Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə klassik musiqi gecəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, musiqi gecəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Sankt-Peterburqdakı Baş Konsulluğu və “Tavriya sarayı”nın birgə təşkilatçılığı ilə baş tutub.
Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında “Tavriya” Beynəlxalq Simfonik Orkestrinin müşayiəti ilə Əməkdar artistlər Elnarə Məmmədova, Regina Rüstəmova, Marinski teatrının solistləri Məhərrəm Hüseynov və Həmid Abdulovun ifasında Azərbaycan və Rusiya bəstəkarlarının sevilən əsərləri tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Azərbaycan diasporunun, yerli dövlət orqanlarının və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Xalq artisti Yalçın Adıgözəlov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dəfələrlə Sankt-Peterburqda olub, görüşlər keçirib. “Burada Heydər Əliyevi çox yaxşı xatırlayırlar. Onların bəziləri həyatdadır və mən onların bir neçəsi ilə görüşdüm, xatirələrimizi bölüşdük. “Tavriya sarayı”nın möhtəşəm salonunda Heydər Əliyevin yubileyi şərəfinə gecədə iştirak etmək mənim üçün böyük şərəfdir”, - deyə dirijor bildirib.
Türkiyə Respublikasının Sankt-Peterburqdakı baş konsulu Özgün Talu qeyd edib ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının lideridir. “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi bir çox ölkələrlə yanaşı, Türkiyədə də qeyd olunur. Bildiyiniz kimi, bu il Türkiyə Cümhuriyyətinin də 100 illik yubiley ilidir. Əminəm ki, bir millət, iki dövlət olaraq öndərlərimizin qoyduğu təməllər üzərində qardaşlığımız daha da möhkəmlənəcək”, - deyə baş konsul vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq