Ailəmlə birlikdə çox sevinirik. Biz 30 ildir həsrətində olduğumuz gözəl torpaqlarımıza, yurdumuza qayıdırıq. Vətənimiz, doğma yurdumuz gec-tez düşmən işğalından azad olacaqdı, belə də oldu. Haqq-ədalət öz yerini tapdı. Bizə bu şəraiti yaradan Prezidentimizə təşəkkür edirəm.
Bunu müsahibəsində noyabrın 18-də Bakıdan Laçın rayonunun Zabux kəndinə yola düşən keçmiş məcburi köçkün Elşad Nuriyev deyib.
“Hazırda Bakıda yaşayan dostlarım arasında qazi olan cəsur oğlanlar da var. Bu günün sevincini bizə yaşadan şəhidlərimizə, qazilərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin”, - deyə o əlavə edib.
Qeyd edək ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Zabuxa yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 103 nəfər köçürülür. İndiyədək Zabux kəndində 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.