənənəvi taktikasını görürük. Reallıq ondan ibarətdir ki, Cənubi Koreya və Yaponiya­nın Ermənistana silah vermələri planının arxasında Vaşinqtonun dayandığı hamıya gün kimi aydındır. Bu plan və hərəkətlər 2024-cü il aprelin 5-də Brüsseldə “üçlü­yün” (Aİ–Ermənistan–ABŞ) gizli razılaş­masının nəticələridir. İndi Ermənistanın sərgilədiyi “silahlanma diplomatiyası” Ursula Fon der Lyayen, Nikol Paşinyan və Antoni Blinkenin iştirakı ilə keçirilən hə­min görüşdən sonra əldə olunmuş “Brüssel razılaşması”nın mahiyyətinə və məntiqinə tamamilə uyğun sayılmalıdır.

Açıq demək lazımdır ki, Ağ Evin ap­relin 5-dən sonra Cənubi Qafqaza yönəlik hərəkətləri, əslində, Azərbaycana qarşı yeni müharibə çağırışının işartılarıdır. Vaşinqton həm USAID, həm Aİ, həm də Fransa üzərindən Ermənistana hərbi-si­yasi dəstək verməklə bölgədə sülhə deyil, yalnız öz mənafeyinə xidmət edir. Belə görünür ki, Paşinyan və komandası son 4 ildə artıq neçənci dəfə onu “maşa”ya çevirmiş avantüristlərin fitvasına gedir. Bu cür destruktiv və özü üçün riskli fəa­liyyətə baş vuran rəsmi İrəvanın bu za­man öz ictimaiyyəti ilə hesablaşmaması da göz önündədir. Deməli, onun erməni xalqından “sən müharibə istəyirsənmi?”– soruşmağa belə üzü qalmayıb. Kollektiv Qərbin buyruq qulu səviyyəsinə enmiş Ermənistan hakimiyyəti hələ bir tarixin zibilliyinə gömdüyümüz “artsax məsələ­si”ni də beynəlxalq gündəmə daşımaq üçün cəhd göstərir. Nə gizlədək, bu təx­ribatçı-separatçı “projenın” reallaşması üçün İrəvana ən böyük dəstəyin ABŞ Se­natı və Konqresi tərəfindən verilməsi qə­tiyyən təəccüblü deyil. 

Amma ortada başqa bir reallıq da var. Azərbaycanın yaratdığı reallıq! Azərbay­can Prezidenti İlham Əliyev keçən həftə­nin sonunda Azərbaycan–Türkiyə par­lamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən dedi ki, Ermənistan qəsdən vaxtı uzadır və Fransadan, Qərb ölkələrindən yeni silahlar alır, öz ərazisin­də üçüncü tərəflərlə hərbi təlimlər keçirir. Dövlətimizin başçısı, həmçinin bildirib: “Biz bölgədə sülhün tərəfdarıyıq. Bunun üçün dəfələrlə qeyd etdiyimiz kimi, Ermə­nistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və konstitusiya dəyişdirilməlidir”. 

İrəvana ən doğru söz Uzaq Şərqdən de­yil, yaxından ünvanlanıb. Onun qurtuluşu, sadəcə, bunu eşitmək və yerinə yetirmək­dədir. 

İ.HƏSƏNQALA
XQ



Siyasət