Tələbələrə vahid tələbə kartı veriləcək

post-img

Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib.

Təhsilin İnkişafı Fondundan bildirilib ki, tədbirdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan, Fondla sıx əməkdaşlıq edən 9 universitetin nümayəndələri iştirak ediblər.

Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov bu ilin mart ayında Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində “VISA” ilə əməkdaşlıq razılaşması imzalandığını deyib. O, bu əməkdaşlığın məqsədinin ölkədə ali məktəb tələbələrinin sosial-maddi rifahının yaxşılaşdırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi olduğunu bildirib.

“VISA”nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev şirkətin Azərbaycandakı fəaliyyətindən danışıb. O, Təhsilin İnkişafı Fondu ilə gələcəkdə də maraqlı layihələr həyata keçirəcəklərini deyib.

Daha sonra “VISA”nın rəqəmsal təcrübə və təhsil fəaliyyətləri üzrə meneceri Anton Kuçma təqdimatla çıxış edib. O, tələbələr arasında aparılan araşdırmanın nəticələrini tədbir iştirakçıları ilə bölüşüb. Anton Kuçma yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacağını qeyd edib.

Təqdimatın sonunda sual-cavab sessiyası keçirilib, yarana biləcək çətinliklər və risklər, eləcə də qarşılıqlı əməkdaşlıq çərçivəsində mümkün həll yolları müzakirə olunub.







Təhsil