Milli təhsilimiz yeni dərs ilinə hansı uğurlarla gəlib?

post-img

Azərbaycanda təhsil sistemi 2023–2024-cü tədris ilinə 2,1 milyon təhsilalanla və 300 min təhsil işçisi ilə başlayacaq. Təhsilalanların 220 mini məktəbəqədər, 1,6 milyonu ümumtəhsil, 33 mini peşə, 60 mini orta ixtisas, 220 mini isə ali təhsil müəssisələrindədir. Təhsil sistemi, ümumilikdə, 2,4 milyon insanı əhatə edən geniş bir şəbəkədir. Burada hər il ciddi dəyişikliklər gedir.

Bu tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliy­yət göstərəcək. Həmin məktəblərdə, ümumilikdə, 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək. Zəngilan rayon Ağalı kənd tam orta məktəbi bu tədris ilinə 11 sinif, 120 şa­gird, 15 müəllimlə start verəcək. Ağalı kənd uşaq bağçasında 1 qrup fəaliyyət göstərir. Tərtər rayonunun Talış kənd tam orta məktəbində 7 sinifdə 19 şa­girdə 8 müəllim təhsil və təlim verəcək. Kənd uşaq bağçasında 1 qrup təşkil olunub.

Füzuli şəhər 1 nömrəli tam orta məktəbində 104 şagirdlə 11 sinif təş­kil edilib. Məktəbdə 15 müəllim dərs keçəcək. Laçın şəhər 2 nömrəli tam orta məktəbində 137 şagirddən yaradı­lan 11 sinifdə 16 müəllim tədrisi həyata keçirəcək. Laçın rayonu Zabux kənd tam orta məktəbində də 11 sinif təşkil olunub. Burada 51 şagird təhsil alacaq, onlara 15 müəllim dərs deyəcək. Şuşa şəhər 1 nömrəli tam orta məktəb 12 sinifdə 349 şagird, 25 müəllimlə tədris ilinin ikinci yarısında fəaliyyətə başla­yacaq. 

Ölkənin məktəb infrastrukturu yax­şılaşır. Qəzalı məktəblərin sayı son illərdə 30 faizə qədər azalıb. Hazırda Azərbaycanda 654 məktəbin ya tə­mirə, ya da yenidən tikilməsinə ehtiyac var. Bu sırada iri məktəblərin sayı az­dır, hətta 100-ə qədər məktəb var ki, şagird sayı 30-dan aşağıdır.

***

Son bir il ərzində məktəbəqədər təh­sil müəssisələrinə mərkəzləşmiş qayda­da işə qəbul çərçivəsində 241 tərbiyəçi işə götürülüb. Burada da sertifikatlaşdır­manın həyata keçiriləcəyi nəzərdə tutu­lur. 2026-cı ilə qədər 17 min pedaqoji heyətin təlimlərdən keçirilməsi və serti­fikatlaşdırılması planlaşdırılıb. 

Yeni tədris ilində heç vaxt bağça olmayan kiçik kəndlərdə icma əsaslı qrupların yaradılması davam edəcək. Hazırda 800 qrupda 16 minə yaxın uşaq tərbiyə alır. Özəl-dövlət müəs­sisələrinin partnyorluğuna əsaslanan alternativ modellər üzərində də iş ge­dir. Ümumiyyətlə, bu tədris ilində mək­təbəqədər təhsilə 220 min uşağın cəlb edilməsi gözlənilir.

***

Bu il 7,4 milyon nüsxədə 318 dərs­lik çap olunub. 24 dərslik təkmilləşdiri­lib, 37 yeni dərslik hazırlanıb. Dərsliklər artıq şəhər və rayon məktəblərindədir. 

***

2017–2018-ci ildə 43 məktəbdə 6,5 min şagirdlə başlayan “Rəqəmsal ba­carıqlar” layihəsi artıq 418 məktəbdə 300 min şagirdi əhatə edir. Növbəti təd­ris ilində layihə 53 şəhər və rayondakı 532 məktəbdə 410 min şagird və 3 min müəllimlə davam edəcək. STEAM la­yihəsi 400-dək məktəb və 30-a qədər STEAM mərkəzlərində 180 mindən çox şagirdi əhatə edəcək.

Fiber-optik internetə qoşulan mək­təblərin sayı1300-dür və bu, şagirdlərin 75 faizi deməkdir. 2026-cı ilin sonuna 1500 məktəb dünyaya bu şəbəkə ilə açılacaq.

Hazırda məktəblərdə 11 şagirdə 1 kompüter düşür. Məktəblərə hər il 40-50 min kompüterin verildiyini nəzərə alsaq, 200 min kompüterin alınması ilə 2026-cı ildə bu rəqəm hər 6 şagirddən birinə olan nisbətdə dəyişəcək.

***

Peşə təhsili müəssisələrində ha­zırda 25 minə qədər təhsilalan var. Ali təhsilə keçid imkanı verəcək yüksək texniki peşə təhsili üzrə 1460 nəfər təh­sil alır. Dövlət sifarişli yerlərin sayı 30 faiz artaraq bu tədris ilində 18 mindən çox olacaq. Növbəti tədris ilində peşə təhsili müəssisələrinə tələbə qəbulu sayını 26 minə çatdırmaq planlaşdırı­lıb. Azərbaycan dünyada peşə təhsili üzrə ən vacib yarış olan “WorldSkils” üzvüdür. 

***

Son 10 ildə ali təhsil müəssisələ­rinə tələbə qəbulu 40 faizdən çox artıb. Bu artımda dövlət sifarişli yerlərin payı daha çoxdur. Bu say 2 dəfə çoxalıb. Xüsusən tibb ixtisasları, müəllimlik və İT üzrə dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı dəfələrlə çoxdur.

***

Magistratura səviyyəsi üzrə 2023–2024-cü tədris ilində qəbul 13485 nəfər olub ki, bu da 10 il əvvəl ilə müqayisə­də 3 dəfə çoxdur. 2023–2024-cü tədris ilində tələbə köçürülməsi üzrə 4316 müraciət daxil olub və onların 80 faizi təsdiqlənib.

Hazırladı:
Ə.ƏLİYEV
XQ

Təhsil