Kartof bazarında “qayçı” alıcıları kəsir

post-img

Yerli istehsal və ixrac artsa da, qiymətlər aşağı düşmür

 

Kartof ən çox istehlak olunan qida məhsuludur. Təsadüfi deyil ki, insanların gündəlik qida rasionunda xüsusi yer tutan kartof çox zaman “ikinci çörək” də adlandırılır. Üstəlik, kartof istehlak səbətinin vacib ərzaq məhsulu olduğundan dükan-bazarda ona həmişə yüksək ehtiyac duyulur. 

Bu səbəbdən də kartofçuluq kənd təsərrüfatının gəlirli sahəsi kimi xüsusi aktuallıq kəsb edir. Yəni, çörəyini “ikinci çörək”dən çıxaran kəndli kartofun əkib-becərilməsinə hə­mişə diqqət göstərir, bu vacib nemətin yetişdirilməsi üçün minbir əziyyətə qatlaşmaqdan usanmır. Torpağa basdırdığı hər bir toxumun cücərib boy ataraq üzünü güldürməsinə, gün-güzəranını yaxşılaşdırmasına ümid edir.

Azərbaycanda bu sahəyə maraq həmişə yüksək olub. Ölkəmizdə kar­tofçuluq sahəsində ixtisaslaşan böl­gələr, irili-xırdalı təsərrüfatlar daxili bazarda məhsul bolluğuna mühüm töhfələr verib, hətta bir çox hallarda isə Azərbaycan kartofunun şöhrətini xarici ölkələrdə tanıda biliblər. Elə ölkəmizdə kartofçuluğun inkişafına dövlət tərəfin­dən də lazımı dəstək göstərilir. Kartof əkən fermerlərə həm əsas, həm də təkrar əkinlərə görə subsidiya ödənilir. Hətta bu ildən təkrar kartof əkinlərinə görə ödəniləcək subsidiyanın miqdarı artırılıb. Belə ki, Aqrar Subsidiya Şu­rasının qərarına əsasən, 2023-cü ildə kartof əkən fermerlərə əsas əkinlərə görə bir hektara 280 manat, təkrar əkinlərə görə isə 100 manat subsidiya ödənilib. 

Bəs, hazırda Azərbaycanda bu sahədə vəziyyət necədir? Kartofçuluq­la məşğul olanlar hansı qayğılarla ya­şayır, nə kimi problemlərlə üzləşirlər?

Hər şeydən əvvəl, ölkəmizdə kar­tofçuluğun real mənzərisini əks etdirən statistik rəqəmlərə nəzər salaq. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqat­lar Mərkəzinin məlumatına əsasən, 2022-ci ildə ölkəmizdə kartof əkini sahəsi 2015-ci ilə nisbətən 10,2 faiz, 2021-ci ilə nisbətən isə 2,3 faiz azala­raq 54,8 min hektar olub. Bunun ək­sinə olaraq istehsal göstəriciləri yüksə­lib. Belə ki, 2022-ci ildə kartof istehsalı 2015-ci ilə nisbətən 27,9 faiz, 2021-ci ilə nisbətən 1,2 faiz artaraq 1,1 mil­yon ton təşkil edib. Bu ilin 8 ayında isə ölkəmizdə 868,5 min ton (0,5 faiz çox) kartof istehsal olunub. Qeyd edək ki, hesabat dövründə ən çox məhsul Cə­lilabad, Şəmkir və Tovuz rayonlarında yığılıb. 

Bununla belə, cari ildə də kartof əki­nində azalma var. Belə ki, rəsmi statis­tikaya əsasən, 2023-cü ilin yanvar-may aylarında kartof əkinləri 10,4 faiz və ya 5 min 691 hektar azalmaqla 48 min 990 hektar təşkil edib. Hesabat döv­ründə Qazax-Tovuz iqtisadi rayonun­da 21 min 738 hektar, Lənkəran-Astara iqtisadi rayonunda 10 min 123 hektar, Quba-Xaçmaz iqtisadi rayonunda 4 min 46 hektar, Şəki-Zaqatala iqtisadi rayonunda isə 3 min 917 hektar kartof əkilib.

Göründüyü kimi, son illər ərzində kartof əkini sahələri azalsa da, isteh­sal göstəricisinin artımında dinamiklik müşahidə olunub. Bu, hektarın məh­suldarlığında da özünü göstərib. Belə ki, məhsuldarlıq 2022-ci ildə 2015-ci ilə nisbətən 40 faiz, 2021-ci ilə nisbətən isə 3,5 faiz artaraq 190,4 sentner/hek­tara çatıb. Bu dövrdə ən yüksək göstə­rici Qazax rayonunda qeydə alınıb: hektardan 335 sentner məhsul əldə olunub. Belə yüksək göstərici Cəlila­bad və Ağstafada da müvafiq olaraq 307,5 və 300 sentner/hektar olmaq­la diqqət çəkib. Onu da qeyd edək ki, 2019-cu ildə 56 min 921 hektar sahə­dən 1 milyon 417 ton, 2021-ci ildə 56 min 104 hektar sahədən 1 milyon 621 ton, 2022-ci ildə isə 54,7 min hektar sahədən 1 milyon 74 min ton kartof yı­ğılıb. 

Buradan aydın görünür ki, ölkədə daxili istehlakdan 200 min tona yaxın çox kartof tədarük edilir, üstəlik, hər il xaricdən 150-160 min ton məhsul alınır. Keçən il ölkəyə yığım mövsü­mündən sonrakı dövrdə Rusiya, İran, Türkiyə, Pakistan, Gürcüstan və Bela­rusdan 156 min ton kartof idxal edilib. Həmin vaxt bu məhsulun ixracı isə 7,8 min ton olub. Cari ilin yanvar-aprel ay­larında isə 80 min 416 ton (22 milyon 312 min dollar) kartof idxal edilib, 7 min 778 ton isə (3 milyon 476 min dollar) isə ixraca yönəldilib.

Amma yerli istehsalın statistik göstəricilərinin yüksək olmasına, idxal prosesinin də diqqətdə saxlanılma­sına baxmayaraq, mövsümlə bağlı bahalaşma qeydə alınıb. Məsələn, Aqrar Tədqiqatlar Mərkəzinin müvafiq araşdırmasından aydın olur ki, 2019-2022-ci illərdə, həmçinin bu il karto­fun 1 kiloqramının topdansatış qiyməti 40 qəpik–1manat 10 qəpik arasında dəyişilib. Göründüyü kimi, mövsümi amillərlə bağlı olaraq bu mühüm ərzaq məhslunun qiymətində dəyişiklilklər baş verir. Belə ki, noyabr-dekabr ayla­rında baş verən qiymət artımı, adətən, aprel may-aylarınadək davam edir. 

Yazını hazırlayarkən ölkənin bəzi rayonlarında kartofun mövcud pə­rakəndə satış qiyməti ilə də maraqlan­dıq. Bununla bağlı apardığımız kiçik araşdırmalara əsasən, kartofun 1 ki­loqramının satış qiymətinin Cəlilabad­da 60-70 qəpik, Tovuzda 70-75 qəpik, Qusarda 80-90 qəpik, Gədəbəy və Le­rikdə isə 1 manat olduğunu öyrəndik. Paytaxtın ticarət şəbəkələri ilə qiymət fərqi isə 15-20 qəpik arasında dəyişir. Yeri gəlmişkən, indi həm paytaxtın, həm də bölgələrin dükan-bazarlarında qiymətlər nisbətən münasib olsa da, qarşıdakı aylarda bahalaşma qaçıl­mazdır. 

Bahalaşma isə, əsasən, payız-qış aylarında müşahidə olunan qıtlıqla ba­ğılıdır. Bu məqamda rəsmi statistikaya əsaslanıb onu da deyək ki, ölkədə is­tehsal olunan kartofun həcmi mövcud tələbatı üstələsə də, bu, özünütəmi­netməni doğrultmur, yalnız 88 faizlik göstərici ilə iş bitmiş hesab olunur. Ötən il kartof ixracı və idxalı 2021-ci illə müqayisədə xeyli azalıb: 92 min 350 ton ixrac, 226 min 906 ton idxal həya­ta keçirilib. Bu ilin altı ayında da kartof idxalı və ixracında 2022-ci illə müqa­yisədə azalma qeydə alınıb. Belə ki, cari ilin yanvar-iyun aylarında 83 min 168 ton (23 milyon 62 min dollar) kartof idxal edilib, 71 min 29 ton (30 milyon 989 min dollar) isə ixraca yönəldilib. Ötən ilin eyni dövründə kartof idxalı 26 milyon 309 min dollarlıq 100 ton, ixracı isə 35 milyon 59 min dollarlıq 80 ton olub. Bu isə kartof idxalının dəyər ifa­dəsində 12,4 faiz, həcmcə 17 faiz, ix­racının isə müvafiq olaraq11,6 faiz və 9 faiz azalması deməkdir.

Düzdür, istehsal edilən kartofun 7-10 min tonu ixraca yönəldilsə də, yerli məhsul və idxal hesabına qıtlığı aradan qaldırmaq olmur. Əlbəttə, bura­da hesablamalara görə, kartofun qida məhsullarının istehsalına 5-7 min ton yönəldilməsi, mal-qara və quş yeminə 55-60 min ton işlədilməsi, hətta illik it­kilərin 70 min ton ətrafında dəyişməsi də nəzərə alınsa, qıtlığın və nəticədə bahalaşmanın səbəbi haqqında müəy­yən təsəvvür yaranır. Amma bütün bunlar heç də qeyd edilən bahalaşma amilinə əsas vermir. Çünki rəsmi ərzaq balansında əhalinin illik kartof isteh­lakının 840-845 min ton təşkil etdiyini nəzərə alsaq, bu göstəricinin illik top­lanan və idxal olunan kartofa “uduzma­sı”nın, görünür, əsaslı səbəblər var... 

Rəsmi statistikada cari ilin kartof istehsalı ilə bağlı müvafiq göstəricilə­ri hələ tam açıqlanmasa da, hazırda müəyyən rəqəmlərə əsaslanaraq bu il istehsalda nəzərə çarpan azalmanı şərtləndirən bəzi amilləri diqqətə çat­dırmaq mümkündür. Hələlik isə qısa­ca onu deyək ki, cari il kartof səpini və becərilmə dövründə hava şəraiti əlve­rişli olmayıb, başqa sözlə, yağıntılı və soyuq keçib. Yağışların dərmanlama­nı çətinləşdirdiyindən zərərvericilərə qarşı mübarizə çətinləşib. Basdırılan toxumların müəyyən hissəsinin çü­rüməsi isə məhsuldarlığa mənfi təsir göstərib. 

Bu məsələ ilə bağlı söhbət etdiyi­miz mütəxəssislər bildirdilər ki, daxili bazarın yerli kartofla təmin olunma­sında nəzərə çarpan problemlərin bir sıra səbəbləri var. Bunlardan biri və bəlkə də əsası respublikamızda kar­tofa yararlı əkin sahələrinin azlıq təş­kil etməsidir. Düzdür, respublikamızın qərb bölgəsində – Tovuz, Şəmkir, Gə­dəbəy, Qazax və Cəlilabad rayonların­da, eləcə də müəyyən qədər Qusar­da kartofçuluğun inkişafı baxımından əlverişli şərait olsa da, bu, istehlakın tam qarşılanmasını təmin edə bilmir. Toxumluq kartofla bağlı mövcud şə­rait də bol məhsul üçün əlverişli zə­min yaratmır. Çünki əvvəla, toxumluq kartofa yarayan ərazi azdır. Gədəbəy, Tovuz və Daşkəsənin dağlıq hissələ­ri bunun üçün əlverişli sayılsa da, bu, kifayət etmir, toxumçuluq coğrafiyasını genişləndirməyə ciddi zərurət duyulur. Torpaq və iqlim şəraiti isə buna imkan vermir. Çünki kartof toxumunu dəniz səviyyəsindən 1200 metr yüksəklik­də olan əkin sahələrində yetişdirmək mümkündür. Amma sadalanan rayon­larda keyfiyyətli kartofun yetişdirilmə­sində heç bir problem yoxdur. Ölkə­mizdə bu çür ərsəyə gələn məhsul isə dad keyfiyyətinə və kimyəvi tərkibinə görə təkcə yerli istehlakçılar tərəfindən deyil, xaricdə də yüksək dəyərləndirilir. 

Kartofçuluğun bitib-tükənməyən problemlərini kəndlinin öz dilindən eşi­dək: Cəlilabadlı fərdi təsərrüfat sahibi Fətiağa Qarayev deyir ki, son illər ra­yonda kartofçuluq sahəsində böyük problemlər yaşanır. Həmin problem­lərdən ən başlıcası su çatışmazlığı ilə bağlıdır. Onun sözlərinə görə, yaz ay­larında su qıtlığı səbəbindən bostanları vaxtlı-vaxtında suvarmaq mümkün ol­mur. Bu da məhsuldarlığın azalmasına gətirib çıxarır. Çıxış yolunu rayondakı çayların yaxınlığında su hövzələrinin yaradılmasında görən təsərrüfat rəh­bəri deyir ki, yaz aylarında həmin sutu­tarlarda kifayət qədər ehtiyat toplamaq mümkündür. 

Xərci qazancını üstələyən F. Qara­yev gübrələrin həddindən artıq baha ol­masından da narazıdır. Onun dediyinə görə, əkin zamanı torpağın alt qatına verilən gübrənin 50 kiloqramlıq kisəsi­ni 2019-cu ilədək “Aqrolizinq”in xətti ilə güzəştli şərtlərlə 11 manata əldə etdiyi halda, indi bunun üçün 60-65 manatın­dan keçməli olur. 

Fətiağa Qarayev kimi digər fer­merləri və fərdi təsərrüfat sahiblərini narahat edən başqa bir məsələ toxum­çuluqla bağlıdır. Belə ki, vaxtilə 1 kiloq­ramı 60 qəpiyə olan toxumluq kartof bu il 1 manat 20 qəpiyədək bahalaşıb. Cəlilabadlı təsərrüfat sahiblərinin bu il yazlıq kartofun 1 kiloqramını 35-40 qəpiyə satdıqlarını nəzərə alsaq, xər­cin gəliri üstələdiyini asanlıqla söyləyə bilərik. 

Sirr deyil ki, bu gün əkin-biçin ada­mı min bir əziyyətlə yetişdirdiyi məh­sulu bazara çıxarmaqda çətinlik çəkir. Elə cəlilabadlı fermerlər də kartofdan yaxşı gəlir əldə edə bilərdilər. Necə deyərlər, əgər bazarları bazar olsay­dı... Məsələn, Fətiağa kişi deyir ki, bu il özünəməxsus sahədən bol məhsul əldə etsə də, bazarın olmaması səbə­bindən təsərrüfatını inkişaf etdirmək məqsədilə bankdan götürdüyü kredi­ti böyük çətinliklə qaytara bilib. Fer­merlər çıxış yolu kimi, kartofun böyük hissəsini Rusiya bazarlarına göndərə bilsələr də, bu ölkənin milli valyutası­nın dəyər itirməsi səbəbindən heç bir qazanc yiyəsi olmayıblar. Söhbət etdi­yimiz fermerlər deyirlər ki, isti aylarda kartofu saxlamaq çətin olduğundan rayon ərazisində saxlama anbarlarının yaradılmasına ehtiyac var.

Yeri gəlmişkən, bir sıra hallarda ixrac olunan kartof xaricdə yoxlandıq­dan sonra keyfiyyətsizliyinə görə geri qaytarılır, yaxud məhv edilir. Mütəxəs­sislərin fikrincə, belə bir vəziyyətlə, əsasən, əmtəəlik deyil, toxumluq məh­sulun yoxlanışı zamanı rast gəlinir. Çox güman ki, həmin idxal toxumluq kartof xaricdən gətirilən zaman xəstə olur, burada yenidən əkilərək ixraca yönəldilir. Belə zay toxumluq məhsulu respublikaya gətitib əkmək isə heç bir əndazəyə sığmır. Çünki onun tərkibin­də elə xəstəliklər var ki, torpaqda illərlə qalır. Torpağa sirayət etmiş bu xəstəlik­dən xilas olmaq isə çox çətindir. Ona görə də həmin məhsulların məhv edil­məsi düzgün addımdır.

Qeyd edək ki, son illər Azərbayca­na kartof toxumları, əsasən, Rusiya Federasiyası, Ukrayna Respublikası, Gürcüstan Respublikası, Niderland Krallığı və Türkiyə Respublikasından gətirilir. Qeyd etdiyimiz kimi, ölkəyə kə­nardan gətirilən kartof isə çox zaman istifadəyə yarasız olur. Qida Təhlükə­sizliyi Agentliyinin məlumatına əsasən, laborator müayinələr zamanı kartof yumrularında halqavari bakterial çü­rümə və fitopatogen bakteriyalar (qo­nur çürümə) aşkar edilib. Həmin fakt­larla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin əvvəl­lərində İrandan və Rusiyadan ölkəmizə gətirilən 700 tondan artıq keyfiyyətsiz kartof məhv edilib. Həmin məhsulların daxili bazara yol tapması isə, son nəti­cədə, kartof təsərrüfatında ciddi prob­lemlər yaradar, məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olardı. 

Eyyub HÜSEYNOV, 
Azad İstehlakçılar Birliyinin sədri

Ölkənin kartof bazarında uzun illərdir ki, böyük çaşqınlıq, qey­ri-müəyyənlik var. Hazırda bu sahə­də istehlakçıları narazı salan amil­lər çoxdur. Kartofun növ dəyişikliyi, əhalinin dadına, tamına öyrəşdiyi kartofun tədricən yoxa çıxması və ya məhsuldarlığın aşağı düş­məsi, dərmanların təsirsizliyi kimi məsələlər bu baxımdan ciddi nara­hatlıq yaradır. 

Ölkəmizin əsas kartofçuluq ra­yonu olan Gədəbəydə növ dəyişik­liyi Azad İstehlakçılar Birliyini daim narahat edir. Belə ki, vaxtilə Azər­baycana humanitar yardım olaraq verilən və heç bir yoxlamadan keçi­rilməyən kartof sortları bir çox yer­lərdə olduğu kimi, Gədəbəydə də əkinçiliyə cəlb olunub. Həmin növ kartoflar Kolorado böcəyinə dözüm­lü olmasına baxmayaraq, geninə müdaxilə edilmiş sortlardır. Məlum olduğu kimi, sözügedən ziyanveri­ci kartofun yarpaqlarını yediyindən məhsuldarlıq aşağı düşürdü. Bunun qarşısını almaq üçün Kolorado bö­cəyinə dözümlü yeni kartof sortları yetişdirildi. Belə sortlara isə ziyan­verici böcəklər heç bir halda yaxın dura bilmir. Bununla belə, Kolorado böcəklərinin yem bazası azadlığın­dan təbiətin zəncirvari reaksiyası baş verib. Yəni, bu növ həşərat­larla qidalanan canlılar da məhv olub. Düzdür, bunlar yalnız vizual, məsələnin görünən tərəfləridir.

Hazırda Azərbaycan bazarın­da kartofun 1 kiloqramının qiyməti 60 qəpikdən 2 manatadək dəyişir. 2 manata satılan içi ağ Gədəbəy kartofudur. Rusiyadan idxal edilən kartofun topdansatış qiyməti 60, pə­rakəndə satışı isə 70 qəpikdir. Heç şübhəsiz, istehlakçıların əksəriyyəti Gədəbəy kartofuna daha çox üstün­lük verir. Bununla belə, hazırda daxi­li bazarda kartofun 20-yə yaxın növü mövcuddur. Qeyd etmək istəyirəm ki, ayrı-ayrı regionlar üçün uyğun­laşdırılmış növlər bəzən yaxşı bar versə də, müəyyən hallarda lazımı məhsuldarlıq əldə etmək mümkün olmur. Burada kimyəvi dərmanların da çox böyük rol oynamasını demə­liyik. Elə əhalidən gələn məlumatlar da son illər kimyəvi dərmanların tə­sirinin azlığını təsdiq edir. Bununla yanaşı, kartofçuluqda gübrələrin də az təsirli olmasından çox danışılır. Bu da son nəticədə gübrələrdən daha çox istifadəyə yol açır. Biz hər il sadə bir cihazla kartofun tərkibində olan nitratların miqdarını yoxlayırıq. Təəssüflər olsun ki, kənd təsərrüfatı ilə məşğul olanlar yüksək məhsul­darlıq əldə etmək üçün gübrələrdən geniş istifadə edirlər. Nəticədə, kar­tofun tərkibində nitratların miqdarı əksər hallarda normadan 70 faiz çox olur. Əlbəttə bu, yolverilməzdir. Çün­ki belə hallar istehlakçıların tədrici zəhərlənməsinə gətirib çıxara bilər. 

Ölkənin cənub bölgəsində–Lerik və Yardımlı rayonlarında əhalinin, necə deyərlər, “dağ kartofu” adı ilə böyük məmnuniyyətlə almaq istədi­yi kartofda da məhsuldarlığın aşağı düşməsi tendensiyası barədə bizə məlumatlar daxil olur. Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi elə bir iş aparmalıdırlar ki, ölkədə kartof­çuluğun inkişafı vüsət alsın. Bunun üçün, ilk növbədə, gen dəyişikliyinə uğramış kartof sortları toxumçuluq­dan çıxarılmalıdır. 

Son illər bir çox kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasın­da möhtəkirlik hallarına da təsadüf olunur. Bir misal çəkim: Cəlilabad rayonunda kartofçuluq çox yaxşı inkişaf edirdi. Bu il problemlər ora­da da özünü ciddi şəkildə göstərdi. Problem isə, əsasən, məhsulun sa­tılması ilə bağlı idi. Belə ku, xüsu­su bir alverçilər dəstəsi meydana çıxıb. Mənə verilən məlumata görə, onların vasitəçiliyi olmadan kartofu əkinçidən alıb topdansatışını həya­ta keçirmək mümkün deyil. Kartof istehsalçıları bununla bağlı müvafiq qurumlara müraciət etsələr də, al­verçilərin qarşısını ala bilməyiblər. Nəticədə, alın təri ilə yetişdirdiklə­ri məhsul onların zərərinə olan bir təsərrüfat fəaliyyəti ilə yekunlaşıb.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son illər əkin-biçin adamı kənd təsərrüfatının idarə olunmasında elmi nailiyyətlərdən istifadədən xeyli uzaq düşüblər. Xüsusən də fərdi təsərrüfatlar bu məsələdə daha çox çətinlik çəkirlər. Düşünürəm ki, ölkəmizdə Koopera­siya haqqında qanunun işlənməsi çox vacibdir. Bu da aqrar sahədə çalışan fərdi təsərrüfatların koo­perasiyada birləşməklə suvarma mənbələrindən, ziyanvericilərə qar­şı mübarizə imkanlarından, eləcə də elmi-tədqiqat institutlarının töv­siyələrindən kompakt, səmərəli şə­kildə istifadə etməyə imkan yaradar. Azərbaycanda kartofçuluğun inkişa­fı yüksək səviyyəyə çatdırılmalıdır ki, daxili bazar Rusiyadan və digər ölkələrdən asılılı olmasın.

Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ







Sosial həyat