ŞƏRİF MAHALOV – 85
Azərbaycanın unudulmaz tibb alimləri sırasında həm uğurlu elmi– pedaqoji, həm də şəfaverici bir təbib kimi tanınan, uzun müddət Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasına rəhbərlik etmiş, Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə beynəlxalq Liqası Azərbaycan bölməsinin prezidenti, Əməkdar elm xadimi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Şərif İslam oğlu Mahalov əgər bu günümüzə qədər yaşasaydı, onu qəlbən sevənlərin, iş yoldaşlarının, sadiq yetirmələrinin, şəfa verdiyi çoxsaylı pasiyentlərinin, istəkli övladları və nəvələrinin, bütün yaxınlarının əhatəsində şərəfli 85 illik yubileyini böyük iftixar hissi ilə qeyd edərdi. Təəssüf ki, 4 il əvvəl - 81 yaşında dünyasını dəyişdi.
Ş.Mahalov 1939-cu il sentyabrın 15-də Qax rayonunun İlisu kəndində anadan olub, 1947-ci ildə həmin rayondakı 7 illik beynəlmiləl məktəbin I sinfinə gedib, 1951-ci ildə təhsilini Zaqatala şəhərindəki 2 saylı orta məktəbdə davam etdirib. Orta məktəbi əla qiymətlərlə bitirərək, 1958-ci ildə Samara Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunub. O, 1960-cı ildə ali tibb təhsilini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirib. 1964-cü ildə institutu bitirib və elə həmin il Zaqatala xəstəxanasında işə başlayıb. Bir müddət sonra isə Ş.Mahalov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçərək nevroloq ixtisasına yiyələnib.
Ş.Mahalov dörd il orada praktik həkim vəzifəsində çalışdıqdan sonra ATİ-nin Sinir xəstəlikləri kafedrasında aspiranturaya qəbul olunub. Fitri istedada malik gənc vaxtından əvvəl dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
Ötən əsrin 80-ci illərində ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı sayəsində N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunun doktorantı olub. 1987-ci ildə orada “Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası” mövzusunda böyük müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edib, tibb elmləri doktoru elmi dərəcəsinə, az sonra isə professor elmi adına layiq görülüb. Bundan dörd il sonra, yəni 1991-ci ildə o, ATU-nun I Nevrologiya və genetika kafedrasının müdiri vəzifəsinə seçilib.
2011-ci ildə ATU-nun Elmi Şurasının qərarına əsasən, bu vaxta qədər sərbəst kafedralar kimi fəaliyyətdə olan 1-ci və 2-ci Nevrologiya kafedraları birləşdirilib və yeni kafedranın müdiri vəzifəsi professor Şərif Mahalova həvalə edilib.
Professor Ş.Mahalov tərəfindən ölkəmizdə ilk dəfə kliniki, kliniki-genealoji, populyasion, elektrofizioloji və biokimyəvi tədqiqat üsullarından istifadə olunaraq miopatiyalar, amiotrofiyalar, irsi ataksiyalar, Hantinqton xoreyası, Tomsen miotoniyası dərindən tədqiq edilib. O, Hantinqton xoreyası zamanı qeyri-iradi hərəki pozulmaların yüksəkliyi ilə dofaminin ekskresiya səviyyəsi arasında mənfi korrelyasiyanın olmasını aşkar edən və bu sahədə elmə tutarlı yenilik gətirən ilk alim olub.
Bacarıqlı elm fədaisi, professor Ş.Mahalov bütün çətinlikləri özünəməxsus tərzdə dəf edərək məqsədyönlü inadkarlıq və inamlı məsuliyyət hissi ilə axtarışlarını uğurla başa çatdırmaq və istəyinə nail olmaq üçün 10 mindən çox insan haqqında xronoloji məlumatlar toplaya bilib. O, tibbdə ən çətin sahələrdən hesab edilən irsi xəstəliklərə düçar olmuş xəstələr üzərində uzunmüddətli müşahidələr aparıb. Keçmiş Sovet İttifaqı miqyasında bu sahə üzrə çalışan görkəmli alimlərin qeyd etdikləri kimi, tədqiqatın həcminə, problemin dərinliyinə, epidemioloji cəhətdən yayılma sahələrinə görə görkəmli Azərbaycan aliminin təqdim etdiyi elmi-tədqiqat işinin materialları SSRİ miqyasında analoqu olmayan bir tədqiqat işi kimi təsdiqini tapıb. Sözügedən sahənin ən görkəmli mütəxəssisləri etiraf edirlər ki, çox nadir hallarda bir tədqiqatçı bu qədər zəngin materialları hərtərəfli araşdıraraq elmə tutarlı töhfələr verir.
Azərbaycanda angionevrologiyanın inkişafı da Şərif müəllimin adı ilə bağlıdır. O, ATU-nun Nevrologiya kafedrasının çoxillik təcrübəsinə əsaslanaraq, Bakıda 30 çarpayılıq neyro-damar şöbəsinin təşkilinin vacibliyini tövsiyə edib və onun funksional strukturunu müəyyənləşdirib.
Ötən əsrin 90-cı illərində hayların törətdikləri Birinci Qarabağ müharibəsi nəticəsində həmin regionda yaşayan və didərgin düşən əhali arasında uzunmüddətli müalicə tələb edən çoxsaylı yaralılar, kontuziya almış döyüşçülər var idi. Ekstremal şəraitdə professor Ş.Mahalov kafedranın bütün əməkdaşlarını səfərbər edərək, onların diqqətini müharibənin yaratdığı fəsadların müalicəsinə yönəltmişdir. Onun rəhbərliyi altında Qarabağ müharibəsindən keçmiş şəxslər arasında çox sayda “Posttravmatik stress sindromu”nun olması aşkar edilmişdir. Bu sindrom professor Ş.Mahalov tərəfindən “Qarabağ sindromu” kimi səciyyələndirilmişdir. Professor kafedranın əməkdaşları ilə birlikdə Birinci Qarabağ müharibəsi iştirakçılarında, həm də bu müharibədən keçmiş və məcburi köçkünə çevrilmiş əhali arasında “Qarabağ sindromu”nun geniş yayılmasının etiraf edilməsinin vacibliyini əsaslandıraraq, onların “Psixososial reabilitasiyası proqramı kompleksini” işləyib hazırlamışdır. Bu proqramın həyata keçirilməsi sayəsində həmin sindromdan əziyyət çəkənlərə peşəkar reabilitativ – tibbi yardımlar göstərilmişdir.
Görkəmli alimin sonrakı elmi istiqaməti epilepsiya probleminə yönəldilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 75 milyona yaxın insan epilepsiya xəstəliyindən əziyyət çəkir. O cümlədən, Azərbaycanda da bu xəstəliyə tutulmuş insanlara heç də az rast gəlinmir. Bununla əlaqədar alimlərin birgə səyi nəticəsində nevrologiyada yeni epileptologiya istiqaməti yaradılmışdır. ATU-nun Nevrologiya kafedrasının əməkdaşları da professor Ş.Mahalovun rəhbərliyi altında son 20 ildə Azərbaycanda ilk dəfə olaraq epilepsiyanın əsaslı epidemiologiyası, onun ayrı-ayrı kliniki formalarının xarakteristikası, qadınlarda epilepsiya, həmçinin epilepsiyalı xəstələrin həyat tərzi və həyat keyfiyyəti ətraflı öyrənilmiş, bu sahə üzrə sanballı elmi məktəb yaradılmışdır.
Respublikada epilepsiyanın hərtərəfli öyrənilməsi üçün həm ixtisaslaşdırılmış tibbi, həm də sosial-psixoloji, hüquqi yardımın təşkil olunmasına dair xüsusi strukturlar yaradılmışdır. Bunun nəticəsində professor Ş.Mahalovun rəhbərliyi altında epilepsiya problemləri mövzusuna həsr olunmuş 1 doktorluq, 8 fəlsəfə doktorluğu dissertasiyası işi yerinə yetirilmişdir. Ümumiyyətlə götürdükdə isə görkəmli alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 2 nəfər doktorluq, 16 nəfər tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Şərif müəllim həm də 250-dən çox çap olunmuş elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, onlarca elmi-publisistik məqalənin müəllifidir.
Professor Ş.Mahalov uzun illər Səhiyyə Nazirliyində Nevrologiya üzrə baş mütəxəssis funksiyasını yerinə yetirib. O, xeyli müddət ATU-nun Dissertasiya Şurasının sədri, Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Görkəmli Azərbaycan alimi beynəlxalq aləmdə də tanınan, çap olunmuş elmi işlərinə xarici ölkələrdə də çoxsaylı istinadlar edilən alimlərdəndir. O, dəfələrlə dünyanın bir çox ölkəsində – Türkiyədə, İspaniyada, Fransada, Almaniyada, Belçikada, Finlandiyada, Avstriyada, Rusiyada, Ukraynada, Baltikyanı və Mərkəzi Asiya ölkələrində, eləcə də digər yerlərdə keçirilən elmi konfrans, simpozium və qurultaylarda çıxış edib və beynəlxalq mətbuatda elmi əsərlərini dərc etdirib.
Şərif müəllim Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar elm xadimi” və “Əməkdar həkim” fəxri adlarına, eləcə də dəfələrlə Səhiyyə Nazirliyinin və ATU rəhbərliyinin müxtəlif mükafatlarına layiq görülüb.
Professor Ş.Mahalovun ömür-gün yoldaşı Kəmalə xanımla birgə böyütdükləri övladları ata yolunun davamçılarıdır. Onların oğul övladları – tibb elmləri doktoru, professor İslam Mahalov İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Mamalıq və ginekologiya şöbəsinin müdiri və ATU-nun I Mamalıq və ginekologiya kafedrasının aparıcı mütəxəssislərindəndir. Qızları Vəfa Mahalova ATU-nu bitirib və nevroloq ixtisasına yiyələnib. Hazırda Almaniyanın Bilefeld şəhərindəki Betel Epilepsiya Mərkəzində həkim-psixiatr vəzifəsində çalışır. Onların gəlinləri tibb elmləri doktoru, professor Aytən Məmmədbəyli də həkim-nevroloqdur. Hazırda ATU-nun Nevrologiya kafedrasına rəhbərlik edir.
Şərif müəllim xalqımızın yüksək səviyyəli ziyalılarından, tələbələrinə, yetirmələrinə atalıq qayğısı göstərməyi bacaran unikal pedaqoqlardan, möhkəm iradəli, dönməz əqidəli, Günəş kimi şəfqətli, uşaq kimi məsum təbəssümlü, həm də İlisu dağlarıtək vüqarlı əsl Azərbaycan kişilərindən idi.
Unudulmaz alim ömrünün məhsuldar çağlarında gözlənilmədən COVID-19-a düçar olmuş və 18 dekabr 2020-ci ildə Haqqın dərgahına qovuşmuşdur. Onun əməlləri yaxınlarının, tələbə və yetirmələrinin, dostlarının qəlbində daim yaşayacaqdır.
Mübariz ALLAHVERDİYEV
ATU-nun professoru