Ulu öndər Heydər Əliyevin fəaliyyətinə qiymət verərkən onun Azərbaycan təhsili sahəsində gördüyü mühüm və nəhəng işlər haqqında danışmamaq mümkün deyil. Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının rəhbərliyinə təyin olunan gündən başlayaraq Azərbaycan təhsilinin inkişaf etdirilməsi, o dövrün ən aktual tələblərinə cavab verməsi üçün əlindən gələni etmişdir. Onun təhsil siyasətini xronoloji baxımdan iki hissəyə bölmək olar: 1969-1982-ci illər - Ulu öndərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsindəki və müstəqil Azərbaycana prezidentliyi dövründə fəaliyyəti.
Heydər Əliyevin təhsil siyasətindən danışarkan aşağıdakı sahələrə ayrı-ayrılıqda diqqət edilməlidir: 1.Orta və ibtidai peşə təhsili sahəsi, 2.Ali təhsil sahəsi, 3.Hərbi təhsilin inkişaf etdirilməsi.
1972- ci ildə Heydər Əliyev tərəfindən “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” haqqında xüsusi qərar imzalandı. Həmin qərarın mahiyyəti Azərbaycanda tam orta təhsil bazasına keçilməsi, gənclərin ixtisas hazırlığına diqqəti və qayğını artırmaqdan ibarət idi. 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərar isə məktəblərin təchizatından tutmuş, müəllimlərin iş şəraitinin yaxşılaşdırılmasına qədər mühüm sahələri əhatə etmiş və tez bir zamanda öz nəticəsini göstərmişdi.
Məqsəd şagirdlərin, eyni zamanda gələcək nəslin təhsilində effektlilik, daimilik, ardıcıllıq və fasiləsizliyi təmin etmək idi. Buna görə respublikada yeni məktəblərin tikintisinə, bununla bərabər mövcud təhsil ocaqlarının maddi texniki bazasının dövrün tələblərinə cavab verəcək şəkildə yenidən qurulmasına başlandı. 1979-cu ildə Azərbaycanda orta məktəblər şəbəkəsi 1965-ci ilə nisbətən bir neçə dəfə artaraq, 765-dən 2117-yə yüksəlmiş, eyni zamanda 1145 ibtidai məktəb isə orta məktəbə çevrilmişdir. 1969-1975-ci illər ərzində isə Azərbaycanda 1000-dən çox məktəbin maddi texniki bazası yenidən qurulmuşdur. Bu illərdə kənd məktəblərinin tikintisinə də önəm verilmiş, Azərbaycanın müxtəlif bölgələrində onlarla məktəb inşa edilmişdir. İnternat məktəblərinin də tikintisi və yenidən qurulması böyük vüsət almış, 1979-cu ildə bu məktəblərin sayı 22-yə çatdırılmışdır. 1982- ci ildə Azərbaycanda ümumilikdə 4267 ümumtəhsil məktəbi fəaliyyət göstərirmişdir.
Məktəblərin yenidən qurulması ilə bərabər şagirdlərin müvəffəqiyyət göstəricilərinin də artması üçün uğurlu işlər görülmüşdür. Əgər 1969-cu ildə şagirdlərin orta məktəbləri bitirmə göstəriciləri 73,3 faiz idisə, 1979-cu ildə bu göstərici 89,6 faizə çatdırılmışdır. Bu dövrdə təhsilin əlçatanlığının yüksəldilməsi üçün də mühüm tədbirlər həyata keçirmişdir. 1978-ci ildən başlayaraq “Ümumtəhsil məktəblərinin şagirdlərinin dərsliklərindən pulsuz istifadə etməsinə keçmək haqqında” qərar həyata keçirilmişdir. Bu orta məktəblərdə təhsilin əhalinin istənilən təbəqəsi üçün əlçatan olmasını təmin edən mühüm qərar idi.
Geniş məktəblər şəbəkəsinin yaradılması nəticəsində Azərbaycan məktəblərində təhsil alan şagirdlərin 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 min nəfərə qədər yüksəlmişdi.
Heydər Əliyev Azərbaycanda rəhbər vəzifədə fəaliyyət göstərdiyi illərdə ümumtəhsil məktəblərinin elmi-pedaqoji potensialının artırılması üçün də əlindən gələni etmişdir. Onun yorulmaz fəaliyyətinin nəticəsi olaraq Azərbaycan məktəblərinin fizika -kimya kabinələri ilə təchizatı 92 faizə yüksəlmişdir. 1978-ci ildə orta məktəblərdə çalışan 108 mindən çox müəllimdən 65, 3 faizinin ali təhsili olmuşdur. Halbuki 1970-ci ildə bu göstərici 51,7 faiz idi.
Heydər Əliyevin dövründə Azərbaycanda texniki peşə təhsilinin inkişafına da xüsusi diqqət yetirilmişdir. 1969- cu ildə şəxsən onun təşəbbüsü ilə “Texniki-peşə təhsili sistemi məktəblərində ixtisaslı fəhlə kadrlarının hazırlanmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar verilmişdir. Həmin qərara əsasən göstərilən fəaliyyət nəticəsində texniki peşə məktəblərinin sayı 1.7 dəfə, peşə məktəblərində təhsil alan şagirdlərin sayı isə 2.5 dəfə artmışdır.
Aparılan quruculuq işləri nəticəsində 1969-1971-ci illərdə Azərbaycanda 16 yeni texniki peşə məktəbi açılmış, 20 texniki peşə məktəbi, orta texniki peşə məktəbinə çevrilmiş, 3 mindən çox şagirdi əhatə edən tədris və 2500-dən çox çarpayısı olan yataqxana binaları tikilmiş, eyni zamanda 244 tədris emalatxanası və laboratoriya yaradılmışdır.
Heydər Əliyevin təşəbbüsü ilə XX əsrin 70-ci illərinin I yarısında Azərbaycanda 35 şəhər və 54 kənd tipli peşə məktəbləri istifadəyə verildi. Ümumilikdə həmin dövr ərzində tikilən məktəblərdə 65 mindən çox peşə kadrı hazırlanmışdır. Əgər 1970-ci ildə respublikada cəmi 76 texniki peşə məktəbi fəaliyyət göstərirdisə, 1980-ci ildə onların sayı 2 dəfədən çox artaraq 173-ə çatmışdı. 1982-ci ildə isə peşə məktəblərinin sayı 180-i ötüb keçmişdi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmdə ali təhsilin inkişafına da töhfələri əvəzsiz olmuşdur. 1970-1980-ci illərdə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 1969-cu ildəki 12-dən 17-yə çatdırılmış, təhsil alanların sayı isə 70 mindən 100 minə yüksəlmişdir. Bu illərdə fəaliyyət göstərən orta ixtisas məktəblərinin (texnikumların) sayı 78-ə yüksəlmişdir. XX əsrin 70-ci illərinin sonlarına doğru Azərbaycanın orta ixtisas məktəblərində təhsil alanların sayı isə 80 mini aşmışdır. 1982-ci ildə Azərbaycanda fəaliyyət göstərən 17 ali təhsil müəssisəsində 136 fakültə, 530 kafedra birləşmişdir. Halbuki 1969-cu ildə Azərbaycandakı ali təhsil müəssisələrində ümumilikdə 100-dən bir az çox fakültə, 450 kafedra fəaliyyət göstərirdi.
Heydər Əliyev şəxsi təşəbbüsləri sayəsində XX əsrin 70-80-ci illərində respublikadan kənarda 250-dən çox ixtisas üzrə 16 minə yaxın azərbaycanlının təhsil alması mümkün olmuşdur ki, bunların da yarısından çoxu hazırda Azərbaycanın ictimai-iqtisadi həyatına öz töhfələrini verməkdədirlər.
Azərbaycanda hərbi təhsilin inkişafı da Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. 1975-ci ildə milli hərbi kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması bu diqqətin əyani göstəricisdir. Ulu öndərin təşəbbüsü ilə ordu üçün zabir kadrların hazırlanması üçün yüzlərlə gənc həm də respublikadan kənardakı ali məktəblərə təhsil almaq üçün göndərilmişdi.
1993-cü ildə Azərbaycanda hakimiyyətə yenidən qayıtdıqdan sonra da Heydər Əliyev təhsilin inkişafını daima diqqət mərkəzində saxlamışdır. Bu əsas deviz kimi onun söylədiyi- “Təhsil millətin gələcəyidir” şüarında öz əksini tapmışdır.
1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında Heydər Əliyev çıxış edərək xarici sərmayəçilərə Azərbaycanda perspektivli təhsil sahələrinə kapital qoyulması üçün çağırış etdi. Nəticədə dövlət təşkilatlarının vəsaitləri, iş adamlarının kapital qoyuluşları sayəsində yeni məktəblər tikildi, bəzi məktəblərin maddi texniki bazası isə yenidən quruldu. Eyni zamanda ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı, İslam İnkişaf Bankı və sair beynəlxalq təşkilatların vəsaitləri hesabına müxtəlif səviyyəli və profilli məktəblər inşa edildi.
1994-cü ildən başlayaraq Azərbaycanın orta təhsil sahəsində də böyük irəliləyişlər əldə edildi. Bu da özünü özəl məktəblərin, liseylərin, eyni zamanda müxtəlif ixtisaslar üzrə kursların açılmasında, yeni məktəblərin inşa edilməsində göstərdi. Buna misal olaraq qardaş Türkiyə respublikasının təşəbbüsü ilə Azərbaycanda liseylər şəbəkəsinin fəaliyyətəini göstərmək olar. 1994-2000-ci illərdə Azərbaycanda 12 özəl türk liseyi fəaliyyət göstərirdi.
Azərbaycanda yerli kadrlar tərəfindən də özəl məkltəblərin açılmasına böyük diqqət yetirilmişdir ki, buna da ən bariz nümunəsi hazırda Heydər Əliyev adına Müasir Təhsil kompleksi kimi tanınan, respublikada ilk özəl təhsil müəssisəsinin uğurlu fəaliyyətidir. Eyni zamanda orta məktəblərin yeni və müasir dərsliklərlə pulsuz təmin edilməsi sahəsində də mühüm işlər görülmüşdür. 1994-cü ildən etibarən əvvəlki hökumət tərəfindən ləğv edilmiş, orta ümumtəhsil məktəblərinin pulsuz dərsliklərlə təmin edilməsi imtiyazı bərpa edilmişdir.
Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1998-ci ilin 30 mart tarixli “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət komissiyası haqqında” sərəncam imzalandı və müasir dövrdə Azərbaycan təhislinin inkişaf konsepsiyası ictimaiyyətin müzakirəsinə verildi. Geniş və hərtərəfli müzakirələrdən sonra “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” dövlət tərəfindən qəbul edilərək, 1999-cu ilin iyun ayının 15-də təsdiq edildi. İslahatlar konsepsiyasının təsdiq edilməsi Azərbaycanda təhsilin inkişafında mühüm imkanların açılmasına səbəb oldu. Məhz ümummilli lider Heydər Əliyevin şəxsi qayğısı ilə Azərbaycanda 1993-2000-ci illərdə 8 yeni ali təhsil müəssisəsi açıldı.
2000-ci il iyun ayında ümummilli lider Heydər Əliyev təhsil müəssisələrinin yenidən qurulmasını sürətləndirmək, eyni zamanda onların maddi texniki təchizatını gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” yeni sərəncam imzaladı. Sərəncamın həyata keçirilməsi sayəsində Azərbaycanın təhsil müəssisələrinin yenidən qurulması işləri aparılmaqla bərabər, Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil sisteminə inteqrasiyası sahəsində də böyük işlər görüldü. Orta təhsil müəssisələrinə keyfiyyətli müəllim kadrların hazırlanması üçün Azərbaycan Müəllimlər İnstitutu yaradıldı.
2002-ci ilin oktyabrında “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” yeni sərəncam imzalandı ki, bu da Azərbaycanda 500-dən çox orta təhsil müəssisənin maddi texniki bazasının yenidən qurulmasına, onların təhsil səviyyəsinin müasir standartlar səviyyəsinə qaldırılmasına imkan verdi.
Azərbaycan təhsilinin inkişafına xüsusi qayğı göstərən Ümummilli lider Heydər Əliyev təhsil işçiləri ilə görüşlərinin birində “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir” deyirdi və Azərbaycana həsr etdiyi ömrünün hər anında təhsilin inkişafına çalışmışdır.
Kifayət Mənsimova,
ADPU-nin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllimi