İxtisas təhsilinə əlçatanlıq necədir?

post-img

Yataqxana yoxdursa, qiymətlər qalxırsa... 

Yeni dərs ili ərəfəsində ən çox səsləndirilən suallardan biri də tələbələr üçün təhsil krediti, onun əhatə dairəsi ilə bağlı olub. 

Sirr deyil ki, orta statistik bir ailənin məktəb partası arxasından yenicə qalxan 17 – 18 yaşlı yaşlı övladı təhsil haqqını ödəməkdə çətinlik çəkir. 

Bu çətinliklərin qarşısını müəyyən qədər almaq üçün, əsasən ödənişli əsas­larla oxuyan tələbələr üçün təhsil kredi­ti nəzərdə tutulub. Bu məqsədlə Təhsil Tələbə Kredit Fondu yaradılıb. Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil alan hər kəs müəyyən şərtlər daxilində fondun verdiyi təhsil kreditindən yararlana bilər. Amma necə?

Əvvəlcə bu il ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə söhbət etdik. Müsahiblərim özəl təhsil müəssisəsində ödənişlə təhsil alacaqlar. Onların heç birinə sosial təhsil krediti düşmür. Yəni bu tələbələr yalnız hamının yararlana biləcəyi təhsil krediti ala bilərlər. 

Adının çəkilməsini istəməyən Xəzər Universitetinin 1-ci kurs tələbə­si söhbət zamanı bunları bildirdi: 

– Hər il 4 min manat təhsil haqqı ödəməliyəm. Bakıda kirayədə qalmaq, kommunal xərclər, qidalanmaq və əlavə xərclər də çoxdur. Tələbə adını qazandığıma görə sevinirəm, amma tələbə krediti maksimum 3 min manata qədər təhsil haqqı ödəyən tələbələrə veriləcək. 350-dən çox bal yığmışam. Regionlardan birində ali təhsil müəssisəsində ödənişsiz təhsil ala bilərdim, Xəzər Universitetini seçdim. Bu qədər yüksək təhsil haqqı alan universitet niyə yataqxana tikmir? 

Digər tələbə isə 250-dən az bal yığdığı üçün təhsil kreditindən yararlana bilməyəcəyini dedi: 

–Düşünürəm ki, bu doğru qərar deyil. Təhsil haqqı ilə bağlı çətinliklər mənim kimi yüzlərcə tələbəni problem qarşısında qoyacaq. Digər tərəfdən standart təh­sil kreditinin faizi çox yüksəkdir. 

Ünsiyyət qurduğumuz 3-cü tələbə dedi: 

–Təhsil kreditləri əlçatan deyil. Nəyisə bəhanə edib şərtə uyğun gəlmədi­yimizi deyəcəklər. Ona görə də müraciət etməyəcəyəm. 

Doğrudan da, ölkəmizdə özəl təhsil müəssisələrində ödənişlər kifayət qədər yüksək olsa da, onların yataqxanaları yoxdur. 

Təhsil eksperti Elmin Nuri bir neçə il öncə yaradılan Təhsil Tələbə Kredit Fondunun təhsil haqqlarını birdəfəlik ödəməkdə əziyyət çəkən və onlara müraciət edən tələbələrə yardımçı olduğunu və prosesin bu il də davam etdiyini bildirdi: 

– Tələbə 1-ci kursun ilk semestrində kredit almaq üçün qəbul imtahanlarında minimum 250 bal toplamalıdır. 2-ci kursun 1-ci semestrində tələbə kreditindən faydalanmaq istəyənlərin isə heç bir akademik borcu olmamalıdır. Onların ümumi orta qiymət göstəricisi isə 71 balı keçməlidir. 

– Bu kreditin illik təhsil haqqı 3 min manatdan yuxarı olan ixtisaslara ayrılmaması fikri yanlışdır. TTKF-nin nizamnaməsində və Nazirlər Kabinetinin müvafiq qərarında bu məsələ ilə bağlı heç bir qeyd yoxdur. Tələbə kreditləri illik təhsil haqqının məbləğindən asılı olmayaraq, müəyyən şərtlərə cavab verən hər kəsə şamil olunur.

Tələbə kreditləri Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə tətbiq edilir. ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük döv­riyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və müvafiq şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə kreditlər bağışlanır. 

Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. 

Ekspert Adil Vəliyevin də fikirləri maraqlı oldu. O qeyd etdi ki, son gün­lər təhsil haqqı ilə bağlı narahatlıq artıb. Tələbə bu il qəbul olunub, amma təhsil haqqını ödəyə bilmir: 

– Narahatlığa əsas yoxdur. Tələbələrimiz təhsil kreditindən müəyyən əsaslarla yararlana bilərlər. Şərtlər kifayət qədər asandır. Yeni qəbul olunan tələbəyə balının 250-dən çox olması, növbəti illərdə isə ortalama balının 71-dən aşağı olma­ması şərti ilə kredit verilir. Düşünürəm bu, ədalətli qərardır. 

Ekspertlərin dediklərinə onu da əlavə edək ki, Təhsil Tələbə Fondunun da konkret gözləntiləri var. Onlar istəyirlər ki, tələbələr yaxşı oxusunlar. Fondun mara­ğı var ki, yaxşı göstəriciləri olan tələbəyə yatırım etsin, o yalnız dərsləri ilə məş­ğul olsun. Gələcəkdə isə iş tapıb krediti ödəyə bilsin. 

Onu da qeyd edək ki, sosial TTK üzrə ÜOMG-si (ümumi orta müvəffəqiyyət göstəricisi) 71 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur. 

Standart TTK üzrə isə aşağıdakı güzəştlər tətbiq edilir. ÜOMG-si 91 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.

2021/2022 və 2022/2023 tədris illərinin yekununa əsasən təhsil tələbə kreditinə 26 min 150 nəfər tələbə müraciəti daxil olmuşdur. 19 min 544 nəfər tələbənin təhsil krediti müqaviləsi rəsmiləşməklə müvafiq təhsil haqqı məbləğləri təhsil müəssisələrinin bank hesablarına köçürülmüşdür. Rəsmiləşmiş kreditlərdən əlavə hazırda 2023/2024 tədris ilinin payız semestri üzrə müraciətlərin qəbuluna başlanılmış, 4 minə yaxın müraciət rəsmiləşdirilmiş və müraciətlərin emal prosesi elektron sistemdə davam etməkdədir.

Əlavə olaraq qeyd etmək olar ki, tələbə götürdüyü krediti məzun olduqdan və 2 illik güzəşt dövrü bitdikdən sonra 10 il ərzində geri qaytarır.

Təhsilə yatırılan sərmayə uzun müddətə hesablanır. Yəni onun bəhrəsini illər sonra görə bilərik. Bu gün təhsilalanların problemlərinin həllinə də bu gerçəkdən yanaşılmalı, bu sahədəki problem və çətinliklər tezliklə aradan qaldırılmalıdır.

Leyla Qurbanova

XQ

Təhsil